Məhkəmə qərarları › İş №3(004)-3371/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3371/2020

03.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3371/2020 03.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X4 iclas katibliyi, X1nun iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhəri Baş Polis İdarəsinin (BPİ) Dövlət X10 (DYPİ) tərəfindən qəbul edilmiş xx xxxxxxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayətlə Yasamal Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası DİN BPİ DYPİ-si tərəfindən qəbul edilmiş xx xxxxxxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. X1 ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxxxxx 2020-ci il tarixdə ona məxsus “Mercedes Vito” markalı **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Lənkəran şəhərində istirahət gəzintisində olarkən həmin avtomobilin dövlət qeydiyyat nişanlarından biri naməlum şəraitdə itmişdir. Bundan sonra o, dərhal 102 xidmətinə zəng vuraraq bu barədə məlumat vermiş və Lənkəran RPŞ tərəfindən dövlət qeydiyyat nişanının oğurlanması barədə ona arayış təqdim edilmişdir. Eyni zamanda ona noyabr ayında yeni nömrə almaq üçün müraciət etməsi bildirilmişdir. xx.xx.2020-ci il tarixdə o, qeyd olunan qüsuru aradan qaldırmaq üçün həmin avtomobillə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis idarəsinə gedərkən Ziya Bünyadov prospektində YPX əməkdaşı tərəfindən saxlanılmış, onun İXM-nin 342.7-ci maddəsi ilə təqsirli bilinməsi və barəsində 4 balla yanaşı 60 manat məbləğində cərimə növündə tənbeh tədbiri təyin edilməsi haqqında TP seriyalı ******* nömrəli inzibati xəta haqqında qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən X5 sözügedən qərarın ləğv edilməsi və ona təyin edilmiş cərimənin silinməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X5 şikayətin dəlillərinə uyğun izahat verərək Bakı şəhər DYPİ-si tərəfindən qəbul edilmiş xx xxxxxxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. O, həmçinin bildirdi ki, YPX-nin əməkdaşı tərəfindən saxlanılarkən xəta ilə razılaşmayaraq ona sənədləri təqdim etmiş, lakin inspektor onun sənədlərinə və xəta ilə razılaşmamasına baxmayaraq barəsində dərhal inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada inzibati tənbeh vermə haqqında qərarından şikayət verilmiş səlahiyyətli inzibati orqana məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası DİN Bakı şəhəri BPİ DYPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verilməmiş və ya işə baxılmasının təxirə salınması barədə məhkəməyə heç bir vəsatət daxil olmamışdır. Məhkəmə göstərilənlərə əsasən işə qərarından şikayət verilmiş Azərbaycan Respublikası DİN Bakı şəhəri BPİ DYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatını dinləyib şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdırş Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Bakı şəhər BPİ DYPİ-nin polis serjantı X3 tərəfindən qəbul edilmiş xx xxxxxxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 həmin tarixdə “Mercedes Vito” (minik) markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkət edərkən Azərbaycan Respublikasının İXM-nin 342.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə əlaqədar barəsində 60 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Göründüyü kimi, X2 barəsində xx xxxxxxx 2020-ci il tarixdə onun tərəfindən törədilməsi ehtimal edilən inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmaması nəzərə alınmadan Azərbaycan Respublikası İXM-nin 124-cü maddəsinin tələbləri pozularaq birbaşa olaraq inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul edilmişdir. Tərəflər mübahisələndirilən inzibati xəta hadisəsinin mövcud olub-olmamasına dair hər hansı bir sübut məhkəməyə təqdim etməmişlər. Belə olan halda isə, iş üzrə icraata xitam verilməsi ilə bağlı məsələyə obyektiv qiymət verilməsi qeyri-mümkündür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İXM-nin 124.2-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. 124.3-cü maddəyə görə isə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə görə Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə məhkəmə hesab edir ki, X2 şikayəti qismən təmin edilməli, Azərbaycan Respublikası DİN-nin Bakı şəhər BPİ DYPİ-nin polis serjantı X3 tərəfindən qəbul edilmiş xx xxxxxxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli qərar ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İXM-nin tələblərinə əməl edilməklə əlavə araşdırılması üçün qərar qəbul edən orqana göndərilməlidir. Həmçinin həmin qərar əsasında Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X8 Mərkəzi İnformasiya sistemində X2 barəsində yerləşdirilmiş inzibati cərimə silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X2 şikayəti qismən təmin olunsun. Azərbaycan Respublikası DİN-nin Bakı şəhər BPİ DYPİ-nin polis serjantı X3 tərəfindən qəbul edilmiş xx xxxxxxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin qərarı qəbul etmiş səlahiyyətli orqana göndərilsin. X5 barəsində qəbul edilmiş xx xxxxxxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X8 Mərkəzi İnformasiya sistemində yerləşdirilmiş inzibati cərimə silinsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim:Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar