Məhkəmə qərarları › İş №3(004)-3393/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3393/2025

12.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3393/2025 12.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X2 iclas katibliyi ilə, Qərarından şikayət verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin X10 İdarəsinin nümayəndəsi Nümayəndə, X1 iştirakları ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhəri X10 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə elektron qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayətlə məhkəməyə müraciət edərək barəsində Bakı şəhəri X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(004)-723/2025 nömrəli qərarı ilə şikayəti qismən təmin edilmiş, AR DİN Bakı şəhər X10 İdarəsinin xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün AR DİN Bakı şəhər X10 İdarəsinə göndərilmişdir. Məhkəmə tərəfindən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsinə baxmayaraq, ləğv edilmiş qərar sistemdən silinmədiyindən (bu halda sistem dəbbə pulu hesablamağa davam edir və nəqliyyat vasitəsini idarəetmə hüququnun məhdudlaşdırıla biləcəyi barədə xəbərdarlıq edir) və eyni zamanda işə inzibati orqanda baxılması yubandığından, bununla bağlı xx.xx.2025-ci il tarixdə "E-polis" mobil tətbiqi vasitəsilə ləğv edilmiş qərarın sistemdən silinməsi və məhkəmə qərarının icra edilərək işə yenidən baxılması ilə bağlı müraciət etmişdir. Müraciət qeydə alındıqdan sonra DYPİ-nin polis mayoru X4 (bundan sonra - Polis mayoru) tərəfindən DYPİ-yə dəvət olunmuşdur. xx.xx.2025-ci il tarixində DYPİ-yə getmiş və polis mayorunun tələbi ilə hadisənin baş verməsi barədə yenidən izahat yazmışdır. Polis mayoru Yasamal Rayon Məhkəməsinə təqdim edilmiş videogörüntüyə (məhz həmin videogörüntü işə baxarkən inzibati orqan tərəfindən məhkəməyə təqdim edilmişdi) onunla birgə 1 dəfə baxaraq, yol nəqliyyat hadisəsinin təqsirkarı olduğunu bildirmiş və Məhkəmənin qərarı ilə ləğv edilmiş inzibati xəta haqqında iş üzrə qərarda qeyd edilən eyni əsasla yenidən barəsində İXM-nin 327.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərar qəbul etmişdir. Halbuki, xx.xx.2025-ci il tarixli 3(004)-723/2025 nömrəli qərarının "müəyyən etdim" hissəsində Məhkəmə "mülahizələrə əsaslanaraq, təqdim edilmiş videogörüntüdəki rakursdan "Changan Uni-Z" minik markalı avtomobilin hərəkət trayektoriyasını dəyişərək, "Chevrolet Malibu" minik markalı avtomobilin qarşısına çıxdığı və nəticədə yol nəqliyyat hadisəsinin baş verməsi ilə nəticələndiyinin göründüyü"nü qeyd edir. İnzibati orqanın nümayəndəsi isə yenidən işə baxaraq barəsində yenidən inzibati tənbeh vermə haqqında qərar çıxararkən məhkəmənin mülahizəsini nəzərə almamış, əksinə qərar qəbul edərkən yenidən həmin videogörüntüyə əsaslanmışdır. Göstərilənləri nəzərə alaraq Bakı şəhəri X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək, barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində xətanın tərkibi olmaması əsası ilə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X5 şikayət ərizəsinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini Bakı şəhəri X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin X10 İdarəsinin nümayəndəsi Nümayəndə şikayətin əsassız hesab edilərək təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq hadisəni təsdiq edən videogörüntü məhkəməyə təqdim etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, X5 əməlində İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərar ləğv edilərək başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. İş materiallarında olan: Bakı şəhəri X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, X5 xx.xx.2025-ci il tarixində, saat 14:50-də Qələbə dairəsi ərazisində “Chevrolet Malibu minik” markalı **-CC- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməyə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və həmin xətanı törətdiyinə görə 40 (qırx) manat məbləğində cərimə edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(004)-723/2025 nömrəli qərarından görünür ki, AR DİN Bakı şəhər X10 İdarəsi xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş yenidən baxılması üçün AR DİN Bakı şəhər X10 İdarəsinə göndərilmişdir. Bakı şəhəri X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, X5 xx.xx.2025-ci il tarixində, saat 14:50-də Qələbə dairəsi ərazisində “Chevrolet Malibu minik” markalı **-CC- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməyə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və həmin xətanı törətdiyinə görə 40 (qırx) manat məbləğində cərimə edilmişdir. Belə ki, işin yenidən baxılması üçün AR DİN Bakı şəhər X10 İdarəsinə göndərilməsinə baxmayaraq inzibati orqan tərəfindən məsələ ilə bağlı mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların tam araşdırması aparılmamış və formal mülahizələrə əsaslanaraq əvvəlki qərarın nömrəsi və tarixi dəyişdirilərək eyni məzmunlu qərar qəbul olunmuşdur. Məhkəmə iclas zalında videogörüntüyə baxış zamanı müəyyən olunmuşdur ki, “Chevrolet Malibu” minik markalı avtomobil yol kəsişməsinə daxil olarkən onun sağ tərəfində hərəkət edən “Changan Uni-Z” minik markalı avtomobil hərəkət trayektoriyasını dəyişərək “Chevrolet Malibu” minik markalı avtomobilin qarşısına çıxır və nəticədə yol nəqliyyat hadisənin baş verməsi ilə nəticələnir. Göründüyü kimi, “Changan Uni-Z” minik markalı avtomobil Qələbə dairəsi ərazisində yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən “Chevrolet Malibu” minik markalı avtomobilə yol verməmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 5-ci hissəsinə əsasən sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməlidir. Eyni səmtə gedən nəqliyyat vasitələri yerdəyişməni eyni vaxtda edirlərsə, onda sürücü özündən sağdakı nəqliyyat vasitəsinə yol verməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.1-ci maddəsinə əsasən hakimin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Məhkəmə hesab edir ki, X3 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X3 şikayəti təmin olunsun. X5 barəsində qəbul edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mərkəzi İnformasiya sistemində X3 barəsində yerləşdirilmiş inzibati cərimə silinsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar