Məhkəmə qərarları › İş №3(004)-3331/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3331/2024

08.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3331/2024 08.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Şükürov Rauf Azər oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X2 iştirakı ilə, Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1, ev 6, mənzil 46-da yerləşən Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 25 iyun 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında 25 iyun 2024-cü il tarixli qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən Astara rayon sakinləri - X8 26 mart 2024-cü il tarixdən 04 iyun 2024cü il tarixədək Şəxs MMC-də gözətçi vəzifəsində, X11 01 may 2024-cü il tarixdən 31 may 2024-cü il tarixə qədər Şəxs MMC-də qeydiyyatçı vəzifəsində, X12 21 fevral 2023-cü ildən 24 iyun 2023-cü il tarixə qədər Şəxs MMC-də qeydiyyatçı vəzifəsində, X9 isə 01 yanvar 2024-cü il tarixdən 15 may 2024-cü il tarixə qədər Şəxs MMC-də gözətçi vəzifəsində işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdirlər. Məhkəmə iclasında iştirak edən inzibati icraat aparan orqanın nümayəndəsi X4 inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı müdafiə edərək bildirmişdir ki, aparılmış araşdırma zamanı Şəxs MMC tərəfindən X8 və digərləri ilə yazılı əmək müqaviləsi bağlanmadan işə cəlb edilmişlər. Azərbaycan Respublikası Əmək qanunvericiliyinin tələblərinə əsasən bu yolverilməzdir. Hazırda iş materiallarına X1 Sisteminin (bundan sonra EPİS) məlumat bazasından çıxarışlar təqdim edilmişdir. Sadəcə həmin sənədlərə istinad edilmələ görünür ki, Şəxs MMC tərəfindən əmək qanunvericiliyinin müddəaları kobud şəkildə pozulmuşdur. Göstərilənlərə əsasən Şəxs MMC barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını və ona əlavə edilmiş sənədləri araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarında olan X1 Sisteminin (bundan sonra EPİS) məlumat bazası çıxarışından görünür ki, X8 ilə Şəxs MMC arasında əmək müqaviləsi bağlanmamışdır. İş materiallarında olan X3 izahatından görünür ki, 2024-cü ilin mart ayının 26-dan Astara şəhərində “Maricel” adı ilə fəaliyyət göstərən Şəxs MMC-də mühafizəçi vəzifəsində işə başlamış, həmin vaxt onunla əmək müqaviləsi bağlanmamışdır. Qeyd edilən vaxtdan həftə ərzində 2-3 gün işə getmiş, gündəlik bəzən 12, bəzən 15 manat əmək haqqı almış, əmək haqqını isə nağd şəkildə əlbəəl almışdır. 22 may 2024-cü il tarixdə MMC-nin rəhbəri Samir Əlizadə ilə rəsmi şəkildə əmək müqaviləsi bağlamışdır. Müqavilənin şərtlərinə görə günaşırı növbəyə çıxmış, aylıq əmək haqqı 350 manat təşkil etmişdir. 26 mart 2024-cü il tarixdən 22 may 2024-cü il tarixə qədər əmək müqaviləsi olmadan işləsə də, 22 may 2024cü il tarixdə onunla müqavilə imzalanmışdır. İş materiallarında olan X1 Sisteminin (bundan sonra EPİS) məlumat bazası çıxarışından görünür ki, X11 ilə “Okhatan" MMC arasında xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlanmış və xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. X14 MMC arasında aktiv əmək müqaviləsi aşkar edilməmişdir. İş materiallarında olan X6 izahatından görünür ki, 2023-cü ilin may ayının 5-dən dekabr ayının 1-nə qədər “Maricel” adı ilə fəaliyyət göstərən Şəxs MMC-də qeydiyyatçı vəzifəsində işləmiş, həmin vaxt onunla əmək müqaviləsi bağlanmışdır. 1 dekabr 2023-cü il tarixdə isə öz istəyi ilə işdən çıxmışdır. 11 dekabr 2023-cü il tarixdə "xxxx" ASC-nin Astara rayon şöbəsində meteorologiya şöbəsinin müdiri vəzifəsində işə başlamış, maddi vəziyyəti yaxşı olmadığına görə ikinci iş yeri kimi işləmək üçün yenidən Maricel rəhbərliyi ilə əlaqə saxlamışdır. MMC-nin direktoru ilə razılaşmış, 01 may 2024-cü il tarixdən 31 may 2024-cü il tarixə qədər həftənin altı günü axşam saat 18:00-dan 00:00-a qədər qeydiyyatçı vəzifəsində işləmiş, lakin əmək müqaviləsi bağlanmamışdır. Əmək haqqı razılaşma yolu ilə 350 manat təşkil etmişdir. 31 may 2024-cü il tarixdə isə işdən çıxmışdır. İş materiallarında olan X1 Sisteminin (bundan sonra EPİS) məlumat bazası çıxarışından görünür ki, X9 ilə “Okhatan" MMC arasında xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlanmış, müqavilə hazırda qüvvədədir. İş materiallarında olan X5 izahatından görünür ki, 01 yanvar 2024-cü il tarixdən “Maricel" adı ilə fəaliyyət göstərən Şəxs MMC-də ərazi gözətçisi vəzifəsində işə başlamışdır. İşə qəbul olunan zaman onunla əmək müqaviləsi bağlanmamışdır. 01 yanvar 2024-cü il tarixdən 15 may 2024-cü il tarixə qədər əmək müqaviləsi olmadan gözətçi vəzifəsində işləmiş, lakin əmək müqaviləsi bağlanmasını tələb etdiyi üçün 15 may 2024-cü il tarixdə onunla əmək müqaviləsi bağlanmışdır. 15 may 2024-cü il tarixdən isə hazırki vaxt da daxil olmaqla müqavilə əsasında işləyir. İş materiallarında olan X1 Sisteminin (bundan sonra EPİS) məlumat bazası çıxarışından görünür ki, X12 ilə Şəxs MMC arasında xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlanmış, müqavilə hazırda qüvvədədir. İş materiallarında olan X7 izahatından görünür ki, 2023-cü ilin fevral ayının 21-dən “Maricel” adı ilə fəaliyyət göstərən Şəxs MMC-də qeydiyyatçı vəzifəsində işə başlamışdır, işə qəbul olan zaman ilk olaraq onunla əmək müqaviləsi xx.xx.2024 bağlanmamışdır. 21 fevral 2023-cü il tarixdən 24 iyun 2023-cü il tarixə qədər əmək müqaviləsi olmadan işləmiş, 24 iyun 2023-cü il tarixdə isə onunla MMC arasında əmək müqaviləsi bağlanmışdır. Müqavilə əsasında aylıq əmək haqqı 350 manat təşkil etmiş, əmək haqqını hər ayın sonu mühasib köməkçisi Arzu Həsənovadan nağd şəkildə əlbəəl almışdır. İş materiallarına əlavə edilmiş kommersiya qurumlarının dövlət reyestri çıxarışından görünür ki, Şəxs MMC xx.xx.2017-ci il tarixdə Vergilər Nazirliyində hüquqi şəxs qismində qeydiyyata alınmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Şəxs MMC tərəfindən X8 26 mart 2024-cü il tarixdən 04 iyun 2024-cü il tarixədək gözətçi vəzifəsində, X11 01 may 2024-cü il tarixdən 31 may 2024-cü il tarixə qədər qeydiyyatçı vəzifəsində, X12 21 fevral 2023-cü ildən 24 iyun 2023-cü il tarixə qədər qeydiyyatçı vəzifəsində, X9 isə 01 yanvar 2024-cü il tarixdən 15 may 2024-cü il tarixə qədər gözətçi vəzifəsində əmək müqaviləsi bağlanmadan işə cəlb edilmişdir. Bununla bağlı Astara Rayon Prokurorluğu tərəfindən Şəxs MMC-nin əməlində inzibati xətanın əlamətlərinin olması müəyyən edildiyindən sonuncunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə qərar tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, X15 Xidmətinin Bakı Şəhər İdarəsinin İnzibati Tənbeh vermə haqqında 25 yanvar 2024-cü il tarixli qərarından görünür ki, X10 Şəxs MMC-də xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edildiyinə görə X13 4000 manat inzibati cəriməyə tənbeh edilmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 20 iyun 2024-cü il tarixli qərardan görünür ki, Şəxs MMC və həmin hüquqi şəxsin xeyrinə və maraqlarının qorunması üçün hərəkət edən hüquqi şəxsi təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs X16 tərəfindən 4 nəfər işçi ilə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən, bəziləri ilə ümumiyyətlə əmək müqaviləsi bağlanmadan işlərin yerinə yetirilməsinə cəlb edilməsi ilə əlaqədar Şəxs MMC-nin və həmin MMC-nin səlahiyyətli vəzifəli şəxsi Samir Əlizadənin əməlində İXM-nin 192.1-ci maddəsinin əlamətləri olduğundan, həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması üçün prokuror qarşısında məsələ qaldırılması qərara alınmışır. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, hüquqi şəxs hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması qərara alınmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinə əsasən əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin məcəllənin 44.1-ci maddəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır. Həmin məcəllənin 44.2-ci maddəsinə əsasən tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. Həmin məcəllənin 44.3-ci maddəsinə əsasən müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Həmin məcəllənin 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarında olan biri digərini tamamlayan sübutlar ilə öz təsdiqini tapmışdır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs MMC-nin əməlində məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs MMC-nin əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi nəzərə alınmaqla həmin Məcəllənin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək, 20.000 (iyirmi min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar