Məhkəmə qərarları › İş №3(004)-3364/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3364/2020

11.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3364/2020 11.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X1 iclas katibliyi, “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “xxxx” QSC-nin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş xx xxxxxxx 2020-ci il tarixli, AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Protokoldan görünür ki, “xxxx” QSC-nin mülkiyyətində (istifadəsində) olan “Toyota Corolla” (minik) markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatları səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Bununla da, “xxxx” QSC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “xxxx” QSC-yə və protokol tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nə məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildirişlər göndərilmişdir. Lakin, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin və protokol tərtib etmiş orqanın nümayəndələri məhkəmə iclaslarına gəlməmiş və tərəflərindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 64.3 və 112.1.4-cü maddələrinə əsasən işə barəsində protokol tərtib edilən “xxxx” QSC və protokol tərtib etmiş orqanın nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, “xxxx” QSC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulan xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin “xxxx” QSCnə ünvanladığı sorğu məzmunlu blanksız məktubdan görünür ki, xx xxxx 2020-ci il tarixdə saat 19:12-də cəmiyyətin istifadəsində olan “Toyota Corolla” (minik) markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən fiziki şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Qeyd olunan məktubla avtomobili idarə etmiş sürücü barədə məlumat verilməsi xahiş edilmiş, eyni zamanda həmin məlumatların 5 gün müddətində verilməməsinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə tədbir görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Lakin sorğuya hansı idarəyə və ya ünvana cavablandırılması, onun tərtib edildiyi tarix, o cümlədən haqqında sorğu verilmiş sürücü barəsində hansı inzibati xəta haqqında protokol və ya qərar qəbul edilməsi bəlli deyildir və o, kargüzarlıq qaydalarına uyğun tərtib edilməmişdir. Məhkəmə hesab edir ki, Yasamal RPİ-nin DYPŞ-si tərəfindən barəsində protokol tərtib edilmiş şəxsə göndərilməsi iddia edilən sözügedən blanksız və tarixi bəlli olmayan, dolayısı ilə İXM-nin 347-ci maddəsinin tərkibinin yaranmasına əsas olan sorğunun özüözlüyündə qüsurlu olması və bu sorğuya cavab verilməməsi belə həmin xətanın tərkibinin yaranmasına əsas ola bilməz. Qeyd olunan xətanın tərkib əlamətlərinin yaranmasından ötrü səlahiyyətli qurumun sorğusu kifayət qədər dəqiq və ətraflı olmalıdır ki, ünvan sahibi ondan nə tələb edildiyini dəqiq müəyyən edə bilsin. Sorğu dəqiq və ətraflı olduğu təqdirdə ona cavab verilməməsi xətanın tərkibini yarada bilər. Odur ki, cəmiyyətə ünvanlanmış qüsurlu şəkildə tərtib edilmiş sorğu sözügedən xətanın yaranması üçün əsas rolunu oynaya bilməz. İş materiallarında olan poçt göndərişinin verilməsi haqqında “SS662944695AZ” ştrix kodlu xəbərnamədən müəyyən edilir ki, Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin müvafiq sorğusu xx xxxx 2020-ci il tarixdə “xxxx” QSC-nin H.Cavid prospekti ev 33-də yerləşən hüquqi ünvanına göndərilmiş. Xəbərnmə üzərində iki ədəd, yəni xx.xx.2020 və xx.xx.2020ci il tarixli poçt ştampları həkk edilmişdir. Xəbərnamədəki qeydə əsasən sorğu xx xxxxxx 2020-ci il tarixdə ünvan sahibinə çatdırılmış və Hüseynov Elşad adlı şəxs tərəfindən qəbul edilmişdir, lakin həmin şəxsin barəsində protokol tərtib edilmiş hüquqi şəxslə nə kimi bağlılığın olması qeyd edilməmişdir. Məhkəmə tərəfindən “xxxx” MMC-yə ünvanlanmış sorğuya daxil olmuş cavab məktubundan müəyyən edilir ki, Yasamal RPİ-nin DYPŞ-si tərəfindən “xxxx” QSC-yə ünvanlanan “SS662944695AZ” saylı sifarişli xəbərnaməli məktub xx.xx.2020-ci il tarixdə 122 saylı poçt şöbəsində qəbul olunaraq ünvan üzrə göndərilmişdir. Həmin məktub xx.xx.2020-ci il tarixdə xidmət ərazisi üzrə 73 saylı PŞ-yə daxil olmuş, lakin ünvanda qeyd edilən idarə olmadığından F.20 yarlıkında qeyd aparılmış və həmin gün göndəriciyə geri qaytarılaraq Yasamal RPİ-nin ümumi şöbəsinin əməkdaşı Emin Seyidova təhvil verilmişdir. Göründüyü kimi, Yasamal RPİ-nin DYPŞ-nin ““SS662944695AZ” ştrix kodlu sifarişli-xəbərnaməli məktubu ünvan sahibinə çatdırılmamış və göndəriciyə geri qaytarılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, məktubun hüquqi şəxsin “Hüseynov Elşad” adlı şəxs tərəfindən qəbul edilməsinə dair iş materiallarına əlavə edilmiş xəbərnamə sübut olaraq qəbul edilə bilməz. Protokol tərtib etmiş qurum tərəfindən isə bunun əksini sübut edən hər hansı bir dəlil məhkəməyə təqdim edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 57.2-ci maddəsinə əsasən hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Həmin Məcəllənin 57.3-cü maddəsinə əsasən sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. 57.5-ci maddəyə əsasən inzibati xəta haqqında iş üzrə sənəd 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan; 57.3-cü maddəsində nəzərdə tutulmuş hallarda isə ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə şəxsən verildiyi vaxtdan və sənədin çatdırılması tapşırılmış digər şəxslər sənədin çatdırılması barədə müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verdiyi vaxtdan rəsmi qaydada verilmiş hesab edilir. Göstərilənlərlə yanaşı iş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin inzibati xəta haqqında protokol tərtib edilərkən iştirakı təmin edilməmiş, hüquq və vəzifələrinin izah edilməsi, həmçinin tərtib edilmiş protokolun surətinin ona təqdim edilməsi və ya göndərilməsi təmin edilməmiş, bununla da barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öz müdafiə hüququnu qurmaqdan məhrum edilmişdir. Lakin, hazırki işin hallarından müəyyən edilmişdir ki, “xxxx” QSC-nin mülkiyyətində (istifadəsində) olan avtomobili idarə etmiş fiziki şəxs haqqında məlumatın əldə olunması üçün Yasamal RPİ-nin DYPŞ-nin müvafiq sorğusu hüquqi şəxsə qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmi olaraq çatdırılmamışdır. Beləliklə, “xxxx” QSC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri yoxdur. Göstərilənlərlə yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 122.2-ci maddəyə görə inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində tərtib edilir. Həmin Məcəllənin 123-cü maddəsi məhz foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən və hüquqi şəxsə (dövlət qurumuna) məxsus nəqliyyat vasitəsinin istifadəçisi tərəfindən törədilən inzibati xəta haqqında iş üzrə icraatın aparılması qaydalarını tənzimləyir. Belə ki, 123.1-ci maddəyə görə həmin Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir. 123.2-ci maddəyə görə isə hüquqi şəxsin (dövlət qurumunun) müvafiq vəzifəli şəxsi sorğunu rəsmi qaydada aldığı vaxtdan 5 gün müddətində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə səlahiyyətli orqana (vəzifəli şəxsə) məlumat verməlidir. 123.3-cü maddəyə görə Məcəllənin 123.1-ci maddəsində nəzərdə tutulmuş sorğuya cavab verməyən hüquqi şəxs, yaxud dövlət qurumunun vəzifəli şəxsi həmin Məcəllənin 347ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyətə cəlb olunur. Sadalanan normaların məzmundan görünür ki, Azərbaycan Respublikası İXM-nin 328.1ci maddəsilə nəzərdə tutulmuş xətanın törədilməsinə görə inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs barəsində tərtib edilir. Xəta hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda həmin hüquqi şəxsə səlahiyyətli orqan tərəfindən bu barədə dərhal sorğu göndərilir. Hüquqi şəxsin müvafiq vəzifəli şəxsi isə sorğunu rəsmi qaydada aldığı vaxtdan 5 gün müddətində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə səlahiyyətli orqana məlumat verməlidir. Sadalanan normaların məzmunundan göründüyü kimi, dövlət orqanının özü deyil yalnız həmin orqanın vəzifəli şəxsi İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsinə görə məsuliyyətə cəlb olunur. Eyni zamanda məhkəmə qeyd edir ki, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinin tərkibini yaradır və maddənin sanksiyasına görə dövlət qurumunun müvafiq vəzifəli şəxsi, hüquqi şəxsin isə özü həmin xətaya görə inzibati məsuliyyətə cəlb edilə bilər. Göründüyü kimi, qeyd olunan inzibati xətanın subyekti qismində hüquqi şəxs və ya dövlət qurumunun vəzifəli şəxsi çıxış edir. Lakin, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hazırkı iş üzrə qeyd edilən xətaya görə məsuliyyətə cəlb edilə bilməyən və dövlət qurumu statusunda olan “xxxx” QSC barəsində protokol tərtib edilmişdir. Göründüyü kimi, protokol üzrə inzibati xəta haqqında məsuliyyətə cəlb edilməli olan subyekt düzgün müəyyən edilməmişdir. Yəni “xxxx” QSC İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın subyekti ola bilməz. Qeyd edilir ki, Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə görə yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəyə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəyə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş “xxxx” QSC-yə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) və ona istinad edilən inzibati xəta tərkibinin əlamətləri mövcud deyildir. Bundan başqa, o hazırki xətanın törədilməsinin subyekti ola bilməz. Ona görə də “xxxx” QSC barəsində Yasamal RPİ-nin DYPŞ-si tərəfindən Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə tərtib edilmiş xx xxxxxxx 2020-ci il tarixli, AP seriyalı ******* nömrəli protokol üzrə Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114-117, 128-130 və 347-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “xxxx” QSC barəsində Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-si tərəfindən Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə tərtib edilmiş xx xxxxxxx 2020-ci il tarixli, AP seriyalı ******* nömrəli protokol üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar