Məhkəmə qərarları › İş №3(004)-3366/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3366/2022

23.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3366/2022 23.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X5 iclas katibliyi ilə, X1 Azərbaycan Respublikası DİN X15 İdarəsinin 016-74517/2Y saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 barəsində tərtib edilmiş Azərbaycan Respublikası DİN X15 İdarəsinin 016- 74517/2Y saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayətçi şikayətində və məhkəmə iclasında verdiyi izahatında şikayətini onunla əsaslandırdı ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X15 İdarəsinin xx.xx.2022-ci il tarixli, 016-74517/2Y nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən barəsində inzibati tənbeh tətbiq edilmişdir. Qərarın surəti AR DİN Baş X15 İdarəsinin inzibatı binasında xx.xx.2022-ci il tarixdə ona rəsmi təqdim olunmuşdur. Qeyd olunan inzibati xətanın törədilməsi ilə bağlı qəbul edilmiş qərarla razı olmadığını bildirir və inzibatı xətanın törədilməsinə dair qərarı tamamilə əsassız hesab edir. Belə ki, X13 Xidmətinin xx.xx.2022-ci il tarixli, TP5009959 nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən barəsində inzibatı tənbeh tətbiq edilmişdir. Həmin qərarın ləğv edilməsi ilə bağlı tərəfindən məhkəmə qaydasında şikayət verilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-2302/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə X13 Xidməti tərəfindən tərtib olunmuş TP ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək iş yenidən baxılması üçun X13 Xidmətinə göndərilmişdir. İşə AR DİN Baş X15 İdarəsində təkrar baxılaraq xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli qərar ləğv edilmiş, lakın qanunsuz olaraq barəsində təkrar xx.xx.2022-ci il tarixli, 016-74517/2Y nömrəli qərarla AR İXM-nin 327.1-ci maddəsi ilə inzibatı məsuliyyətə cəlb olunağı haqqında qərar qəbul edilmişdir. Qərarın ona görə ləğv olunmalı olduğunu iddia edir ki, xx.xx.2022-ci il tarixdə polis əməkdaşı onu saxlayaraq düz xətti tapdaladığını bildirmiş, o, ondan bunu etmədiyini, bununla bağlı görüntü göstərməsini istədiyi halda isə ona heç bir video görüntü olmadığını, pozuntunu vizual şəkildə müəyyən etdiyi bildirmişdir. Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2022-ci il tarixli, 3(004)-2302/2022 nömrəli qərarının 3-cü səhifəsində də göstərilmişdir ki, “Odur ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş yenidən araşdırılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu halda (07 may 2022-ci il tarixdə saat 12:41-ə olan ərazi üzrə kamera görüntüləri), göstərilməklə, X4 iştirakı ilə yenidən əsaslı qərar qəbul olunmalıdır.” Belə ki, AR Konstitusiya Məhkəməsinin Biləcəri Təmir Quraşdırma Qapalı Səhmdar Cəmiyyətinin şikayəti uzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 23 iyul 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2022-ci il tarixli qərarında göstərilir ki, preyudusiya institutunun məntiqi əsasını qüvvəyə minmiş məhkəmə qərarının həqiqiliyi prezumpsiyası təşkil edir. Bu prezumpsiya bütün məhkəmə aktlarına şamil edildiyindən, preyudisiya əhəmiyyətinə yalnız məhkəmə qətnaməsi deyil, məzmunundan və xarakterindən asılı olaraq digər məhkəmə aktları da malik ola bilər. Lakin, AR DİN Baş X15 İdarəsi Məhkəmə qərarı ilə onun uzərinə qoyulan öhdəliyi icra etməyərək, saymazyana şəkildə, heç bir faktı video görüntüsü olub olmamasını araşdırmadan onu təkrar eyni maddə ilə məsuliyyətə cəlb etmişdir. AR DİN Baş X15 İdarəsi işi təkrar araşdırarkən, məhkəmə qərarında göstərilməsinə baxmayaraq onu dəvət etməmiş, kamera görüntüsü müəyyən etməmişdir. Belə ki, yenidən tərtib olunmuş xx.xx.2022-ci il tarixlı qərar “ASAN PAY” portalı vasitəsilə ona göndərilsə də, xx.xx.2022-ci il tarixli iş üzrə məhkəmə araşdırması aparılarkən də tələb etdiyi video görüntü yenə portala yüklənməmişdir. xx.xx.2022-ci il tarixdə tərtib olunmuş qərarda göstərilir ki, “Xətanın mövcudluğu Baş X15 İdarəsinə bilavasitə tabe olan Ekolojı nəzarət üzrə Yol-Patrul Xidməti bölüyü yol-patrul xidməti inspektoru tərəfindən bilavasitə vizual formada aşkar edilmiş və patrul avtomobilnə quraşdırımış xüsusi texniki vasitə ilə qeydə alınaraq təsdiqini tapmışdır.” Polis orqanı tərəfindən yuxarıda qeyd olunan ifadə həqiqəti əks etdirmir və heç bir kamera görüntüsü yoxdur. Məhkəmə qərarını icra edən şəxs Azərbaycan Respublikası adından çıxarılan qərara etinasız yanaşaraq şablon qərar formasından istifadə etmişdir və nəticədə onu qanunsuz və əsassız olaraq məsuliyyətə cəlb etmişdir. Bütün qeyd olunan faktlar nəzərə alınmaqla bildirmişdir ki, o, avtomobili idarə edərkən polis əməkdaşının iddia etdiyi inzibati hüquq pozuntusunu törətməmişdir. Bunu polis əməkdaşına bildirəndə isə, o ona video görüntü göstərmədi xx.xx.2022-ci il tarixdə eyni məsələ ilə bağlı təkrar çıxarılaraq “ASAN PAY” portalına əlavə edilən qərarda da video görüntü olmadığı aşkar görünür. Qərarından şikayət verilən orqanın nümayəndəsi Nümayəndə2 əvvəlki məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, hadisənin videogörüntüsü mövcuddur və həmin görüntünü məhkəməyə təqdim edərək, şikayətin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə izahatı dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN X15 İdarəsinin 016- 74517/2Y saylı, xx.xx.2022-ci il tarixli qərara əsasən X6 “Kia Rio” markalı, **-DR-*** nömrəli avtomobillə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Kənar Dairəvi yolda Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə (yəni, təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etmə) təqsirli bilinib 40 manat cərimə edilmişdir. Qərarın qəbul edilməsinə əsas İXP ******* saylı, xx.xx.2022-ci il tarixli protokol olmuşdur. Həmin protokol əsasında qəbul edilmiş TP5009959 saylı, xx.xx.2022-ci ii nfhbökb qərardan əvvəllər də məhkəməyə şikayət vermiş və Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(004)–2302/ 2022 saylı qərarı ilə şikayət qismən təmin edilərək, iş üzrə qərarı ləğv edilmiş və həmin inzibati xəta haqqında işə yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməsi qərara alınmışdır. Həmin məhkəmə qərarında qeyd olunmuşdur ki, iş materiallarında olan 07 may 2022-ci il tarixli TP ******* saylı inzibati xəta haqqında inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 07 may 2022-ci il tarixdə saat 12:41-da nəqliyyat vasitəsini idarə edərkən yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməmişdir. X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələbi pozulmuşdur və C.Yusifzadə Elektron qərara əsasən bu əmələ görə 40 manat məbləğində cərimə olunmuşdur. Həmin qərarda eyni zamanda qeyd edilmişdir ki, C.Yusifzadə barəsində həmin gün yəni 07 may 2022-ci il tarixdə İXP4622087 saylı inzibati protokol da tərtib edilmişdir. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin məcəllənin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Məhkəmə hesab edir ki, iş materialları araşdırılarkən qərar qəbul etmiş orqan tərəfindən İnzibati xətalar məcəlləsinin yuxarıda qedyd edilən tələblərinə riayyət edilib edilməməsini müəyyən etmək mümkün olmamışdır, bir sıra anlaşılmazlığın aradan qaldırılması zərurəti yaranmışdır. Belə ki, şəxs barəsində elektron qərar çıxarılmsına baxmayaraq şəxs barəsində həmçinin inzibati protokol da tərtib edilmişdir, elektron kabinetə müvafiq məlumat yerləşdirilməmişdir. Qeydə alınmış inzibati xəta xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmişdirsə bu halda şəxs barəsində inzibati protokolun tərtib edilməsi mümkün olmur və yaxud da şəxs inzibati xəta törətdikdən bilavasitə sonra saxlanılıb onun barəsində protokol tərtib edilibsə (xətanın törədilməsi ilə razılaşmadığı halda) şəxs barəsində həmin gün elektron qərarın qəbul edilməsi mümkün olmur. Odur ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş yenidən araşdırılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu halda (07 may 2022-ci il tarixdə saat 12:41-ə olan ərazi üzrə kamera görüntüləri), göstərilməklə, X4 iştirakı ilə yenidən əsaslı qərar qəbul olunmalıdır Beləliklə əvvəlki məhkəmə qərarında da qeyd edildiyi kimi, şəxsin təqsirliliyinə dair sübutlar toplanılmaqla, işə yenidən baxılmalıdır. Lakin iş üzrə hazırda barəsində şikayət verilən qərarda hər hansı bir sübuta istinad yoxdur. Hər hansı bir araşdırma aparmadan əvvəlki ləğv edilmiş qərarla eyni məzmunlu qərar qəbul edilmişdir. Həmçinin məhkəmənin qərarında qeyd edilmişdir ki, protokol və qərar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla, ondan inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Həmin protokol və qərarda şəxsin xx.xx.2022-ci il tarixdə həqiqətən də “yolayrıcı keçmə qaydalarının pozmaqla” nəqliyyat vasitəsini idarə etməsini təsdiq edəcək sübutla təsdiq edilmir. Barəsində protokol tərtib edilmiş şəxs, protokolla razı olmadıqda, onun təqsiri digər əlavə sübutlarla təsdiq edilməlidir. Səlahiyyətli orqanın nümayəndəsinin məhkəməyə təqdim etdiyi videogörüntüyə baxış zamanı isə, orada ümumiyyətlə X4 “Kia Rio” markalı, **-DR-*** nömrəli avtomobili ibarə etməsi, müəyyən edilmir, ümumiyyətlə avtomobilllərin markaları və dövlət qeydiyyat nömrələri görünmür. Lakin buna baxmayaraq əvvəlki inzibati tənbehvermə qərarı məhkəmə tərəfindən ləğv edildikdən sonra həmin işə səlahiyyətli orqan tərəfindən yenidən baxılaraq hazırkı barəsində şikayət verilmiş inzibati tənbehvermə qərarı qəbul edilmişdir. Baxmayaraq ki, əvvəlki məhkəmənin qərarında qeyd edilmişdir ki, şəxsin təqsirliliyinə dair sübutlar toplanılmaqla, işə yenidən baxılmalıdır. Lakin iş üzrə hazırda barəsində şikayət verilən qərarda hər hansı bir sübuta istinad yoxdur. Hər hansı bir araşdırma aparmadan əvvəlki ləğv edilmiş qərarla eyni məzmunlu qərar qəbul edilmişdir. İş üzrə görünür ki, həmin vaxtı şəxs protokolla razı olmamışdır, inzibati xəta törədilməsi ilə razı olmamışdır, bunu mübahisələndirir. Bununla da şəxs barəsində inzibati tənbeh qərarında qanuni hesab edilməyən sübutlara istinad edilmişdir. Təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edilmişdir. Həmçinin şəxsin inzibati xəta törətməsini sübut etmək qərar qəbul etmiş səlahiyyətli orqanın (vəzifəli şəxsin) üzərinə düşdüyündən, Yasamal Rayon Məhkəməsinin xx.xx.2022, xx.xx.2022-ci il tarixli, 3(004)-3366 /2022 saylı məktubları ilə Azərbaycan Respublikası DİN X15 İdarəsinə sorğu verilərək, qərarın qəbul edilməsinə əsas olan inzibati protokolu, inzibati qərarı, inzibati xətanın törədilməsi zamanı hadisəni özündə əks etdirən CD diski (video kamera görüntüsü və ya foto görüntü), inzibati xətanın mövcudluğunu təsdiq edən digər hər hansı bir sübutu, qərarın qəbul edilməsinə əsas olan digər materialları təyin olunmuş məhkəmə iclasının tarixinədək və ya məhkəmə iclasında məhkəməyə təqdim edilməsi xahiş olunsa da, həmin sübutlar məhkəməyə təqdim edilməmişdir. Həmçinin protokolu tərtib etmiş və qərar qəbul etmiş şəxsin də məhkəmə iclasında iştirakı tələb edilsə də, həmin şəxslər də məhkəmə iclasında iştirak etməmişlər. Göründüyü kimi şəxs inzibati xəta törədilməsi ilə razılaşmamış, belə bir vəziyyətdə tərtib edilmiş protokol əsasında hər hansı bir digər sübut olmadan şəxs barədə inzibati tənbeh qərarı çıxarılmışdır. Şəxs protokolla razılaşdıqda, əlavə sübut toplamadan, əlavə sübut mövcud olmadan, yalnız həmin protokol əsasında şəxs inzibati məsuliyyətə cəlb edilə bilər. Lakin göründüyü kimi şəxs inzibati xəta törətməsi ilə razılaşmadığı şəraitdə, onun barəsində tərtib edilmiş protokol əsasında, səlahiyyətli orqan protokolda göstərilən əməlin şəxs tərəfindən törədilib-törədilməməsini müəyyən etmək üçün əlavə sübut toplamadan, həmin protokolla kifayətlənib, inzibati tənbeh qərarı çıxarmışdır. Şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, əlavə araşdırma aparmağa ehtiyac qalmır. Lakin razılaşmadıqda, onun inzibati xəta törətməsi sübutlarla təsdiqini tapmalıdır. Sübut toplamaq isə inzibati tənbeh vermiş səlahiyyətli orqanın üzərinə düşür. Qeyd edilən vəziyyətdə həmin inzibati xətanın məhz X11 tərəfindən törədilməsində şübhələr yaranır. Bütün göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şəxsin əməlində inzibati xəta tərkibinin olması səlahiyyətli orqanın qərarında kifayət qədər sübuta yetirilməmişdir, bu barədə sübutlar kifayət etmir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X10 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmənin bu qənaəti İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi həmin Məcəllədən ibarətdir. İXM-nin 1.3-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. İXM-nin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. İXM-in İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə), bu əməlin hansı sübutlarla müəyyən edilməsi və bu əməlin İXM-nin hansı maddəsi ilə inzibati xəta hesab edilməsi və həmin maddəyə görə tətbiq edilən inzibati tənbehi qərar qəbul etmiş səlahiyyətli orqan müəyyən etməlidir. Məhkəmə səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Qərarda konkret sübut göstərilmədiyi üçün məhkəmə belə bir qərarı İXMnin tələblərinə uyğun çıxarılmış araşdırılmanın nəticəsi olan qərar kimi hesab edə bilməz. Səlahiyyətli orqanın qərar qəbul edərkən, şəxsin qərarda mövcud olmayan və istinad edilməmiş hər hansı bir qeyri-müəyyən sübutla inzibati xətaya səbəb olan əməli törədib-törətməməsini məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. Bununla da məhkəmə hesab edir ki, qərarda konkret sübuta istinad edilmədiyindən, sübutsuz vəziyyətdə hadisənin törədilməsində şəxsi təqsirli bilib, sadəcə İXM-nin inzibati xəta kimi müəyyən edilmiş maddəsinin dispozisiyasına istinad edilərək şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Konkret əməl İXM-də inzibati xəta kimi müəyyən edilmişdirsə və şəxsin həmin əməlin törədilməsində təqsiri İXM-lə müəyyən edilmiş qaydada sübuta yetirildikdən sonra inzibati məsuliyyətə cəlb edilə bilər. Qərarda şəxsin ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan konkret hansı əməli (hərəkət və ya hərəkətsizlik) törətməsi göstərilməli, həmin əməlin hansı sübutlarla müəyyən edilməsi qeyd edilməli və həmin əməlin İXM-in hansı maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xəta olması qərarda öz əksini tapmalıdır. İXM-də 2 qaydada protokol tərtib edilməsi müəyyən edilmişdir. Dərhal və ya inzibati araşdırmanın nəticəsi üzrə. Belə ki: - İXM-nin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Həmçinin - İXM-nin 101.3-cü maddəsinə əsasən İnzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir. Lakin hazırkı iş üzrə şəxs əməlin mövcudluğu ilə razılaşmadığı üçün, tərtib edilmiş protokol yeganə sübut ola bilməz. Hazırkı iş üzrə protokol hər hansı bir araşdırmanın nəticəsi olaraq tərtib edilməmişdir. Hazırkı protokolu tərtib etmiş şəxs hesab etmişdir ki, xəta törədilib, ona görə də hər hansı bir araşdırma aparmadan protokol tərtib etmişdir. Bu səbəbdən də həmin protokol onu tərtib etmiş şəxsin subyektiv mülahizəsini (ehtimalını) əks etdirməklə, dərhal tərtib edilmişdir. Subyektiv mülahizəsini (ehtimalı) əks etdirən protokol isə şəxsin təqsirliliyini təsdiq edən yeganə sübut kimi qəbul edilə bilməz. Həmin protokoldakı əməlin şəxs tərəfindən törədilməsini təsdiq edən İXM-nin 76-cı maddəsində sadalanmış digər sübut növləri mövcud olmalıdır. Lakin iş üzrə məhkəməyə belə bir sübut səlahiyyətli orqan tərəfindən təqdim edilməmişdir. Çünki məhkəmə hazırkı işə baxılması ilə əlaqədar şəxsin təqsirini müəyyən edən sübutları qərar qəbul etmiş səlahiyyətli orqandan tələb etmiş, lakin məhkəməyə əlavə hər hansı bir sübut təqdim edilməmişdir. Ona görə də əməlin mövcudluğu ilə razılaşmadığı şəraitdə tərtib edilmiş mübahisəli protokol əsasında, digər hər hansı bir sübut olmadığı şəraitdə şəxsin inzibati xəta törətməsində aradan qaldırılmamış şübhələr mövcud olmaqdadır. Məhkəmə bir daha qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Buna görə də şübhələr şəxsin xeyrinə həll edilməlidir. Şəxsin təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədiyi üçün, qərar ləğv edilməli, həmin əməlin törədilməsində təqsirsiz bilinməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X6 barəsində İXM-in 327.1-ci maddəsi ilə qəbul edilmiş Azərbaycan Respublikası DİN X15 İdarəsi İdarəsinin 016-74517/2Y saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar