Məhkəmə qərarları › İş №3(004)-3293/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3293/2021

16.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3293/2021 16.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X3 iclas katibliyi ilə Qərarından şikayət verilən Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi X4, X1 iştirakları ilə, X1 Bakı Nəqliyyat Agentliyinin 06 dekabr 2021-ci il tarixli BNA seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7 şikayətlə məhkəməyə müraciət edərək barəsində Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 06 dekabr 2021-ci il tarixli BNA seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, 14 noyabr 2021-ci il tarixdə saat 17:25 radələrində A.M.Şərifzadə küçəsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 52-ci maddəsinin 1-ci hissəsinin tələbinə riayət etməyərək yolun hərəkət hissəsində, 2-ci cərgədə saxlamaqla İnzibati Xətalat Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyinə görə barəsində BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin protokola əalvə olunan şəkillərdə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı oxumaq mümkün olmamışdır. 18 noyabr 2021-ci il tarixdə BNA-ya müraciət etdikdən sonra 25 noyabr 2021-ci il tarixli 07- 13239/B13782 saylı cavab məktubunda həmin şəkilləri oxunmaz dövlət qeydiyyat nişanı ilə bərabər altında ona məxsus **-BS-*** qeydiyyat nişanının balaca şəkilləri əlavə edilmişdir. Həmçinin bildirmişdir ki, protokola əlavə olunan iki şəkil ayrı vaxtlarda çəkilməsinə baxmayaraq eyni bucaq altında çəkilib və şəkillərin avtomatik rejimdə çalışan avadanlıqlarla çəkildiyini bildirirlər ki, bu da İXM-nin 122-ci maddəsinin tələbini pozur. Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 06 dekabr 2021-ci il tarixli BNA seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək, barəsində Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində xətanın tərkibi olmaması əsası ilə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X7 şikayət ərizəsinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 06 dekabr 2021-ci il tarixli BNA seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etdi. Qərarından şikayət verilən orqan Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi X6 məhkəmə iclasında göstərmişdir ki, Bakı Nəqliyyat X2 barəsindəki BNA seriyalı ******* saylı, 06 dekabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı qanunidir. X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, X7 idarə etdiyi “Kia Cerato” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 14 noyabr 2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, X12 küçəsində (Kamal Rəhimov küçəsi ilə Xıdır Mustafayev küçəsinin kəsişməsində), saat 17:22:28-dən 17:25:01-dək yolun hərəkət hissəsinin sağ tərəfində cərgə sırasını pozaraq saxlamışdır. Halbuki “Yol hərəkəti haqqında” Qanunun 52-ci maddəsinin l-ci hissəsinə əsasən, nəqliyyat vasitələrinə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Lakin inzibati xəta hadisəsini fiksə edən fotoşəkillərdən göründüyü kimi həmin avtomobil cərgə sırasını pozmuş və bu da nəqliyyat vasitələrinin hərəkətini məhdudlaşmasına səbəb ola bilər. İXM-nin 346.1-ci maddəsinə əsasən, dayanma və ya durma qaydalarını pozmağa görə iyirmi manat məbləğində cərimə edilir. Agentlik tərəfindən İnzibati Xətalar Məcəlləsinin 346.1-ci və 346.2-ci maddələrində göstərilən inzibati xətalar haqqında işlər üzrə icraat həmin Məcəllənin 122-ci maddəsi əsasında deyil, məhz 124.5-ci və 124.6-cı maddələri üzrə aparılır. Qeyd edilən maddələr üzrə icraatın aparılmasının təmini ilə bağlı tərəfimizdən paytaxtın müxtəlif ərazilərində kameralar quraşdırılmış və Agentliyin əməkdaşları tərəfindən kameralar vasitəsi ilə müntəzəm müşahidə aparılaraq inzibati xəta törədilməsi faktı aşkar edilir. Sözügedən kameralardan istifadə olunaraq dayanma və durma qaydalarını pozmuş sürücülərin nəqliyyat vasitələrinin fotoşəkillərinin təsbit edilməsi inzibati xəta hadisəsinin səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilməsinə dəlalət edir və bu Məcəllənin 124-cü maddəsinin tələbləri ilə birbaşa uzlaşır. İcraatın bu qaydada aparılması İnzibati Xətalar Məcəlləsinin 57.6-cı maddəsinə, habelə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyul tarixli 181 nömrəli Fərmanına da uyğundur. Bildiririk ki, İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsində nəzərdə tutulmuş maddələr üzrə inzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydası göstərilmişdir. Yəni 122.1-ci maddə İXM-in digər maddələri üzrə inzibati xəta hadisələrini aşkar edilməsini qadağan etmir və məhdudlaşdırmır, sadəcə müvafiq maddələr üzrə icraatın aparılması qaydasını müəyyənləşdirir. Foto və video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə nəyin ki 122.1-ci maddə göstərilən İXM-in xüsusi hissəsinin maddələri üzrə hətta digər maddələr üzrə də inzibati xəta hadisələri aşkar edilərək, inzibati iş üzrə icraata başlanıla bilir. Digər tərəfdən bildiririk ki, 346.1-ci və 346.2-ci maddələrində göstərilən inzibati xəta hadisəsini təsdiq edən foto və video materiallar sübut növü kimi xüsusi texniki vasitələrin göstəricilərinə deyil, məhz sənədlərə aiddir. Çünki Məcəllənin 80.2-ci maddəsinə görə, fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. Beləliklə Bakı Nəqliyyat Agentliyinin 06 dekabr 2021-ci il tarixli BNA/1859954 saylı inzibati tənbeh vermə haqqında qərarları mövcud qanunvericiliyin tələblərinə uyğun qəbul edildiyindən X5 şikayətləri əsassızdır və təmin edilməməlidir. Məhkəmə şikayətçinin izahatını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, X7 əməlində İXM-in 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində qəbul edilmiş 06 dekabr 2021-ci il tarixli BNA seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərar ləğv edilərək başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 06 dekabr 2021-ci il tarixli BNA seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, X7 Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Qeyd olunan qərarda inzibati xətanın baş vermə vaxtı və yeri 14 noyabr 2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, X12 küçəsi (Kamal Rəhimov küçəsi – Xıdır Mustafayev küçəsi) kimi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdə bir ədəd dövlət qeydiyyat nişanı oxunmayan nəqliyyat vasitəsi yolun sağ kənarında dayanmışdır. Qeyd edilən 06 dekabr 2021-ci il tarixli BNA seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, qərarda istinad edilən törədilməsi ehtimal olunan inzibati xəta hər hansı bir sübutla təsdiq edilməmişdir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 52-ci maddəsinin 1-ci bəndinə əsasən Nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində — yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. İnzibati xəta haqqında protokola əlavə edilmiş fotoşəkillərdə əks olunan dövlət qeydiyyat nişanının müəyyən edilməsi mümkün olmayan boz rəngli avtomobil digər avtomobillərlə bir cərgədə dayanmışdır. X7 tərəfindən Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsində göstərilən inzibati xətanın törədilməsi sübuta yetirilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən Dayanma və ya durma qaydalarını pozmağa görə - iyirmi manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 52-ci maddəsinin 1-ci bəndinə əsasən Nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində — yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Yanqoşqusu olmayan motosikletlər, mopedlər və velosipedlər yolun hərəkət hissəsinin kənarında iki cərgədə dayana və dura bilərlər. Şəxsin əməlində inzibati xətanın elementlərindən olan obyektiv və subyektiv cəhətlər yoxdur. Belə bir vəziyyətdə şəxsin inzibati xətanın törədilməsində qəsdinin və ya ehtiyatsızlığının nədən ibarət olmasına dair də sübut təqdim etməmişdir. Ümumiyyətlə bunları təsdiq edən sübut toplamamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 06 dekabr 2021-ci il tarixli BNA seriyalı ******* nömrəli qərar ləğv edilməlidir. Belə ki, X5 əməlində inzibati xəta tərkibinin əlamətləri aşkar edilməmişdir. Şəxsin təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədiyi üçün, qərar ləğv edilməli, həmin əməlin törədilməsində təqsirsiz bilinməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X5 şikayəti təmin olunsun. X7 barəsində qəbul edilmiş Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 06 dekabr 2021-ci il tarixli BNA seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 06 dekabr 2021-ci il tarixli BNA seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mərkəzi İnformasiya sistemində X5 barəsində yerləşdirilmiş inzibati cərimə silinsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar