Məhkəmə qərarları › İş №3(004)-339/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-339/2024

02.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-339/2024 02.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X1 iclas katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi və Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-i tərəfindən tərtib edilmiş protokollara və onlara əlavə olunmuş materiallara məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN BDYPİ və Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-i tərəfindən tərtib edilmiş 07 yanvar 2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli və 07 yanvar 2024-cü il tarixli İXP seriyalı ******* nömrəli protokollar onlara əlavə edilmiş sənədlərlə birlikdə aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs barəsində Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-i tərəfindən tərtib edilmiş 07 yanvar 2024-cü il tarixli İXP seriyalı ******* nömrəli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixli EQ seriyalı 15909733 nömrəli qərara əsasən Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə təqsirli bilinərək ona 20 manat cərimə növündə tənbeh tədbiri təyin edilmişdir. Hazırda o, qeyd olunan qərarı qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddətinə icra etməmiş və bununla da, o, Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs barəsində Azərbaycan Respublikası DİN BDYPİ-i tərəfindən tərtib edilmiş 07 yanvar 2024-cü il tarixli İXP seriyalı ******* nömrəli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixli EQ seriyalı 15724191 nömrəli qərara əsasən Azərbaycan Respublikası İXM-nin 469.3-cü maddəsi ilə təqsirli bilinərək ona 50 manat cərimə növündə tənbeh tədbiri təyin edilmişdir. Hazırda o, qeyd olunan qərarı qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddətinə icra etməmiş və bununla da, o, Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və protokol tərtib etmiş Azərbaycan Respublikası DİN BDYPİ və Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildirişlər göndərilmişdir. Lakin, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və protokol tərtib etmiş qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və tərəflərindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxsin və protokol tərtib etmiş qurumun nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs barəsində Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-i tərəfindən tərtib edilmiş 07 yanvar 2024-cü il tarixli İXP seriyalı ******* nömrəli protokol üzrə müəyyən edilir ki, o, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan cəriməni ödəməmişdir. Bununla da, o, Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin müvafiq qaydada təsdiq edilmiş portal çıxarışından və inzibati tənbeh vermə haqqında qərardan müəyyən edilir ki, Şəxs barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli EQ seriyalı 15909733 nömrəli qərarla Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək ona 20 manat məbləğində cərimə növündə tənbeh tədbiri təyin edilmişdir. İş materiallarında olan “AsanPay” portalından çıxarışdan müəyyən edilir ki, Şəxs barəsində qəbul edilmiş qərar qanuni qüvvəyə mindiyi vaxtdan hazıradək ona təyin edilmiş 20 manat cəriməni ödəməmiş, həmçinin cərimənin ödənilməməsinə görə ona 12 manat məbləğində dəbbə pulu hesablanmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, barəsində inzibati icraat üzrə iş aparılan Şəxs xx.xx.2023-cü il tarixli EQ seriyalı 15909733 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərara əsasən Azərbaycan Respublikası İXM-nin 346.1ci maddəsi ilə təqsirli bilinərək barəsində 20 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri təyin edilmişdir. Qeyd edilən qərar qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddətinə icra edilmədiyindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 07 yanvar 2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş xətanın tərkib əlamətlərinin olması tam sübuta yetirilir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 529.3. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə -nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 153.6-cı maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs barəsində bu Məcəllənin 511.2 və 529.3-cü maddələrinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması barədə qərar qəbul edildikdə, sonuncu qərara əsasən nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması müddəti əvvəlki qərara əsasən təyin edilmiş nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması müddətinin son günündən etibarən hesablanmağa başlayır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Göstərilənlərlə yanaşı, məhkəmə, Şəxs barəsində Azərbaycan Respublikası DİN BDYPİ-i tərəfindən tərtib edilmiş 07 yanvar 2024-cü il tarixli İXP seriyalı ******* nömrəli protokola münasibətdə qeyd edir ki, həmin protokoldan göründüyü kimi o, xx.xx.2023-cü il tarixli EQ seriyalı 15724191 nömrəli qərara əsasən Azərbaycan Respublikası İXM-nin 469.3-cü maddəsi ilə təqsirli bilinərək ona 50 manat cərimə növündə tənbeh tədbiri təyin edilmişdir. Hazırda o, qeyd olunan qərarı qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddətinə icra etməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd olunan maddənin məzmununa görə yalnız həmin Məcəllənin 29-cu fəslində (327-348-ci maddələr) əks olunmuş və 353.2-ci maddədə nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxslər tərəfindən qəbul edilmiş cərimə tənbeh tədbirinin tətbiq edilməsi haqqında qərar qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay ərzində icra edilmədikdə onların əməlində Məcəllənin 529.3-cü maddəsində nəzərdə tutulan xəta yarana bilər. Hazırkı protokoldan isə görünür ki, şəxs tərəfindən onun barəsində İXM-nin 469.3cü maddəsi ilə qəbul edilmiş inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi haqqında qərar qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay ərzində icra edilməməsinə görə İXM-nin 529.3-cü maddəsilə xətanın törədilməsi ilə bağlı tərtib edilmişdir. Halbuki, İXMnin 469.3-cü maddəsi Məcəllənin 36-cı fəslində, yəni “Vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan” inzibati xətalar kateqoriyasında təsnifləşdirilmişdir. Dolayısı ilə qeyd olunan xəta ilə bağlı İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibinin yaranması mümkün deyildir. İXM-nin 53.1.2-ci maddəsinə əsasən şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə yuxarıda göstərilən halları nəzərə alaraq hesab edir ki, Şəxs Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-i tərəfindən tərtib edilmiş 07 yanvar 2024-cü il tarixli İXP seriyalı ******* nömrəli protokol üzrə İXM-nin 529.3-cü maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası DİN BDYPİ-i tərəfindən tərtib edilmiş 07 yanvar 2024-cü il tarixli İXP seriyalı ******* nömrəli protokola münasibətdə isə məhkəmə hesab edir ki, Şəxs barəsində həmin hissədə inzibati xəta haqqında iş üzrə icraata əməldə inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114-117, 128-130 və 529.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Həsənov X2 RPİ-nin DYPŞ-i tərəfindən tərtib edilmiş 07 yanvar 2024-cü il tarixli İXP seriyalı ******* nömrəli protokol üzrə Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun nəqliyyat vasitələrini idarə etmək hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılsın. Azərbaycan Respublikası DİN BDYPİ-i tərəfindən tərtib edilmiş 07 yanvar 2024-cü il tarixli İXP seriyalı ******* nömrəli protokola dair hissədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar