Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3333/2025 05.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Mirzəyev Çingiz Rövşən oğlunun katibliyi, barəsində qəbul edilmiş qərardan şikayət vermiş şəxs X2 vəkili Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Yasamal rayon DYPŞ YNH inspektoru, polis leytenantı X1 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 Bakı şəhəri Yasamal rayon DYPŞ-nin xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli protokolu əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: X4 Bakı şəhəri Yasamal rayon DYPŞ-nin xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli protokolu əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* saylı qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə barəsində İXP7043143 saylı İnzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin gün həftənin bazar günü ona məxsus avtomobili maşın bazarında satmaq üçün getmişdir. Həmin gün bazar dolu idi və maşınların həmişəki kimi ciddi sıxlığı müşahidə olunurdu. Bir az durduqdan sonra avtomaşın onun tərəfindən yuyulması üçün yuyucuya aparılan zaman sağ tərəfdən çox sürətlə gələn Tesla markalı **-LR-*** dövlət qeydiyyat nişanlı avtomaşın onun nə qədər sol tərəfə qaçırmağa çalışsa da gəlib onu vurdu və qəza törədildi. Qəzadan sonra sürücü bir müddət ortalıqda olmadı. Sonra qısa zaman keçdikdə sürücü YPX əməkdaşı ilə qəza yerinə yaxınlaşdı. İspektor gələn kimi birbaşa onu günahlandırdı. Birbaşa onun inzibati xətaya səbəb olduğunu bildirdi. O da cavabında bildirdi ki, yaxşı nə tez qərar verdin?! Sonra onlar Yasamal rayon RPİ DYPŞ-nə dəvət olundular. Orada ondan izahat alındı. İzahatının mətnini xatırlamır. Amma bilir ki, tərəfindən kifayət qədər əsaslar gətirildi ki, avtoqəzada o günahkar deyil. İnspektor tərəfindən guya ona köməklik ediləcəyi bildirildi və o faktiki aldadıldı. Bu barədə ona bildirildi ki, ona yüngül inzibati cərimə tətbiq ediləcək və eyni zamanda ona avtomobilin düzəldilməsi üçün sığortadan dəstək göstərilməsi təmin ediləcəkdir. Amma buna baxmayaraq o inspektordan tələb edirdi ki, burada tərtib edilmiş sxem həqiqəti əks etdirmir. Əgər həqiqətən də günahkar tapılmasını istəyiriksə mütləq avto-texniki ekspertiza keçirilməlidir. Lakin inspektor israrla onun hüquqlarını tapdaladı, özünün üstün vəzifəsindən istifadə edib onu maksimum dərəcədə manipulyasiya etdi. Və barəsində protokol və inzibati tənbeh qərarı tətbiq etdi. İnspektora dəfələrlə ekspertizanın keçirilməli olduğunu tələb etdi. Çünki ekspert müəyyən etməli idi ki, Avtomaşınların bu qədər əzilməsi hansı sürət həddində hərəkət edilməsi nəticəsində yarana bilərdi? Ərazinin qələbəlik olduğu, maşınların sayının çox olduğu və hərəkət məhdud olduğu halda Tesla maşınının sürücüsü niyə bu qədər yüksək sürətlə - ərazidə sürət həddi göstərilmədiyi halda sürücü tərəfindən müəyyən edilməli ola biləcək sürət həddindən artıq - hərəkət edirdi? Tesla maşını tərəfindən tormozlama nəticəsində yaranmış tormoz izi hansı sürətlə hərəkətin göstəricisidir? Sonradan ona məlum olmuşdur ki, bu azmış kimi barəsində tərtib edilmiş protokol üzrə müəyyən edilmiş inzibati cərimə belə onun əvəzindən ödənilib. Halbuki, o belə bir ödəniş etməmişdir. Məhkəmə iclasında barəsində qəbul edilmiş qərardan şikayət vermiş şəxs X2 vəkili Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil şikayəti müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Yasamal rayon DYPŞ YNH inspektoru, polis leytenantı X3 verilmiş şikayətə etiraz edərək bildirmişdir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 77-ci maddısinə əsasən eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında relssiz nəqliyyat vasitəsinin sürücüsü sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməlidir. Yol-nəqliyyat hadisəsinin sxemindən, eləcə də hadisənin videogörüntülərindən məlum olur ki, eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcına daxil olan zaman “Toyota Prado” minik markalı **- RZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil sağdan yaxınlaşan “Tesla” minik markalı **-LR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə yol verməyərək hərəkətinə davam etmiş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, şikayətə əlavə edilmiş Bakı şəhəri Yasamal rayon DYPŞ-nin xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli protokolu əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X4 xx.xx.2024-cü il tarixdə saat 06:23-də ünvan 1 ünvanında idarə etdiyi “Toyota Prado” minik markalı **-RZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmişdir. Bu səbəbdən də, onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 (qırx) manat məbləğində cərimə edilmişdir. “Yol nəqliyyat hadisəsinin sxemi”ndən görünür ki, eyni əhəmiyyətli yolların kəsişməsində hərəkətdə olan “Toyota Prado” minik markalı **-RZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil sağdan yaxınlaşan “Tesla” minik markalı **-LR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə yol verməyərək hərəkətinə davam etmiş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə nəticəsində eyni zamanda “Toyota Prado” minik markalı **-RZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil “Ford” markalı **-MF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş və zəncirvari qəza baş vermişdir. Hadisənin videogörüntülərini özündə əks etdirən diskə məhkəmə iclasında baxış keçirilən zaman Bakı şəhəri Yasamal rayon DYPŞ-nin xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli protokolu əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarında qeyd edilənlər bir daha öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə inzibati məsuliyyət yaradır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 75-ci maddəsinin 3-cü bəndinə əsasən Hərəkət növbəliliyi svetoforun və ya nizamlayıcının siqnalları ilə müəyyən edilən yolayrıcı nizamlanan hesab edilir. Həmin Qanunun 77-ci maddəsinə əsasən eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında relssiz nəqliyyat vasitəsinin sürücüsü sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməlidir. Tramvay sürücüləri də öz aralarında bu qaydanı əsas tutmalıdırlar. Belə yolayrıclarında tramvay, onun hərəkət istiqamətindən asılı olmayaraq, relssiz nəqliyyat vasitələri qarşısında üstünlüyə malikdir. Relssiz nəqliyyat vasitəsinin sürücüsü sola və ya geriyə dönərkən eyni əhəmiyyətli yolda qarşı tərəfdən düzünə və ya sağa hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir. Əgər sürücü yolun örtüyünün olubolmadığını təyin edə bilmirsə (sutkanın qaranlıq vaxtı, palçıq, qar və s. nəticəsində), üstünlük nişanları isə yoxdursa, o, belə hesab etməlidir ki, ikinci dərəcəli yoldadır. Həmin Qanunun 81-ci maddəsinə əsasən Bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə hesab edir ki, X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır və Bakı şəhəri Yasamal rayon DYPŞ-nin xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli protokolu əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 Bakı şəhəri Yasamal rayon DYPŞ-nin xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli protokolu əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-3333/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3333/2025
05.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver