Məhkəmə qərarları › İş №3(004)-3395/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3395/2025

24.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3395/2025 24.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X1 Seyidovun sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi, şikayətçi X2 iştirakı ilə X2 Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 26 mart 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 26 mart 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X5 şikayəti müdafiə edərək göstərmişdir ki, 2025-ci il 24 mart tarixində idarə etdiyi **-UM-*** dövlət qeydiyyat nişanlı “Hyundaı Elantra” markalı nəqliyyat vasitəsi DYP əməkdaşı tərəfindən saxlanmış və avtomobili cərimə meydançasına aparılmışdır. Barəsində TP ******* saylı qərarla İXM-nin 342.2.2-ci maddəsinə istinad edilərək 150 azn məbləğində cərimə tətbiq olunsa da, bu maddədə nəzərdə tutulan “nəqliyyat vasitəsinə əlavə avadanlığın quraşdırılması” anlayışı qaytarıcı işığa edilən müdaxiləni əhatə etmir. Əlavə olaraq avtomobil bu vəziyyətdə son 3 texniki baxışdan uğurla keçmişdir ki, bu da onun hərəkətə yararlı və norma daxilində olduğunu sübut edir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 26 mart 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 26 mart 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, inzibati material yenidən baxılması üçün DİN Bakı şəhər Baş Polis İdarəsi X8 İdarəsinə qaytarılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati tənbeh vermə haqqında 26 mart 2025-ci il tarixli, TP ******* nömrəli qərardan görünür ki, X5 xx.xx.2025-ci il tarixində, saat 12:10-da Bakı, Mətbuat pr., ünvanında “Hyundaı Elantra minik” markalı, 99UM022 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla avadanlığın quraşdırılmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 150 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. X5 tərəfindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə ünvanlanmış elektron müraciətdən görünür ki, müraciətin mətni “bu gün (xx.xx.2025) saat 12:10 radələrində idarə etdiyim Hyundai Elantra markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yol patrul xidmətinin əməkdaşı tərəfindən saxlanılmışdır. Yol polisi əməkdaşının bildirdiyinə görə, avtomobilin saxlanılma səbəbi arxa buferdə qaytarıcı işıq yerində LED işıqların quraşdırılması olmuşdur. Bu səbəblə avtomobil cərimə meydançasına aparılmışdır. Lakin qeyd etmək istərdim ki, nə avtomobilin təhvil-təslim aktı, nə də inzibati protokol mənə təqdim olunmamışdır ki, bu da qanunvericiliyin pozulması deməkdir. Qeyd edilən məsələ ilə bağlı bildirirəm ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1 saylı əlavəsinin İİİ hissəsində xarici işıq cihazlarında baş verən nasazlıqlar inzibati məsuliyyətə səbəb olsa da, bu hal avtomobilin cərimə meydançasına yerləşdirilməsini nəzərdə tutmur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, avtomobilimə qanunvericiliyə uyğun olaraq düzgün cərimənin tətbiq edilməsini və yol hərəkəti qaydalarını pozan əməkdaş(lar)ın hərəkətlərinə hüquqi qiymət verilməsini, həmçinin məsul şəxslərin cəzalandırılması üçün aidiyyəti üzrə tədbir görülməsi barədə göstəriş verməyinizi Sizdən xahiş edirəm. Əvvəlcədən təşəkkür edirəm” məzmunda olmuşdur. AR DİN Bakı şəhər Baş Polis İdarəsi X8 İdarəsi tərəfindən X3 ünvanlanmış xx.xx.2025-ci il tarixli, M-62420 nömrəli məktubdan görünür ki, məktubun mətni “Sizin, YPX əməkdaşı tərəfindən saxlanılaraq barənizdə əsassız inzibati xəta haqqında protokol tərtib edilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə ünvanladığınız müraciətiniz tərəfimizdən araşdırılmışdır. Bildiririk ki, Siz xx.xx.2025-ci il tarixdə “Hyundai” markalı **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Mətbuat prospektində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 30-cu maddəsinin tələbinə riayət etməyib nəqliyyat vasitəsinə normativ tələblər pozulmaqla əlavə avadanlıq quraşdırıb idarə etdiyinizə görə YPX əməkdaşı tərəfindən saxlanılaraq barənizdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək nəqliyyat vasitəniz mühafizə olunan duracağa yerləşdirilmişdir. Nəqliyyat vasitəsinin saxlanılma səbəbi aradan qaldırıldıqdan sonra avtomobil duracaqdan buraxılmışdır. Araşdırma zamanı YPX əməkdaşı tərəfindən hüquqazidd hərəkətlərə yol verilməsi halları müəyyən edilməmişdir” məzmunda olmuşdur. Şikayətçi şikayətində qeyd edir ki, İXM-nin 342.2.2-ci maddəsində göstərilən heç bir tələbi pozmamışdır. Şəxsin inzibati xəta törətməsini sübut etmək qərar qəbul etmiş səlahiyyətli orqanın (vəzifəli şəxsin) üzərinə düşdüyündən, Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(004)-3395/2025 və xx.xx.2025-ci il tarixli, 3(004)-3395/2025 saylı məktubları ilə DİN Bakı şəhər Baş Polis İdarəsi X8 İdarəsinə sorğu verilərək, qərarın qəbul edilməsinə əsas olan inzibati protokolu, inzibati qərarı, inzibati xətanın törədilməsi zamanı hadisəni özündə əks etdirən CD diski (video kamera görüntüsü və ya foto görüntü), inzibati xətanın mövcudluğunu təsdiq edən digər hər hansı bir sübutu, qərarın qəbul edilməsinə əsas olan digər materialları təyin olunmuş məhkəmə iclasının tarixinədək və ya məhkəmə iclasında məhkəməyə təqdim edilməsi xahiş olunsa da, həmin sübutlar məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi şəxs inzibati xəta törədilməsi ilə razılaşmamış, belə bir vəziyyətdə tərtib edilmiş protokol əsasında hər hansı bir digər sübut olmadan şəxs barədə inzibati tənbeh qərarı çıxarılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 120-ci maddəsinə əsasən həmin məcəllənin 327 - 356-cı maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 124.4-cü maddəsinə əsasən həmin Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Belə olduğu təqdirdə artıq yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-nin müəyyən etdiyi qaydada şəxsin inzibati xəta törətməsini təsdiq edən sübutları araşdırmaqla, əgər sübutlarla onun təqsiri təsdiq edilərsə, onda inzibati tənbeh vermə haqqında qərar çıxarmalıdır. Mübahisə yarandığı üçün şəxsin təqsirinin sübut olunması üçün “İnzibati xəta haqqında iş üzrə sübutlar və onların qiymətləndirilməsi”nə dair İXM-nin 12-ci Fəsli ilə müəyyən edilmiş qaydada şəxsin təqsiri sübuta yetirilməlidir. Çünki şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, əlavə araşdırma aparmağa ehtiyac qalmır. Lakin razılaşmadıqda, onun inzibati xəta törətməsi sübutlarla təsdiqini tapmalıdır. Sübut toplamaq isə inzibati tənbeh vermiş səlahiyyətli orqanın üzərinə düşür. Bununla da həmin qərarda İXM-nin 76.1-ci maddəsində sadalanmış konkret hər hansı bir sübuta, həmçinin İXM-nin 77 – 83-cü maddələrində müəyyən edilmiş hər hansı bir sübut növünə istinad edilməmişdir. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Qeyd edilməlidir ki, X2 idarə etdiyi “Hyundaı Elantra minik” markalı, 99UM022 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin arxa buferində normativ tələblər pozulmaqla qaytarıcı işıq yerində LED işıqların quraşdırılmasının “Yol hərəkəti haqqında” qanunun tələblərinə zidd olduğu ilə bağlı müvafiq baxış keçirilməmiş, bununla əlaqədar akt tərtib olunmamış və ya rəy alınmamışdır. X4 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin qismən təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 342.2.2-ci maddəsinə əsasən normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. Məhkəmə səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Qərarda konkret sübut göstərilmədiyi üçün, məhkəmə belə bir qərarın qanuniliyini yoxlaya bilməz. Səlahiyyətli orqanın qərar qəbul edərkən, şəxsin qərarda mövcud olmayan və istinad edilməmiş hər hansı bir qeyri-müəyyən sübutla inzibati xətaya səbəb olan əməli törədib-törətməməsini məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. O da vurğulanmalıdır ki, qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən hallar araşdırılmadan məhkəmə tərəfindən şikayət edilən qərarın ləğv edilərək icraata xitam verilməsi və ya şikayətin təmin edilməyərək şəxsin barəsində qəbul edilmiş qərarın dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətli qərar olmamaqla, şəxsin törətmədiyi inzibati xətaya görə məsuliyyətə cəlb olunmasına və ya törətdiyi inzibati xətaya görə məsuliyyətdən kənarda qalmasına gətirib çıxarar ki, bu da İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinin pozulması ilə nəticələnə bilər. Qeyd edilən həmin prosessual pozuntular işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə olduğundan, son nəticədə qanuni və əsaslı olmayan qərarın qəbul edilməsinə gətirib çıxartmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. 134.1.4-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati tənbeh vermə haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati tənbeh vermə haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X2 şikayəti qismən təmin edilməli, Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 26 mart 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş yenidən baxılması və məhkəmənin qərarında göstərilən halların araşdırılması üçün DİN Bakı şəhər Baş Polis İdarəsi X8 İdarəsinə qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: X2 şikayəti qismən təmin edilsin. X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 26 mart 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün DİN Bakı şəhər Baş Polis İdarəsi X8 İdarəsinə qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar