Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-3295/2022 14.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlu, Şəxs ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1, 266.1 və 266.2-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında işi nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs Açıq Səhmdar Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1, 266.1 və 266.2ci maddələri ilə tərtib etdiyi MN ******* nömrəli, 17 may 2022-ci il tarixli inzibati xəta haqqında protokol baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(002)-630/2022 nömrəli qərardadından görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs ASC -nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1, 266.1 və 266.2ci maddələri ilə tərtib olunmuş 17 may 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin məhkəmənin qərardadında işin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsi əsası kimi göstərilmişdir ki, məhkəmə iclasında Şəxs ASC-nin nümayəndəsi X1 vəsatət verərək hüquqi şəxsin olduğu yer Yasamal rayonunda yerləşdiyindən materialın aidiyyəti üzrə həmin rayon məhkəməsinə göndərilməsi xahişi olmuşdur. Ona görə də Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi hesab etmişdir ki, ASC-nin hüquqi ünvanı Yasamal rayonu ərazisi olduğu üçün, həmin işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmalıdır. Lakin həmin əsaslandırmanın hüquqi əsası və faktiki əsası ilə razılaşıla bilinməz. Buna görə də işin məhkəmə aidiyyətinin müəyyən edilməsi məsələsində həmin məhkəmənin qərardadındakı qeyd edilənlərlə (qərardakı mövqe ilə) fikir ayrılığı yaranır. Belə ki, həmin məhkəmənin qərardadında da qeyd edilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Hazırkı inzibati xəta haqqında protokol İnzibati Xətalar Məcəlləsinin 264.0.1, 266.1 və 266.2-ci maddələrindəki əmələ, yəni su obyektlərinin mühafizəsi qaydalarının pozulması və İstehsalat və məişət tullantıları haqqında qanunvericiliyin pozulması əməlinə görə tərtib edilmişdir. Səlahiyyətli orqan tərəfindən tərtib olunan protokolun məzmunundan görünür ki, Azərsu ASC-nin balansında olan Sahil qəsəbəsindəki təmizləyici qurğudan istifadə edilməmiş, tullantı suları hər hansı bir təmizləmə aparılmadan bir başa Xəzər dənizinə axıdılmışdır. Bakı şəhəri Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır. Belə olduğu təqdirdə inzibati xətanın törədildiyi yer, yəni çirkab suların təmizləyici qurğudan keçirilmədən bir başa Xəzər dənizinə axıdılaraq qanunvericiliyin tələbinin pozulması Qaradağ rayonu ərazisidir. Belə olduğu təqdirdə inzibati xəta haqqında işin ərazi aidiyyətinin müəyyən edilməsi məsələsində hüquqi şəxsin hüquqi ünvanının harada yerləşməsi əhəmiyyət kəsb etmir. Hüquqi şəxsin hüquqi ünvanının harada yerləşməsindən asılı olmayaraq, həmin hüquqi şəxsin təqsirləndirildiyi əməlin törədildiyi yer, İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsindəki yerdir. X2 Məcəlləsinin 110.1-ci maddəsinin 2-ci cümləsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında iş onun yaşadığı yer üzrə baxıla bilər və İnzibati Xətalar Məcəlləsinin 52.2- ci maddəsinə əsasən vəsatət yazılı formada verilir. Bununla belə protokol hüquqi şəxs barəsində tərtib edildiyindən, hüquqi şəxsin yaşayış yeri olmur. Ona görə də hüquqi şəxsə münasibətdə bu cür vəsatət istisna edildiyindən, inzibati xəta haqqında işə yalnız inzibati xətanın törədildiyi yerdə baxılmalıdır. Yuxarıda göstərilənlər işin ərazi aidiyyəti üzrə göndərilməsi barədə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qərardadında qeyd edilənlərlə fikir ayrılığının yaranmasına səbəb olmuşdur. Bu fikir ayrılığı qərarın qanuniliyinə və əsaslılığına hüquqi qiymət vermə kimi qəbul edilə bilməz. Yaranmış fikir ayrılığına hüquqi qiymət vermə apellyasiya məhkəməsinin səlahiyyətlərinə aid edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Beləliklə, hazırda məhkəmələr arasında məhkəmə aidiyyətinin müəyyən edilməsi barədə fikir ayrılığı yarandığından Şəxs ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1, 266.1 və 266.2-ci maddələri ilə tərtib olunan inzibati materialın məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 118, 129-cu maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsindən daxil olmuş Şəxs ASC -nin barəsində İnzibati Xətalar Məcəlləsinin 264.0.1, 266.1 və 266.2-ci maddələri ilə başlanmış inzibati xəta haqqında işin ərazi aidiyyətinin müəyyən edilməsində yaranmış fikir ayrılığının həll edilməsi üçün iş Bakı Apelyasiya Məhkəməsinə göndərilsin. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-3295/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-3295/2022
14.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver