Məhkəmə qərarları › İş №3(004)-3305/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3305/2022

27.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3305/2022 27.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Tağıyev Müslüm Fariz oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X3, Şikayətçi Azərbaycan Milli X4, Etnoqrafiya və Antropologiya İnstitutunun direktoru X7 vəkili X11 iştirakları ilə, Şikayətçi Azərbaycan Milli X4, Etnoqrafiya və Antropologiya İnstitutunun direktoru X12 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər idarəsinin 25 aprel 2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şikayətçi Azərbaycan Milli X4, Etnoqrafiya və Antropologiya İnstitutunun direktoru X12 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər idarəsinin 25 aprel 2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi barərədə onlara qabağcadan heç bir məlumat verməmişdir. Bu məsələ AMEA Arxeologiya, Etnoqrafıya və Antropologiya İnstitutunda müzakirə olunaraq baxılmış və təxirəsalınmadan aidiyyatı üzrə cavab göndərilmişdir. Buna baxmayaraq, onların iştirakı olmadan Bakı şəhər İdarəsi xx.xx.2022ci il tarixli, ******* saylı heç bir hüquqi əsası olmayan protokola əsasən barəsində xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul elmişdir. Qərarın nüsxəsi xx.xx.2022-ci il tarixdə İnstituta poçt vasitəsilə daxil olmuşdur. İnzibati tənbeh vermə haqqında qərara onların iştirakı olmadan baxılmasının qanunazidd olması barədə tərəfindən İdarəyə dərhal yazılı cavab göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin tabeçiliyində olan Bakı şəhər İdarəsinin əməkdaşlarına dəfələrlə telefon və məktub vasitəsilə şikayətçi X6 müraciətləri barədə tərəfindən izahatlar verilmiş və onun şikayətlərinin əsassız olduğu bildirilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli. MN ******* saylı protokola əsasən AMEA Arxeologiya Etnoqrafıya və Antropologiya İnstitutunun iştirakı olmadan inzibati tənbeh vermə haqqında işə baxılmasının qanunazidd olduğunu aidiyyati İdarəyə məktub vasitəsilə bildirilmişdir. Belə ki, İnstitutun keçmiş əməkdaşı X6 İnstitutdan öz ərizəsilə işdən azad olunduğu vaxt onun əmək kitabçası verilmişdir. O ki, qaldı ona istifadə olunmayan əmək məzuniyyətlərinə dair kompensasiya ödənilməsinə, İnstitutun keçmiş əməkdaşı S.Hüseynovun İnstituta ödənilməyən külli miqdarda maliyyə hesabat borcları qalmışdır. Bu barədə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində AR CM-nin 172.3.2, 308.1 və 313-cü maddələri ilə istintaq aparılır. Səbuhi Hüseynova aid maliyyə sənədlərində adları göstərilən İnstitut əməkdaşları və o dindirilərək, ifadələri alınmışdır. Hal-hazırda Prokurorluqda istintaq davam etdirilir. Odur ki, göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 25 aprel 2022-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Milli X4, Etnoqrafiya və Antropologiya İnstitutunun direktoru X7 vəkili X11 şikayəti müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X5 şikayətin əsassız olduğunu bildirərək qeyd etmişdir ki, müfəttişliyin 25 aprel 2022-ci il tarixli, MN ******* tarixli qərarı qanuni və əsaslıdır. Belə ki, vətəndaş X8 müfəttişliyə müraciət edərək, Azərbaycan Milli X4, Etnoqrafiya və Antropologiya İnstitutu tərəfindən ona son haqq hesabın düzgün hesablanmadığını bildirmişdir. Araşdırma zamanı X6 müraciətinin əsaslı olması sübuta yetirildiyindən Azərbaycan Milli X4, Etnoqrafiya və Antropologiya İnstitutunun direktoru X12 barəsində 25 aprel 2022-ci il tarixli, MN ******* saylı qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən qərarın tam qanuni və əsaslı olduğunu bildirərək, şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçısını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər idarəsinin 25 aprel 2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Milli X4, Etnoqrafiya və Antropologiya X1 əmək və məzuniyyət haqlarının hesablanması və ödənilməsində qanun pozuntusuna yol verilmişdir. Nəticədə Azərbaycan Milli X4, Etnoqrafiya və Antropologiya İnstitutunun direktoru X12 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinib barəsində 900 (doqquz yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikasinin Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən İşçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə-vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddənin 2-ci hissəsinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər idarəsinin 25 aprel 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli qərar qanunsuz və əsassız hesab edilərək ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İXM-nin tələblərinə əməl edilməklə yenidən baxılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər idarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Milli X4, Etnoqrafiya və Antropologiya İnstitutunun direktoru X12 tərəfindən verilmiş şikayət qismən təmin olunsun və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər idarəsinin 25 aprel 2022ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər idarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar