Məhkəmə qərarları › İş №3(004)-3343/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3343/2023

23.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3343/2023 23.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X6 iclas katibliyi ilə, X1 Azərbaycan Respublikası Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin Dövlət X12 yol patrul xidməti inspektoru X3 12 iyun 2023-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X8 şikayətlə məhkəməyə müraciət edərək barəsində Azərbaycan Respublikası Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin Dövlət X12 yol patrul xidməti inspektoru X5 tərəfindən qəbul edilmiş 12 iyun 2023-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, 12 iyun 2023-cü il tarixdə Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsində idarə etdiyi “Dodge” markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkət edərkən saat 17:00 radələrində YPX əməkdaşları onu saxlamış və Bakı şəhəri Yasamal rayonu DYPŞ yol patrul xidmətin inspektoru polis serjantı X5 tərəfindən barəsində İXP 547569 saylı protokol tərtib olunmuş və avtomobil cərimə meydançasına yerləşdirilmişdir. Protokolda onun “X11” Azərbaycan Respublikasının Qanununu İnzibati Xətalar Məcəlləsinin 342.2.2 maddəsi ilə törətmiş olduğu xətaya görə məsuliyyət daşıdığı qeyd edilmişdir. O bu protokolun tərtib olunmasına etiraz etsə də, inspektor maşının əlindən alınaraq cərimə meydançasına yerləşdirəcəyini bildirmişdir. Maşınını cərimə meydançasına sürməkdən imtina etmiş və evakuatorla aparılmasını tələb etmişdir. İnspektor buna görə onu polisə tabesizlikdə günahlandırmış və Post Patrul əməkdaşları çağırmışdır. Eyni vaxtda o 102 qaynar xəttinə vəziyyəti bildirmişdir. Əraziyə çağırışa gələn polis əməkdaşları ona yol polisinin maşını dayanacağa kimi sürməlisən əmrinə tabe olmasını istəmişlər. O dayancağa aparılma və cərimə ilə bağlı protokol tələb etsədə fiziki heç bir sənəd ala bilməmişdir ki, ora şikayətini yazsın. Yalnız asanpaydan sms gəlmiş və bundan sonra maşını cərimə meydançasına sürmüşdür. Polis serjantı maşına baxış keçirmiş və bildirmişdir ki, maşında dəyişdirilən bufer, kapot, arxa səsboğucular avtomobilin qeydiyyat şəhadətnaməsində əlavə kimi qeyd olunmalıdır. O polis seıjantına bildirmişdir ki, heç bir qaydanı pozmamış və avtomobilin qeydiyyat şəhadətnaməsində əlavə qeyd ilə bağlı heç bir qanuni tələb yoxdur. İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinin normativ tələbləri pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə dair İXP 547569 saylı protokol tərtib olunmuşdur lakin normativ tələblərin pozulduğunu sübut edən heç bir yoxlanış aparılmamışdır. Protokoldan hadisə yerində inspektora dəfələrlə şikayətini və razılaşmadığını bildirmişdir. Daha sonradan Asan ödəniş sistemindən də yazılan protokola etirazını yazarkən ona məlum olmuşdur ki, şikayətinə onun iştirakı olmadan baxıb və əsaslandırılmağa heç bir qanuni istinad göstərmədən, onun iştirakı olmadan qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin Dövlət X12 yol patrul xidməti inspektoru X5 tərəfindən qəbul edilmiş 12 iyun 2023-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək, barəsində Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində xətanın tərkibi olmaması əsası ilə xitam verilməsini məhkəmədən xahiş etmişdir. X2 və inzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin Dövlət X12 yol patrul xidməti inspektoru X3 tərəfindən qəbul edilmiş 12 iyun 2023-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, X8 12 iyun 2023-cü il tarixdə saat 17:55-də “Dodge Charger” markalı **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, məhəllə 593 ünvanında nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla avadanlığın quraşdırılması, nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla avadanlığın dəyişdirilməsinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 150 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. Qeyd edilən 12 iyun 2023-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin sənədlərdə X8 tərəfindən törədilməsi iddia edilən Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddələrinin dispotozitiv şərtlərini sübut edən hallar tam əks olunmamış, protokolu tərtib etmiş Azərbaycan Respublikası Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin Dövlət X12 yol patrul xidməti inspektoru X5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq təkzibedici sübutları, hadisəni əks etdirən foto və video materialları məhkəməyə təqdim etməmişdir. Beləliklə də həmin hadisənin baş vermə şəraiti qeyri-müəyyən olduğundan şikayət üçün əsas olmuş halların məhkəmə prosesində araşdırılması mümkün olmamışdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə görə Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. İş materiallarından və tərəfin məhkəmə iclasında verdiyi izahatdan müəyyən edilmişdir ki, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X4 iştirakı olmadan baxılaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X7 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin Dövlət X12 yol patrul xidməti inspektoru X5 tərəfindən qəbul edilmiş 12 iyun 2023-cü il tarixli TP seriyalı ******* nömrəli qərar ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikası İXMnin tələblərinə əməl edilməklə əlavə araşdırılması üçün Yol Patrul Xidmətinin İnzibati qrupuna göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X4 şikayəti qismən təmin olunsun. Azərbaycan Respublikası Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin Dövlət X12 yol patrul xidməti inspektoru X5 tərəfindən qəbul edilmiş 12 iyun 2023-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Azərbaycan Respublikası Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin Dövlət X15 göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar