Məhkəmə qərarları › İş №3(004)-340/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-340/2022

22.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-340/2022 22.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin qanuni təmsilçisi X1 və nümayəndəsi X2 iştirakı ilə, Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2, ev 8, mənzil 146 olan Şəxs MMC (VÖEN: **********) Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 11 yanvar 2022-ci il tarixli EP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" ASC-dən təqdim edilmiş məlumat və sənədlərə əsasən Şəxs MMC 13450.00 (on üç min dörd yüz əlli) ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən bankda olan hesabından 05 dekabr 2019-cu il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin, ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçməsinə baxmayaraq 13450.00 (on üç min dörd yüz əlli) ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiqləyən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Bununla da Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Mərkəzi Bankın nümayəndəsi Nümayəndə inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs MMC barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X3 bildirmişdir ki, Şəxs MMC ilə "xxxx" MMM arasında bağlanmış 18 oktyabr 2019-cu il tarixli 256/19 nömrəli müqaviləyə əsasən “X5.” şirkətindən müəyyən edilmiş malların ölkəyə idxalı barədə razılaşılmışdır. Şəxs MMC ilə “X5.” şirkəti arasında malların tədarükünə dair 01 aprel 2016-cı il tarixli müqavilə bağlanmış, 24 oktyabr 2019-cu il tarixli SO-G-3065 nömrəli invoys və 14 noyabr 2019-cu il tarixli 1 nömrəli əlavə tərtib edilmişdir. 05 dekabr 2019-cu il tarixdə Şəxs MMC tərəfindən 13450.00 (on üç min dörd yüz əlli) ABŞ dolları məbləğində pul vəsaiti “X5.” şirkətinin hesabına ödənilmişdir. Bundan sonra “X5.” şirkəti müqavilə və invoys üzrə öhdəliklərini yerinə yetirərək həmin malları idxal edilməsi üçün hazır etmiş, lakin bu zaman "xxxx" MMM malların ölkəyə təhlükəsiz idxal edilməsi üçün özünün seçdiyi nəqliyyat şirkətindən istifadə edərək malların idxalını tamamlamış, həmin malları özü gömrük rəsmiləşdirməsindən keçirmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs MMC barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, həmin malların ölkəyə idxalına dair gömrük bəyannaməsini təqdim edə bilmir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin qanuni təmsilçisi X4 cəmiyyətin nümayəndəsi X3 ilə eyni məzmunlu ifadə verərək Şəxs MMC barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Belə ki iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında arayışdan görünür ki, Şəxs MMC-nin hüquqi ünvanı ünvan 2arını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. "xxxx" ASC-nin 05 dekabr 2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, həmin tarixdə Şəxs MMC-nin bank hesabından “X5.” şirkətinin hesabına 13450.00 (on üç min dörd yüz əlli) ABŞ dolları məbləğində vəsait köçürülmüşdür. Şəxs MMC ilə “X5.” şirkəti arasında malların və ya xidmətlərin tədarükünə dair 01 aprel 2016-cı il tarixli müqavilə bağlanmışdır. 24 oktyabr 2019-cu il tarixli SO-G-3065 nömrəli proforma invoysdan görünür ki, idxal ediləcək malların ümumi dəyəri 29450.00 (iyirmi doqquz min dörd yüz əlli) ABŞ dolları təşkil edir. 14 noyabr 2019-cu il tarixli alqı-satqı müqaviləsinə 1 nömrəli əlavədən görünür ki, Şəxs MMC ilə “X5.” şirkəti arasında bank rekvizitləri barə müqaviləyə əlavə tərtib edilmişdir. Şəxs MMC ilə "xxxx" MMM arasında bağlanmış 18 oktyabr 2019-cu il tarixli 256/19 nömrəli müqaviləyə və qiymətlərin razılaşdırma protokoluna əsasən malların dəyəri 52700 manat müəyyən edilmişdir. "xxxx" ASC-nin 15 fevral 2022-ci il tarixli ƏCMF – 2022/075 nömrəli məktubundan görünür ki, "xxxx" ASC-nin Əcəmi filialının müştərisi olan Şəxs MMC 06.12.2019-cu il tarixdə 13450.00 ABŞ dolları məbləğində avans köçürməni 01.04.2016-cı il tarixli alqısatyqı müqaviləsi təyinatı ilə icra üçün banka təqdim etmişdir. Bir müddət sonra qeyd edilən müqavilə üzrə icra edilən köçürmə avans ödənişi olduğu üçün Şəxs MMC-dən yük gömrük bəyannaməsi tələb olunmuşdur. Müştəri gömrük bəyannaməsini təqdim etməmiş və səbəb olaraq icra edilən köçürmənin "xxxx" MMC-nin adından köçürdüyünü, özünün isə sadəcə vasitəçi olduğunu bildirmişdir və köçürməni təxmini 6 ay keçdikdən sonra 18.10.2019-cu il tarixli N256/19 saylı müqaviləyə əlavəni filiala təqdim edilmişdir. Belə ki, iş materialları məhkəmə iclasında araşdırılarkən müəyyən edilmişdir ki, Şəxs MMC 13450.00 (on üç min dörd yüz əlli) ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən bankda olan hesabından 05 dekabr 2019-cu il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin, ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçməsinə baxmayaraq 13450.00 (on üç min dörd yüz əlli) ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiqləyən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Bununla da Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə həmçinin qeyd edir ki, "xxxx" ASC-nin 05 dekabr 2019-cu il tarixli ödəniş tapşırığı və digər sənədlər nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən təqdim edilmiş 18.10.2019-cu il tarixli N256/19 saylı müqavilə nə Şəxs MMC ilə “X5.” şirkəti arasında bağlanmış müqavilədə, nə proforma invoysda, nədə ödəniş tapşırığında qeyd edilən malların "xxxx" MMC-nin vasitəsilə idxal olunacağı və həmin şirkətin adına rəsmiləşdiriləcəyi göstərilməmişdir. 20.02.2020-ci il tarixdə qəbul edilmiş və 28.02.2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mərkəzi X6 06/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nda dəyişikliklərə əsasən Qaydaların 4.3.1.3-cü yarımbəndi aşağıdakı redaksiyada verilmişdir: “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir;” 4.3.10-cu yarımbənddə isə “qeyri-rezidentlər tərəfindən” sözlərindən sonra “və ya onların xeyrinə” sözləri əlavə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 430.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində inzibati xətanın obyekti olmuş 13450.00 (on üç min dörd yüz əlli) ABŞ dolları məbləğində vəsaitin 20 (iyirmi) faizi həddində, yəni 2690.00 (iki min altı yüz doxsan) ABŞ dolları məbləğində ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi manat məzənnəsinə uyğun olaraq inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar