Məhkəmə qərarları › İş №3(004)-3344/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3344/2021

09.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3344/2021 09.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsmayılzadə Turan Tahir qızının katibliyi, Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nin polis sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1985-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Qarabağlar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 09 dekabr 2021-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, Şəxs 08 dekabr 2021-ci il tarixdə Yasamal rayonu, “20 Yanvar” dairəsi yaxınlığında polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin polis sahə inspektoru X2 protokolu müdafiə edərək bildirmişdir ki, 08.12.2021-ci il tarixdə “20 Yanvar” dairəsi yaxınlığında “Badi Səba” şadlıq sarayının qarşısında 1 nəfər şəxsin ictimai nəqliyyatda tibbi maskadan istifadə etmədiyini görüb ona yaxınlaşaraq özünü təqdim etmiş və həmin şəxsə karantin rejimi qaydalarını pozduğunu bildirib şəxsiyyətini təsdiq edən sənədi tələb etmişdir. Həmin şəxs sənədlərini təqdim etməkdən imtina etmiş və xoşagəlməz danışaraq, kobud rəftar etməyə başlamışdır. Ona xəbərdarlıq etmələrinə baxmayaraq həmin şəxs etdiyi hərəkətlərə davam etdirmiş və polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Həmin şəxs 29-cu polis şöbəsinə dəvət edilmişdir. Yekun olaraq məhkəmədən Şəxs Azərbaycan Respublikasının İXM 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək bildirdi ki, 08 dekabr 2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, “20 Yanvar dairəsi” yaxınlığında ictimai nəqliyyatda olarkən tibbi maskadan istifadə etməmişdir. Bu zaman polis əməkdaşı ona yaxınlaşaraq şəxsiyyətini təsdiq edən sənədi tələb etmişdir. O isə əsəbi olduğundan polis əməkdaşı ilə aqressiv danışmış, onunla kobud rəftar etmiş və şəxsiyyətini təsdiq edən sənədi təqdim etməmişdir. Yekun olaraq əməlindən peşman olmasını, yəni ağciyər əməliyyatı olmasını və ailədə yeganə qazanc gətirən şəxs olmasını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə verilmiş suala cavab olaraq bildirdi ki, o, saxlanılarkən ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan hüquqları izah olunmuş, iş materialları ilə tanış olmuş, tutulan zaman və polis şöbəsində olduğu dövrdə heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmamışdır. İş materiallarında olan: Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsinin sahə inspektoru Pərviz Qəmbərov tərəfindən 29-cu Polis Şöbəsinin rəhbərliyinə ünvanlanmış 08.12.2021-ci il tarixli raportdan görünür ki, 08.12.2021-ci il tarixdə “20 Yanvar” dairəsi yaxınlığında “Badi Səba” şadlıq sarayının qarşısında 1 nəfər şəxsin ictimai nəqliyyatda tibbi maskadan istifadə etmədiyini görmüş və ona yaxınlaşmışdır. Həmin şəxsə özünü təqdim etmiş, karantin rejimi qaydalarını pozduğunu bildirmiş və həmin şəxsin şəxsiyyətini təsdiq edən sənədi tələb etmişlər. Həmin şəxs sənədlərini təqdim etməkdən imtina etmiş və xoşagəlməz danışaraq, kobud rəftar etməyə başlamışdır. Ona xəbərdarlıq etmələrinə baxmayaraq həmin şəxs etdiyi hərəkətlərə davam etdirimiş və polsin qanuni tələblərinə tabe olmamışdır. Həmin şəxs 29-cu polis şöbəsinə dəvət edilmişdir. İnzibati qaydada tutma haqqında 08.12.2021-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 12:20-də inzibati qaydada tutulmuşdur. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. Belə ki, Şəxs xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması özünün etirafedici izahatından başqa, məhkəmə iclasında araşdırılan digər sübutlarla təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs 08 dekabr 2021-ci il tarixdə Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsinin əməkdaşının qanuni tələblərinə tabe olmamışdır. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinə tabe olmama kimi halların, yəni İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs törətdiyi əməli səmimi etiraf edərək, əməlindən peşman olmasını və himayəsində üç azyaşlı övladının olmasını məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirilir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını, şəxsiyyətini xarakterizə edən halları və cəmiyyətin maraqlarını nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin Məcəllənin 31.4-1-ci maddəsi nəzərə alınmaqla, onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3, 40, 43, 48-51, 114-117, 128-130 və 535.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək həmin Məcəllənin 31.4-1-ci maddəsi nəzərə alınmaqla 150 (yüz əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar