Məhkəmə qərarları › İş №3(004)-3372/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-3372/2020

30.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-3372/2020 30.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlu, X1 Xətai RPİ 37-ci Polis şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, İXP ******* saylı qərardan verdiyi şikayətə baxaraq, m ü ə y y ə n e t d i m: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, MN seriyalı ******* saylı protokol əsasında ona cərimə kəsilmsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət ərizəsi geri qaytarılmalıdır. Belə ki, birincisi, şikayətçi şikayət ərizəsinə şəxsiyyətini təsdiq edən sənədi əlavə etmədiyindən onun kimliyini, harada qeydiyyatda olmasını müəyyən etmək mümkün olmamışdır. Belə olan halda isə Xətai RPİ 37-ci Polis şöbəsi tərəfindən qəbul edilmiş şikayət ərizəsinə məhz hansı səbəbdən Yasamal Rayon Məhkəməsində baxılmalı olduğu öz təsdiqini tapmamışdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir: 128.2.1. hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə; 128.2.2. kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə; 128.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1 və 129.1.3-cü maddələrinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Digər tərəfdən, şikayətdən (ərizədən) və ona əlavə edilmiş qərardan aydın olur ki, X2 xx.xx.2020-ci il tarixli, İXP ******* saylı qərara əsasən, İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulan xətanı törətməkdə təqsirli bilinib 100 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. X1 həmin qərardan şikayəti xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Beləliklə məhkəmə hesab edir ki, X1 Xətai RPİ 37-ci Polis şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı qərarından şikayəti Azərbaycan Respublikası İXM-nin 129.1 və 130.1-ci maddələrinin tələblərinə uyğun gəlmədiyindən geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı m: X1 Xətai RPİ 37-ci Polis şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı qərarından verdiyi şikayət geri qaytarılsın. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Yasamal Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar