Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3351/2025 05.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC tərəfindən ölkəyə saxta və ya dövlət standartlarının, standartlaşdırma üzrə digər normativ sənədlərin tələblərinə uyğun olmayan mallar idxal edilmişdir. Bununla əlaqədar BBGİ-nin Əməliyyat və Təhqiqat şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti baş leytenantı X3 tərəfindən 16 may 2025-ci il tarixli EP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC nümayəndəsi X2 bildirmişdir ki, "Çəhrayı duz" (Pink sait) adlı duzları Pakistandan sifariş vermişdirlər və onların ümumi çəkisi 23000 (iyirmi üç min) kiloqramdır. Əvvəllər duz idxalı ilə məşgul olmamışdırlar. İlk dəfədir ki şirkətləri Azərbaycana duz idxal edir və bu səbəbdən də “Yod çatışmazlıgı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun vodlaşdırılması haqqında" Azərbaycan Respublikasının Qanunundan xəbərdar olmamışdır, bundan əlavə, həmin duz partiyası Azərbaycana qida və yem məqsədilə deyil, texniki təyinatla yəni dəriyə qulluq və kosmetoloji təyinatla, eləcə də pendir və turşu istehsalında istifadə məqsədilə idxal edilmişdir. Qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəməyə gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, AZ1065, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına xx.xx.2024-cü il tarixində 07BX188/07ZA109 qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş **********4950 nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan “Çəhrayı duz” (Pink salt) yükünün tərkibində olan yodun miqdarının “Qida və yem məqsədi ilə istifadə olunan duzun tərkibində yodun miqdarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 200 nömrəli 30 dekabr 2002-ci il tarixli qərarının 1-ci bəndinə uyğun olmadığı müəyyən edilmişdir. İş materialların olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Mərkəzi Gömrük Ekspertizası İdarəsinin xx.xx.2024-cü il tarixli XM**********13 nömrəli ekspertiza rəyindən görünür ki, ekspertizanın aparılması və sənədlərin araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, Şəxs MMC-nin ünvanına EXP/SE/2024 saylı, xx.xx.2024-ci il tarixli invoys üzrə idxal olunan yük olub XİF MN görə aşağıdakı qaydada sinifləşdirilir: “Pink salt” adlı, qida üçün yararlı, kristallık formada, çəhrayı rəngli yodlaşdırılmamış duz. Azərbaycan Respublikası Prezidentinin 242-İİQ nömrəli, xx.xx.2001-ci il tarixli “Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında” AR Qanununun 8.3-cü bəndinə əsasən yodlaşdırılmamış duzun qida və yem m məqsədilə istehsalı, satışı və Azərbaycan Respublikasına idxalı qadağandır. Beləliklə məhkəmə tərəfindən inzibati xəta haqqında protokol və ona əlavə edilmiş material nəzərdən keçirilən zaman müəyyən edilmişdir ki, Şəxs MMC-nin ünvanına xx.xx.2024-cü il tarixində 07BX188/07ZA109 qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş **********4950 nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan “Çəhrayı duz” (Pink salt) yükünün tərkibində olan yodun miqdarı “Qida və yem məqsədi ilə istifadə olunan duzun tərkibində yodun miqdarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 200 nömrəli 30 dekabr 2002-ci il tarixli qərarının 1-ci bəndinə uyğun olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi əlaqədar BBGİ-nin Əməliyyat və Təhqiqat şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti baş leytenantı X3 tərəfindən 16 may 2025-ci il tarixli EP ******* saylı inzibati xəta haqqında protokol, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Mərkəzi Gömrük Ekspertizası İdarəsinin xx.xx.2024-cü il tarixli XM**********13 nömrəli ekspertiza rəyi və digər iş materialları ilə sübuta yetirilir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, Şəxs MMC “Yod çatışmazlıgı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun vodlaşdırılması haqqında" Azərbaycan Respublikasının Qanunun tələblərini pozmaqla Azərbaycan Respublikasına duzun idxalını həyata keçirmişdir. Bununla da Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. “Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən qida və yem məqsədi ilə istifadə olunan duz yodlaşdırılmalı, onun minimum keyfiyyəti, təhlükəsizliyi, tərkibindəki yodun miqdarına nəzarət metodları müvafiq qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğun olmalıdır. Duzun tərkibində yodun miqdarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Həmin qanunun 8-ci maddəsinə əsasən Azərbaycan Respublikasında yodlaşdırılmış duzun istehsalı, emalı, dövriyyəsi və utilizasiyasını həyata keçirən obyektlər (subyektlər) “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qeydiyyata alınır və ya təsdiq edilir. Azərbaycan Respublikasına idxal olunan yodlaşdırılmış duz müvafiq qaydada tanınmış və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilmiş idxal sağlamlıq aktına malik olmalıdır. “Qida və yem məqsədi ilə istifadə olunan duzun tərkibində yodun miqdarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 200 nömrəli 30 dekabr 2002-ci il tarixli qərarına əsasən qida və yem məqsədi ilə istifadə olunan duzun tərkibində yodun miqdarı 30-50 mkq/q həddində müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsinə əsasən saxta və ya dövlət standartlarının, standartlaşdırma üzrə digər normativ sənədlərin tələblərinə uyğun olmayan malların idxal edilməsinə görə - saxta və ya keyfiyyətsiz mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Qeyd olunan Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xətanın xarakterini və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə cərimə növündə inzibati tənbehin tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC (VÖEN: **********) inzibati xəta haqqında 16 may 2025-ci il tarixli EP ******* saylı protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib inzibati xətanın bilavasitə obyekti olmuş predmet - 23000 (iyirmi üç min) kiloqram “çəhrayı duz” yükü müsadirə edilməklə 4000 (dörd min) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində qararı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə ilə apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-3351/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3351/2025
05.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver