Məhkəmə qərarları › İş №3(004)-3297/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3297/2025

12.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3297/2025 12.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X3 iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 326-2.3-cü maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən daxil olmuş inzibati xəta haqqında materiala Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 326-2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Bakı Regional İdarəsinin Sərnişin Daşıma Şöbəsinin inspektoru X8 tərəfindən tərtib edilmiş 14 may 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs MMC tərəfindən xx.xx.2025ci il tarixdə saat 11:56 və 12:11-də Nizami rayonu ərazisində “Lada” **-CF-***, “Toyota” **- VJ-*** dövlət qeydiyyat nişanlı taksi minik avtomobillərinə verilmiş taksi sifarişləri barədə məlumatların “AYNA” İS-ə ötürülməsi mexanizminin yaradılmaması və fəaliyyət göstərməməsi müəyyən edilmişdir. Buna görə də Şəxs MMC-nin barəsində İXM-nin 326- 2.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X9 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək bildirmişdir ki, xx.xx.2025-ci il saat 11:56 və 12:11-də əməkdaşlar tərəfindən Nizami rayonu ərazisində “Maxim” mobil tətbiqi vasitəsi ilə müvafiq olaraq iki taksi sifarişi verilmişdır. Mobil tətbiqdə gümüşü rəngli “Lada Kalina” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomaşının və gümüşü rəngli “Toyota Corolla” markalı **-VJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin gələcəyi göstərilmiş, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomaşın gəlmiş, lakin “Toyota Corolla” markalı **-VJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin əvəzinə “Toyota Corolla” markalı **-XE-*** dövlət qeydiyyat nişanlı avtomaşın gəlmişdir. Yoxlama zamanı hər iki maşının (“Lada” **-CF-***, “Toyota” **-VJ-***) buraxılış kartının olmadığı və “AYNA” İS-də məlumatların ötrülməsi mexanizmi sistemi yaradılmaması aşkar edilmişdir. Bununla bağlı əməkdaşlar tərəfindən akt tərtib edilmiş, həmçinin müvafiq fotoşəkillər çəkilmişdir. Həmin akt və fotoşəkillər inzibati xəta haqqında iş materiallarına əlavə edilərək məhkəməyə təqdim edilmişdir. Belə ki, taksi sifarişi operatorları hər bir taksi sifarişi üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən adsızlaşdırılmış məlumatların, o cümlədən sürücünün iş və istirahət rejimlərinə riayət olunmasına nəzarət məqsədilə sürücü barədə məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə real vaxt rejimində ötürülməsini təmin etməlidirlər. Yekun olaraq Şəxs MMC barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, iş materiallarında olan fotoşəkillərdəki nəqliyyat vasitələri onların əməkdaşları tərəfindən taksi sifarişi edilərkən çəkildiyini, Şəxs MMC tərəfindən həmin taksilər tərəfindən sifaişlərin qəbul edilməsi və qanunvericiliklə müəyyən edilmiş Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə ötürülməli məlumatların həmin cəmiyyət tərəfindən ötürülmədiyini, ümumiyyətlə cəmiyyət tərəfindən həmin proqram təminatının düzgün yaradılmadığını və fəaliyyət göstərmədiyini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, hüquqlarını təmsil etdiyi cəmiyyət barəsində tərtib edilmiş protokol əsassızdır. AYNA tərəfindən protokolu qəbul edərkən işi tam və hərtərəfli araşdırmamış, iş üzrə gəldiyi nəticə obyektiv deyildir. AYNA-nin nümayəndəsi Şəxs MMC-nin Maxim sistemi vasitəsilə yaradılan taksi sifarişləri ilə bağlı məlumatların ötürülməsini inkar etmir, lakin texniki problemlər ola bilər və lazımi məlumatların tam ötürülməsinə imkan vermir (ötürülmüş məlumatların bir hissəsi şirkət tərəfindən AYNA sisteminə çatmır). Şəxs MMC taksi sifarişi operatoru olaraq qanunun tələblərinə əməl olunması üçün zəruri tədbirlər görüb, lakin sistem şirkətin özündən asılı olmayaraq, müəyyən məlumatlar real vaxt rejimində ötürülməmişdir. Məlum olduğu kimi, Şəxs MMC sistemin inteqrasiyasını AYNA-nın təqdim etdiyi “APİ” (X1, yəni X6) vasitəsilə həyata keçirib. Bu inteqrasiyanın qurulması üçün işçilər bir sıra texniki tədbirlər həyata keçirilir. Bu hallar şirkətin davranışını vicdanlı davranış kimi səciyyələndirir və şirkətin müəyyən edilmiş inzibati xətanı törətmək və hər hansı qeyri-qanuni mənfəət əldə etmək məqsədinin olmadığını təsdiqləyir. AR İXM-nin 326-2.3-cü maddəsinə əsasən taksi sifarişi operatorlarının informasiya sistemlərində olan taksi sifarişləri, habelə sürücünün iş və istirahət rejimi ilə bağlı məlumatların “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə real vaxt rejimində ötürülməsini təmin edən mexanizmin yaradılmamasına və ya həmin mexanizmin fəaliyyət göstərməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulur. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununun 15-1.1-ci maddəsinə müvafiq olaraq taksi sifarişi operatorları, “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələbləri nəzərə alınmaqla, fərdi məlumatların informasiya sistemlərini dövlət qeydiyyatından keçirməli və həmin Qanunun 5.9-cu maddəsinə əsasən fərdi məlumatların mühafizəsi ilə bağlı tələblərə riayət etməlidirlər. Taksi sifarişi operatorları hər bir taksi sifarişi üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən adsızlaşdırılmış məlumatların, o cümlədən sürücünün iş və istirahət rejimlərinə riayət olunmasına nəzarət məqsədilə sürücü barədə məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə real vaxt rejimində ötürülməsini təmin etməlidirlər. Göründüyü kimi qeyd edilən qanunun 15-1.1-ci maddəsinə və AR İXM-nin 326-2.3-cü əsasən vaxt rejimində ötürülməsini təmin edən mexanizmin olmadığı təqdirdə cərimə olunması müəyyən edilib, halbuki Şəxs MMC taksi sifarişi operatoru olaraq qanunun tələblərinə əməl olunması üçün zəruri tədbirlər görüb, lakin şirkətin özündən asılı olmayaraq, müəyyən məlumatlar real vaxt rejimində ötürülməmişdir. Yuxarıda qeyd olunları nəzərə alaraq hesab edirlər ki, Şəxs MMC tərəfindən inzibati xəta törədilməmişdir, inzibati xəta hadisəsi olmamışdır və İnzibati Xətalar Məcəlləsinin heç bir maddəsinin tərkibi yaranmamışdır. Əlavə olaraq bildirmişdir ki, 14 may 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun izahat hissəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Bakı Regional İdarəsinin Sərnişin Daşıma Şöbəsinin inspektoru X8 tərəfindən X2 izahatı alınmışdır. Halbuki sonuncu səlahiyyətli şəxs olmamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 14 may 2025-ci il tarixli Şəxs MMC tərəfindən verilmiş etibarnamədən görünür ki, Taxi Omega” MMC şirkəti işçisi X5 Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində şirkəti təmsil etməyi həvalə etmişdir. Etibarnamə xx.xx.2025-ci il tarixinədək etibarlıdır. 14 may 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC barəsində İXM-nin 326-2.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokolun izahat hissəsində Şəxs MMC-ni 14 may 2025ci il tarixli etibarnamə üzrə təmsil edən X7 bildirmişdir ki, qeyd olunan nöqsanlar var, tez bir zamanda aradan qaldırılacaq. “Taksi sifarişi operatorları tərəfindən avtomobil nəqliyyatı haqqında qanunvericiliyin pozulması haqqında” 13 may 2025-ci il tarixli aktdan görünür ki, Şəxs MMC tərəfindən **- CF-***, **-VJ-*** dövlət qeydiyyat nişanlı taksi minik avtomobilləri ilə özünün müvafiq informasiya sistemində olan taksi sifarişlərinin, sürücünün iş və istirahət rejimi ilə bağlı məlumatların Avtomobil Nəqliyyatı haqqında Azərbaycan Respublikası Qanununun 15- 1.1-ci maddəsinin, həmçinin Taksi sifarişi operatorları tərəfindən hər bir taksi sifarişi üzrə real vaxt rejimində ötürülən adsızlaşdırılmış məlumatların, o cümlədən sürücünün iş və istirahət rejimlərinə riayət olunmasına nəzarət məqsədilə sürücü barədə məlumatların siyahısının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 mart 2024-cü il tarixli 144 nömrəli Qərarın tələblərinə əməl edilməyərək “AYNA” informasiya sisteminə real vaxt rejimində ötürülməsini həyata keçirməmişdir. “AYNA” informasiya sistemindən olan çıxarışlardan görünür ki, **-CF-***, **-VJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin buraxılış vərəqələri barədə hər hansı bir məlumat elektron sistemdən aşkar edilməmişdir. Məhkəmə tərəflərin izahatlarını, iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs MMC-in Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, səlahiyyətli orqanın nümayəndəsinin izahatı, habelə digər sübutlarla tam sübuta yetirilmiş və əməl düzgün olaraq İXM-in 326-2.3-cü maddəsi ilə tövsif edilmişdir. Hüquqi şəxsin hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsir tam sübuta yetirildiyinə görə hüquqi şəxs inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. “Avtomobil Nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 15-1.1-ci maddəsinə əsasən taksi sifarişi operatorları, “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələbləri nəzərə alınmaqla, fərdi məlumatların informasiya sistemlərini dövlət qeydiyyatından keçirməli və həmin Qanunun 5.9-cu maddəsinə əsasən fərdi məlumatların mühafizəsi ilə bağlı tələblərə riayət etməlidirlər. Taksi sifarişi operatorları hər bir taksi sifarişi üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən adsızlaşdırılmış məlumatların, o cümlədən sürücünün iş və istirahət rejimlərinə riayət olunmasına nəzarət məqsədilə sürücü barədə məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə real vaxt rejimində ötürülməsini təmin etməlidirlər. “Taksi sifarişi operatorları tərəfindən hər bir taksi sifarişi üzrə real vaxt rejimində ötürülən adsızlaşdırılmış məlumatların, o cümlədən sürücünün iş və istirahət rejimlərinə riayət olunmasına nəzarət məqsədilə sürücü barədə məlumatların siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 mart 2024-cü il tarixli 144 nömrəli Qərarına əsasən Taksi sifarişi operatorları tərəfindən “AYNA” informasiya sisteminə 1. taksi minik avtomobilinin hər bir statusuna uyğun olaraq tarix və vaxt; 2. taksi sifarişinin statusu (aktiv (sürücü sərnişini götürməyə gedir), imtina edilib (sifariş sərnişin və ya sürücü tərəfindən ləğv edilib), icra edilir (daşıma həyata keçirilir), icra edilib (daşıma başa çatıb); 3. taksi sifarişinin hər bir statusuna münasibətdə tarixi və vaxtı; 4. taksi sifarişi üzrə tətbiq olunan tarif, gediş haqqı və gediş haqqının ödənişi üsulu (nağd və ya nağdsız qaydada); 5. daşıyıcının vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamə üzrə məlumat; 6. taksi minik avtomobilinin dövlət qeydiyyat nişanı; 7. taksi minik avtomobilinin yeri, marşrutu və sürəti; 8. taksi minik avtomobilinin sifariş statusu (boşdur, boşdur - sifarişi qəbul edir, məşğuldur - sərnişin daşıyır, məşğuldur - sərnişin daşımır və sifariş qəbul etmir); 9. taksi minik avtomobilinin sürücüsünün sürücülük vəsiqəsinin seriyası və nömrəsi;

10. taksi minik avtomobilinin sürücüsünün iş və istirahət vaxtının başlanğıc, son tarixi və vaxtı barədə məlumatlar real vaxt rejimində ötürülür. Belə ki, Azərbaycan Respublikası İXM-nin 326-2.3-cü maddəsinə əsasən taksi sifarişi operatorlarının informasiya sistemlərində olan taksi sifarişləri, habelə sürücünün iş və istirahət rejimi ilə bağlı məlumatların “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə real vaxt rejimində ötürülməsini təmin edən mexanizmin yaradılmamasına və ya həmin mexanizmin fəaliyyət göstərməməsinə görə – vəzifəli şəxslər beş min manat məbləğində, hüquqi şəxslər iyirmi min manat məbləğində cərimə edilməsi nəzərdə tutulur. Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanının (bundan sonra - Fərman) 4.27-1-ci bəndinə əsasən həmin Məcəllənin 326- 2.3-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur. Qeyd edilənlərlə müəyyən edilmişdir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən inzibati icraat müvafiq qanunvericiliyə uyğun qaydada aparılmaqla Şəxs MMC tərəfindən xx.xx.2025-ci il tarixdə saat 11:56-da Nizami rayonu ərazisində “Lada Kalina MİNİK” markalı, **-CF-*** və “Toyota Corolla MİNİK” markalı, **-VJ-*** dövlət qeydiyyat nişanlı taksi minik avtomobillərinə verilmiş taksi sifarişləri barədə məlumatların “AYNA” İSə ötürülməsi mexanizminin yaradılmaması və fəaliyyət göstərməməsi təsdiqini tapmışdır. Bununla da, hüquqi şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 326-2.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İXM-nin: 3-cü maddəsinə əsasən, yalnız Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə tərəfindən inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 326-2.3-cü maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114-117, 128-130 və 326-2.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 326-2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20000 (iyirmi min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar