Məhkəmə qərarları › İş №3(004)-3332/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3332/2021

21.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3332/2021 21.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X2 iclas katibliyi ilə Hüquqi ünvanı ünvan 1ri, Yasamal rayonu, Tbilisi prospekti 33, məhəllə 1033 ünvanında fəaliyyət göstərən Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.3-cü maddəsi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 33, məhəllə 1033 ünvanda saat 16:35 radələrində “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və digər əmlakın legallaşdırılma və terrorçuluğun maliyyələşdirilməsinə” qarşı mübarizə haqqında Azərbaycan Respublikası qanunun tələbləri pozularaq cəmiyyət tərəfindən daxili nəzarət sistemi tam tətbiq edilməmiş, məsul şəxs təyin edilməmişdir. Bununla da həmin hüquqi şəxs, İXM-in 598.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən 06.12.2021-ci il tarixli, №0248457 saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında protokol tərtib etmiş səlahiyyətli orqanın (vəzifəli şəxsin) nümayəndəsi X5 bildirmişdir ki, Şəxs MMC-də səyyar vergi yoxlaması aparılarkən həmin sahibkarlıq subyektinin “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və digər əmlakın legallaşdırılma və terrorçuluğun maliyyələşdirilməsinə” qarşı mübarizə haqqında Azərbaycan Respublikası qanunun tələbləri pozularaq cəmiyyət tərəfindən daxili nəzarət sistemi tam tətbiq edilməmiş, məsul şəxs təyin edilməmişdir. Belə ki, məsul şəxsin təyin edilməsi barədə əmr tələb edilsə də təqdim edilməmişdir. Sonradan Şəxs MMC tərəfindən bildirilmişdir ki, əmr vardır və məsul şəxsin təyin edilməsi barədə 10.01.2017-ci il tarixli əmr vergi əməkdaşlarına təqdim edilsə də, bununla bağlı, həmin əmrin əmrdə göstərilən vaxtı və ya sonradan yoxlama aparılan dövrdə verilib verilməməsini müəyyən etmək üçün X7 müvafiq sorğu verilmiş və X4 23.11.2021-ci il tarixli məktubu ilə bildirilmişdir ki, əmrin surəti həmin mərkəzə təqdim edilməmişdir. MMX tərəfindən məktubda göstərilsə də ki, onlara şifahi məlumat verilmişdir, lakin bu hal qanunun tələblərinə əməl etmək hesab edilmir. Göstərilənlərə əsasən inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X10 protokola etiraz edərək göstərmişdir ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 04.10.2021-ci il tarixli, **********150308 saylı qərarı qərarı ilə Şəxs MMC üzrə Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində nəzarətin keçirilməsi məqsədilə sentyabr 2018 - avqust 2021 vergi dövrləri üzrə növbəti səyyar yoxlama” təyin edilib. Yoxlamanın keçirilməsi dövlət vergi müfəttişi X3 həvalə edilib. Yoxlama zamanı dövlət vergi müfəttişi X8 ilk dəfə 13 oktyabr 2021-ci il tarixdə Şəxs MMC-də olmuşdur. Həmin müddətdə Şəxs MMC-nin direktoru Məhəmməd Quluzadə Azərbaycan Respublikası hüdudlarından kənarda olduğu üçün bəzi sənədlərin Çingiz Abdullayevə təqdim edilməsi mümkün olmamışdır. Daha sonra direktor ölkəyə qayıtdıqdan sonra Təlabnamə üzrə tələb edilən bütün sənədlər vergi müfəttişi Çingiz Abdullayevə təqdim edilmişdir. Lakin buna baxmayaraq, vergi müfəttişi tərəfindən “Sənədlərin təqdim olunmaması barədə 08 oktyabr 2021-ci il tarixli AKT” hazırlanmışdır ki, bu AKT-da qeyd edilənlərin həqiqətə uyğun olmadığını onlayn kargüzarlıq vasitəsilə Dövlət Vergi Xidmətinin diqqətinə çatdırmışlar və tələb ediləcəyi halda bütün sübutları da təqdim edə biləcəklərini vurğulamışlar. 06 dekabr 2021-ci il tarixdə vergi müfəttişi tərəfindən səyyar yoxlama nəticəsində “Nəzarət olunan subyektin səyyar yoxlanılmasına dair AKT” və inzibati xəta haqqında Protokol tərtib edildiyi bildirilmişdir. 07.12.2021-ci il tarixində müvafiq etibarnamə əsasında Şəxs MMC-nin işçisi Nurlana Əliyeva **********750700 saylı AKT-ın və Şəxs MMC barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun əldə edilməsi üçün Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə göndərilmişdir. Dövlət vergi müfəttişi Protokolun təqdim edilməsindən ilk öncə imtina etsə də, Nurlana Əliyevanın şikayətlərindən sonra rəisin müdaxiləsi nəticəsində Protokol və Aktın surəti təqdim edilmişdir. Qeyd edilən sənədlərlə tanış olduqdan sonra məlum olmuşdur ki, Protokolda və Aktda gah Şəxs MMC, gah da Şəxs MMC-nin rəhbəri Məhəmməd Quluzadə tərəfindən İnzibati Xətalar Məcəlləsinin 598.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyi göstərilib. Buna əsas kimi isə məsul şəxsin müəyyən edilməsinə dair qərarın surətinin Maliyyə Monitorinq Xidmətinə təqdim edilmədiyi göstərilmişdir. Hesab edir ki, tərtib edilmiş inzibati xəta haqqında protokol qanunsuzdur və qeyd edilən protokol ləğv edilməklə, Şəxs MMC barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Etirazın hüquqi əsasları: İXM-in 105.1-ci maddəsinə əsasən, İXM-in 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 53.0.1-ci maddəsinə əsasən isə, inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Aşağıda göstərilənlər inzibati xəta hadisəsinin olmadığını təsdiq edir: 1. Məsuliyyətin normativ xarakterli aktın bəndinin pozulmasına istinad edilərək tətbiq edilməsinin qanunsuzluğu ilə bağlı: Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinq Xidmətinin (bundan sonra MMX) 25 iyun 2010cu il tarixli, 002 saylı qərarı ilə təsdiq edilmiş, “Hüquqi şəxs olan monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən yaradılan daxili nəzarət sisteminin təşkil olunması üzrə məsul şəxslərin peşə ixtisasına və təcrübəsinə dair Tələblər”in (bundan sonra Tələblər) İİ hissəsinin 9-cu bəndinə əsasən, monitorinq subyektinin strukturu daxilində məsul şəxsin müəyyən edilməsi müvafiq qərarla (əmr, sərəncam və s.) rəsmiləşdirilir və “Monitorinq subyektinin rəhbərliyi tərəfindən imzalanmış qərarın bir surəti 2 (iki) iş günü müddətində Maliyyə Monitorinqi Xidmətinə təqdim olunur”. Vergi müfəttişi Tələblərin yuxarıda qeyd edilən 9-cu bəndinə istinad edərək, məsul şəxsin müəyyən edilməsi ilə bağlı monitorinq subyektinin rəhbərliyi tərəfindən imzalanmış qərarın surətinin 2 (iki) iş günü müddətində MMX-yə təqdim edilməməsini inzibati xəta hesab edərək, inzibati xəta haqqında Protokol tərtib edərək, İnzibati Xətalar Məcəlləsinin (İXM) 598-ci maddəsi ilə intizam tənbeh tədbiri tətbiq edilməsi üçün məhkəməyə müraciət edib. 06 dekabr 2021-ci il tarixli MN № ******* inzibati xəta haqqında protokol ilə, Vergi Xidməti bizim şirkətə qarşı bu maddə ilə 15.000 (on beş min) manat məbləğində cərimə tətbiq edilməsini təklif edib. Məsul şəxsin təyin edilməsinə dair əmrin MMX-ya yazılı şəkildə göndərilməsi tələbi qanunvericiliyə ziddir və aşağıdakı əsaslara görə MMX tərəfindən etibarsız hesab edilməlidir. Belə ki, İXM-in 598-ci maddəsi cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması ilə bağlı aşağıdakı hallara görə məsuliyyət müəyyən edib: monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən müştərinin, onun nümayəndəsinin və ya benefisiar mülkiyyətçinin eyniləşdirilməsi, verifikasiyası və məlumatın sənədləşdirilməsi ilə bağlı tələblərə riayət olunmamasına görə; monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən eyniləşdirmə sənədlərinin və pul vəsaitləri və ya digər əmlakla əməliyyatlara dair şənədlərin saxlanması ilə bağlı vəzifələrin yerinə yetirilməməsinə görə; Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən daxili nəzarət sisteminin tətbiq edilməməsinə, yaxud tam tətbiq edilməməsinə görə; monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən nəzarət orqanlarının və ya maliyyə monitorinqi orqanının “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın legallaşdırılmasına və terrorçuluğunun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda verdikləri yazılı göstərişlərinin vaxtında və ya tam icra edilməməsinə görə; monitorinq iştirakçıları və ya monitorinqdə iştirak edən digər şəxslər tərəfindən məlumatların təqdim edilməsinə və əməliyyatların icra edilməməsinə dair “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərin pozulmasına görə; monitorinq iştirakçısı və ya monitorinqdə iştirak edən digər şəxslər tərəfindən nəzarət orqanlarının fəaliyyətinə maneələrin yaradılmasına, o cümlədən sorğulara cavab verilməməsinə, tələb olunan sənədlərin və məlumatların təqdim edilməməsinə, yanlış məlumatların verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə; terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin, habelə bu şəxslərin sahibliyində və ya nəzarətində olan hüquqi şəxslərin, o cümlədən bu şəxslərin adından və ya onların tapşırığı ilə fəaliyyət göstərən fiziki və hüquqi şəxslərin aktivlərinin “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dondurulması üzrə tədbirlərin görülməməsinə və ya maliyyə monitorinqi orqanının aktivlərin dondurulması barədə qərarının icra edilməməsinə görə; monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən xarici dövlətlərin siyasi xadimləri ilə bağlı tələblərə əməl edilməməsinə görə; monitorinq iştirakçıları tərəfindən onların xarici ölkələrdə yerləşən filialları və törəmə hüquqi şəxsləri ilə bağlı tələblərə əməl edilməməsinə görə. İXM-in 598-ci maddəsinin adından və dispoziyasından aydın olduğu kimi, bu maddə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyəti müəyyən edir. MMX tərəfindən qəbul edilmiş yuxarıda adı çəkilən tələblər isə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyə “normativ xarakterli akt” olduğu üçün daxil olmadığından, MMXnın qəbul etdiyi Tələblərin pozulmasına görə İXM-in 598-ci maddəsi ilə məsuliyyət müəyyən edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericilik sistemi aşağıdakı normativ hüquqi aktlardan ibarətdir: Konstitusiya; referendumla qəbul edilmiş aktlar; qanunlar; fərmanlar; Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları; mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları. Bundan başqa, Normativ hüquqi aktlar haqqında Konstitusiya Qanunun 1.0.2-ci maddəsinə əsasən, qanunvericilik aktları dedikdə, Azərbaycan Respublikasının qanunvericilik sistemini təşkil edən normativ hüquqi aktlar başa düşülür. Həm Konstitusiyanın 148-ci maddəsindən, həm də Normativ hüquqi aktlar haqqında Konstitusiya Qanununun 1.0.2-ci maddəsindən aydın olduğu kimi, qanunvericilik və ya qanunvericilik sistemi dedikdə buraya daxil olan normativ hüquqi aktlar başa düşülür. MMX-nin qəbul etdiyi yuxarıda adıçəkilən tələblər isə normativ hüquqi akt deyil. Belə ki, normativ hüquqi aktlar haqqında Konstitusiya Qanunun 4.1.3-cü maddəsinə əsasən, maliyyə bazarları tənzimləyicisinin qərarları normativ xarakterli aktlardır. Həmin Qanunun 4.2-ci maddəsinə əsasən, normativ xarakterli aktlar onların icra olunmamasına görə məsuliyyət müəyyən edə bilməz. Həmçinin, qeyd edilən Qanunun 4.4-cü maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İİİ hissəsinin 1-7-ci bəndlərinə və İV hissəsinə əsasən qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları istisna olmaqla, digər normativ xarakterli aktlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə ziddiyyət təşkil edə bilməz. Beləliklə, aydın olduğu kimi, İXM-in 598-ci maddəsi yalnız cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət müəyyən edir ki, MMX tərəfindən qəbul edilmiş tələblər və ya hər hansı digər normativ xarakterli aktlar bu qanunvericiliyə daxil deyil. Hətta qəbul etsək ki, MMX tərəfindən qəbul edilmiş tələblər də cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyə daxildir, yenə də, məsul şəxsin müəyyən edilməsi barədə məlumatın iki iş günü ərzində MMX-yə təqdim edilməməsinə görə İXM-in 598-ci maddəsi ilə məsuliyyət tətbirinin tətbiq edilməsi yolverilməzdir. Belə ki, İXM-in 598-ci maddəsi konkret hallar üçün məsuliyyət müəyyən edib ki, bu hallar içərisində MMX tərəfindən təsdiq edilmiş tələblərin hansısa bəndinin tələblərinə riayət edilməməsinə görə məsuliyyət müəyyən edilməyib. Məsuliyyət yalnız “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunun müəyyən normalarının pozulmasına görə müəyyən edilib və bu halların da hansılar təşkil edilməsi maddədə konkret olaraq sadalanıb. Belə olan halda, İXM-in 598-ci maddəsi geniş təsfir edilərək, onun tələblərinin MMX tərəfindən təsdiq edilmiş tələblərə də şamil edilməsi yolverilməzdir. Belə ki, əvvəla, İXM-in 1.3-cü maddəsinə əsasən, inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu İXM-ə daxil olduqdan sonra tətbiq edilir. Həmçinin, bildikləri kimi, məsuliyyət müəyyən edən normalar geniş təfsir edilə bilməz. Üstəlik, onu da nəzərə almaq lazımdır ki, məsul şəxsin müəyyən edilməsinə dair məlumatın MMX-ya verilməməsinə görə Vergi Xidmətinin İXM-in 598-ci maddəsini əsas tutaraq, hüquqi şəxslərə 15 min manatdan 25 min manatadək məbləğdə cərimə tətbiq edilməsini təklif edərkən, yol verilmiş pozuntuya münasibətdə həddən artıq ağır cəza tədbirinin tətbiq edildiyini də nəzərə alır. Halbuki, bizim şirkət kimi qeyd edilən qanunvericiliyə uyğun olaraq daxili nəzarət sistemini yaratmış, təbiq etmiş, sənədləşdirməni müvafiq qaydada aparmış, lakin məsul şəxsin müəyyən edilməsi barədə məlumatı MMX-ya təqdim etməyən hüquqi şəxsə də 15 min manatdan 25 min manatadək məbləğdə cərimə sanksiyasının tətbiq edilməsi və daxili nəzarət sistemini ümumiyyətlə yaratmayan və tətbiq etməyən şəxslərə də eyni ağır sanksiyanın tətbiq edilməsi mütənasiblik tələbinin də ciddi pozuntusunu yaradıb. Təbiəti Müfaizə Cəmiyyəti və İsrafilov Azərbaycana qarşı Avropa Məhkəməsinin qərarında da göstərildiyi kimi, “müdaxilə, hər bir halda «mütənasiblik» tələbinə cavab verməmişdir. Bununla bağlı Məhkəmə hesab edir ki, müdaxilənin mütənasibliyini qiymətləndirərkən, tətbiq olunmuş sanksiyanın təbiəti və sərtliyi nəzərə alınmalı olan faktorlardır”. Eyni zamanda qeyd etmişdir ki, Vergi Xidmətinin rəsmi saytında “Hüquqi xidmət göstərən digər şəxslərin hüquq və vəzifələr” bölməsində şirkətlərin ÇPY/TM sahəsində vəzifələri sadalanarkən, MMX-ya məsul şəxsin təyin edilməsinə dair əmrinin surətini 2 iş günü ərzində göndərmək vəzifəsi qeyd edilməyib. FATF-nın 2003-cü il tarixli tövsiyyələri də məsul şəxs barədə əmrin surətinin MMX-ya təqdim etməsinə dair heç bir müddəa nəzərdə tutmayıb. FATF ekspertləri ilə fərdi məsləhətləşmələri də onlara belə qənaətə gəlməyə imkan verir ki, tələblərin 9-cu maddəsindəki öhdəlik (məsul şəxsə dair əmrin surətini MMX-ya 2 gün ərzində yazılı təqdim etmək) FATF tələblərindən irəli gəlmir, monitorinq subyektlərinə qanunda olmayan yeni öhdəlik yaradır və onlara qarşı ağır sanksiyalara səbəb olur. Yuxarıda qeyd edilən hallar, Maliyyə Monitorinq Xidmətinin 25 iyun 2010-cu il tarixli, 002 saylı qərarı ilə təsdiq edilmiş, “Hüquqi şəxs olan monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən yaradılan daxili nəzarət sisteminin təşkil olunması üzrə məsul şəxslərin peşə ixtisasına və təcrübəsinə dair Tələblər”in İİ hissəsinin 9-cu bəndinin Azərbaycan Respublikası Konstitusiya və qanunlarının tələblərinə uyğunluğu məsələsinin aydınlaşdırılması üçün ciddi əsaslar yaradıb. Məsul şəxsin təyin edilməsi barədə qərarın surətinin MMX-ya təqdim edilməməsinin daxili nəzarət sisteminin tətbiq edilməməsi və ya tam tətbiq edilməməsi anlayışına daxil olmasının absurdluğu ilə bağlı Vergi müfəttişşi hesab edib ki, Şəxs MMC tərəfindən məsul şəsin təyin edilməsi barədə qərarın surətinin MMX-ya təqdim edilməməsi İXM-in 598.1.3-cü maddəsində nəzərdə tutulmuş daxil nəzarət sisteminin tam tətbiq edilməməsi inzibati xətasının tərkibini yaradıb. Halbuki, İXMin 598.1.3-cü maddəsinə baxsaq, məsul şəxsin təyin edilməsi barədə qərarın surətinin MMX-ya təqdim edilməməsinin daxili nəzarət sisteminin tətbiq edilməməsi və ya tam tətbiq edilməməsi anlayışına daxil olmadığını aydın şəkildə görə bilərik. Belə ki, İXM-in 598.1.3cü maddəsində “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən daxili nəzarət sisteminin tətbiq edilməməsinə, yaxud tam tətbiq edilməməsinə görə məsuliyyət müəyyən edilib ki, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda isə daxili nəzarət sisteminin tətbiq edilməsi dedikdə, məsul şəxsin təyin edilməsi barədə qərarın MMX-ya təqdim edilməsi nəzərdə tutulmayıb. Belə ki, adıçəkilən qanunda daxili nəzarət sisteminin tətbiq edilməsi dedikdə, qanunda göstərilən hallarda yəni, Qanunun 5.1.3-cü maddəsində göstərildiyi kimi, notariuslar, vəkillər, hüquq xidmətləri, mühasibat və vergi məsləhəti xidmətləri, auditor xidmətləri göstərən şəxslər daşınmaz əmlakın alqı-satqısı ilə əlaqədar əməliyyatlar, müştərinin pul vəsaitlərinin, qiymətli kağızlarının və ya digər əmlakının idarə olunması ilə əlaqədar əməliyyatlar, müştərinin bank və ya qiymətli kağız hesablarının idarə olunması ilə əlaqədar əməliyyatlar; hüquqi şəxslərin yaradılması, onların fəaliyyətinin təmin və idarə edilməsi, bu məqsədlərlə pul vəsaitlərinin toplanılmasının təşkil olunması, habelə hüquqi şəxslərin alqı-satqısı ilə əlaqədar əməliyyatlar apardıqda eyniləşdirmə və verifakisya tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Eyniləşdirmə və verifıkasiya tədbirlərinə isə məsul şəxsin təyin edilməsi barədə məlumatın MMX-ya təqdim edilməsi qeyd edilən qanunda öz əksini tapmayıb. Odur ki, məsul şəxsin təyin edilməsi barədə məlumatın MMX-ya təqdim edilməməsinin İXM-in 598.1,3-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibini yaratdığının düşünülməsi absurddur və qeyd edilən əsasla inzibati xəta haqqında protokolun tərtib edilməsi qanunsuzdur. 2017-ci ildə Şəxs MMC-nin təyin edilmiş məsil şəxs barədə məlumatın MMX-ya təqdim etmək öhdəliyinin olmaması ilə bağlı 2017-ci ildə Şəxs MMCnin təyin edilmiş məsul şəxs barədə qərarın surətinin MMX-ya təqdim etmək öhdəliyi mövcud deyildi. Belə ki, 2017-ci ildə Şəxs MMC fəaliyyət sahələrinə əsasən “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər dairəsinə daxil olmayıb. Bunu təsdiq edən müvafiq fəaliyyət kodlarına dair elektron sistemdən çıxarış əlavə edilir. Oxşar işlər üzrə məhkəmə təcrübəsi ilə bağlı Oxşar işlər üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarında da Tələblərin 9-cu bəndinin pozulmasına əsasən inzibati xəta üzrə məsuliyyətin tətbiq edilməsinin qanunsuzluğu öz əksini tapıb. Belə ki, Nəsimi Rayon Məhkəməsinin 16.11.2021-ci il tarixli, 3(006)- 3220/2021 saylı qərarında Normativ hüquqi aktlar haqqında Konstitusiya Qanunun 4.2-ci maddəsinə istinad edilərək, normativ xarakterli aktların onların icra olunmamasına görə məsuliyyət müəyyən edə edilməsinin mümkün olmadığı vurğulanıb. Həmin qərarın surəti əlavə edilir. İXM-də nəzərdə tutulmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsinin təklif edilməsi ilə bağlı Aktda və Protokolda İXM-in 598.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın Şəxs MMC-nin rəhbəri Məhəmməd Quluzadə tərəfindən törədildiyi göstərilmişdir. Lakin İXM-in 598.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə İXMin 598-ci maddəsinin sanksiyasında vəzifəli şəxslərin min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilə bilməsi göstərilsə də, vergi xidməti müfəttişi isə bunun ziddinə olaraq, Aktda 15,000 manat məbləğində cərimə tətbiq edilməsini təklif edib. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, nə Şəxs MMC, nə də Şəxs MMC-nin rəhbəri barəsində məsul şəxsin təyin edilməsi barədə əmrin surətinin MMX-ya təqdim edilməməsi əsasında görə İXM-in 598.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyət tədbiri tətbiq edilə bilməz. Üstəlik, onu da nəzərə almaq lazımdır ki, Şəxs MMC tərəfindən Maliyyə Monitorinq Xidməti məlumatlandırılıb. Belə ki, Dövlət Vergi Xidmətinin Maliyyə Monitorinq Xidmətinə ünvanladığı sorğuya cavab olaraq, MMX-nın Dövlət Vergi Xidmətinə ünvanladığı 23 noyabr 2021-ci il tarixli, MMX-X/O- 3/4/409/2021 saylı məktubda da göstərildiyi kimi, Şəxs MMC məsul şəxsin təyin edilməsi barədə MMX-nı şifahi şəkildə məlumatlandırıb. Həmin məktubun surəti əlavə edilir. Yuxarıda qeyd edilənləri və İnzibati Xətalar Məcəllənin 105 və 53-cü maddələrinin tələblərini nəzərə alaraq, Şəxs MMC barəsində başlanılmış inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin direktoru X1 izahatında nümayəndə X6 məkəməyə bildirdiyi məlumatların doğruluğunu təsdiq edərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə aşağıdakılara görə hesab edir ki, inzibati xəta hadisəsi baş vermişdir. İş materiallarında olan nəzarət olunan subyektin səyyar yoxlanılmasına dair **********750700 saylı, 06.12.2021-ci il tarixli akta əsasən tələblərin 9-cu bəndinə görə monitorinq subyektinin strukturu daxilində məsul şəxsin müəyyən edilməsi müvafiq qərarla (əmr, sərəncam və s.) rəsmiləşdirilir. Həmin qərarda məsul şəxsin 6-cı bənddə nəzərdə tutulmuş tələblərə uyğunluğu göstərən məlumatlar qeyd olunmalıdır. Monitorinq subyektinin rəhbərliyi tərəfindən imzalanmış qərarın bir surəti 02 (iki) iş günü müddətində Maliyyə Monitorinq Xidmətinə təqdim olunmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Maliyyə Monitorinq Xidmətinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə ünvanladığı **********198600 saylı, 05.11.2021-ci il tarixli məktubuna əsasən Şəxs MMC-də (VÖEN:**********) PL/TMM üzrə məsul şəxsin təyin edilməsinə dair əmrin bir surətinin Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə (MMX) təqdim olunubolunmaması ilə bağlı müraciətə baxılmışdır. Məsələ ilə bağlı bildirmişlər ki, 2017-ci ildə Şəxs MMC-də PL/TMM üzrə məsul şəxsin təyin edilməsi barədə MMX-yə şifahi şəkildə məlumat verilmiş, lakin müvafiq əmrin surəti rəsmi olaraq təqdim edilməmişdir. Halbuki, Mərkəzi Bank yanında Maliyyə Monitorinq Xidməti tərəfindən təsdiq edilmiş və Ədliyyə Nazirliyi tərəfindən 06.07.2010-cu il tarixdə qeydiyyatı aparılmış “Hüquqi şəxs olan monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən yaradılan daxili nəzarət sisteminin təşkil olunması üzrə məsul şəxslərin peşə ixtisasına və təcrübəsinə dair tələblər”in 9-cu bəndinə əsasən monitorinq subyektinin strukturu daxilində məsul şəxsin müəyyən edilməsi müvafiq qərarla (əmr, sərəncam və s.) rəsmiləşdirilir. Həmin qərarda məsul şəxsin 6-cı bənddə nəzərdə tutulmuş tələblərə uyğunluğunu göstərən məlumatlar qeyd olunmalıdır. Monitorinq subyektinin rəhbərliyi tərəfindən imzalanmış qərarın bir surəti 2 (iki) iş günü müddətində Maliyyə Monitorinqi Xidmətinə təqdim olunur. Bununla bağlı Şəxs MMC-nin nümayəndəsi X10 protokola etirazının əsası kimi istinad etdiyi “Normativ hüquqi aktlar haqqında” Qanunun 4.2-ci maddəsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Belə ki, həmin Qanunun 4.2-ci maddəsində qeyd edilmişdir ki, normativ xarakterli aktlar onların icra olunmamasına görə məsuliyyət müəyyən edə bilməz. Şəxs MMC-nin nümayəndəsi X10 həmin müddəaya istinad edərək hesab edir ki, hətta “Hüquqi şəxs olan monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən yaradılan daxili nəzarət sisteminin təşkil olunması üzrə məsul şəxslərin peşə ixtisasına və təcrübəsinə dair tələblər”də məsul şəxsin müəyyən edilməsi barədə müvafiq qərarın (əmr, sərəncam və s.) bir surətinin 2 iş günü müddətində Maliyyə Monitorinqi Xidmətinə təqdim olunmasına dair tələb olsa da, həmin tələbə əmələ edilməməsi “Normativ hüquqi aktlar haqqında” Qanunun 4.2-ci maddəsinə əsasən Şəxs MMC-nin inzibati məsuliyyətinə səbəb ola bilməz. Bununla bağlı məhkəmə qeyd edir ki, “Normativ hüquqi aktlar haqqında” Qanunun 4.2-ci maddəsi səhv başa düşülməməlidir. Belə ki, həmin maddədə qeyd edilmiş cümlə, yəni normativ xarakterli aktlar onların icra olunmamasına görə məsuliyyət müəyyən edə bilməz müddəası o deməkdir ki, həmin normativ xarakterli aktlarda onların icra olunmamasına görə məsuliyyət müəyyən edə bilməz. Yəni normativ xarakterli aktların özündə onların icra olunmamasına görə məsuliyyət müəyyən edə bilməz. Bu o demək deyil ki, normativ xarakterli aktların tələblərinə əməl edilməməsi, həmin aktların icra edilməməsi ümumiyyətlə, digər bir qanunlarla da hər hansı bir məsuliyyədə səbəb ola bilməz. Ona görə də İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş məsuliyyət, normativ xarakterli aktların icra edilməməsi və ya tam icra edilməməsi ilə yarana bilər. Yəni normativ xarakterli aktların icra edilməməsi və ya tam icra edilməməsi zamanı hansı məsuliyyətin yaranması həmin normativ xarakterli aktların özündə deyil, digər normativ hüquqi aktlarda, o cümlədən İnzibati Xətalar Məcəlləsində nəzərdə tutula bilər. Məhz İXM-nin 598.1.3-ci maddəsindəki "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən daxili nəzarət sisteminin tətbiq edilməməsinə, yaxud tam tətbiq edilməməsi inzibati məsuliyyət kimi nəzərdə tutulmuşdur. “Hüquqi şəxs olan monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən yaradılan daxili nəzarət sisteminin təşkil olunması üzrə məsul şəxslərin peşə ixtisasına və təcrübəsinə dair tələblər” də “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən olunmuş hüquqi şəxs olan monitorinq iştirakçısı və monitorinqdə iştirak edən digər şəxs tərəfindən yaradılan daxili nəzarət sisteminin təşkil olunması üzrə məsul şəxsin (bundan sonra - məsul şəxs) peşə ixtisasına və təcrübəsinə dair tələbləri müəyyən edir. Göstərilənlərə əsasən məsul şəxsin müəyyən edilməsi barədə müvafiq qərarın (əmr, sərəncam və s.) bir surətinin 2 iş günü müddətində Maliyyə Monitorinqi Xidmətinə təqdim olunması İXM-nin 598.1.3-ci maddəsindəki inzibati məsuliyyətə səbəb olur. Ona görə də "xxxx" MMC-nin həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, iş materiallarında olan və hazırkı qərarda istinad edilən yuxarıdakı yazılı sənədlər, tərəflərin izahatları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Şəxs MMC-nin nümayəndəsi X6 istinad etdiyi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16.11.2021-ci il tarixli, 3(006)-3220/2021 saylı qərarı hazırkı iş üzrə hər hansı bir preyudisial əhəmiyyəti və ya qanunun, hüququn tətbiqinə dair vahid təcrübə baxımından əhəmiyyəti yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 598.1.3-cü maddəsi ilə təqsirli bilinərək, 15000 manat (on beş min manat) məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar