Məhkəmə qərarları › İş №3(004)-3415/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3415/2021

15.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3415/2021 15.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin polis sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1999-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin polis sahə inspektoru X3 tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 14 dekabr 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 14 dekabr 2021-ci il tarixdə M.Müşfiq küçəsində polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında X3 protokolu müdafiə edərək bildirmişdir ki, 14 dekabr 2021-ci il tarixdə Şəxs idarə etdiyi avtomobilin ön şüşəsində tündləşdirici örtükdən istifadə etdiyi üçün yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır. İlk öncə qayda pozuntusunun yerində aradan qaldırılmalı olduğu izah edilmiş, lakin Şəxs bununla razılaşmamışdır. Daha sonra cərimə meydançasına gedilməli olduğu bildirildikdə bununla razılaşaraq cərimə meydançasına getmiş, lakin içəriyə daxil olmaqdan imtina etmişdir. Polis əməkdaşları tərəfindən ona dəfələrlə qanunun tələbləri izah edilsədə Şəxs bununla razılaşmayaraq cərimə meydançasına daxil olmaqdan imtina edərək polisin qanuni tələblərinə tabe olmamışdır. Bundan sonra yol patrul xidməti əməkdaşları tərəfindən post patrul xidməti əməkdaşlarını köməyə çağırmış və Şəxs 28-ci polis bölmsəinə təmin edilmişdir. Yekun olaraq o Şəxs Azərbaycan Respublikasının İXM 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilməyərək izahatında göstərdi ki, Füzuli küçəsində hərəkətdə olarkən yol patrul xidməti əməkdaşları onu saxlayaraq, onun idarə etdiyi avtomobilin ön şüşəsində görünmə məhdudiyyətinin olduğunu bildirmişlər. O isə bildirmişdir ki, ön şüşədə hər hansı görüntü məhdudiyyəti yoxdur. Örtük dedikləri isə sadəcə şirədir. Buna görə müvafiq mütəxəssis gələrək bunu qiymətləndirməlidir. Bundan sonra polis əməkdaşları cərimə meydançasına gedilməli olduğunu bildirmiş onlarla birlikdə cərimə meydançasına getmiş lakin içəri daxil olmaqdan imtina etmişdir. Buna səbəb isə polis əməkdaşları ilə razılaşması olmuşdur ki, mütəxəssis oraya gələcəkdir, həmdə cərimə meydançasının ərazisinin palçıqlı olması olmuşdur. Polis əməkdaşları ondan cərimə meydançasına daxil olmasını dəfələrlə bildirsələrdə o bundan imtina etmişdir. Daha sonra 28-ci polis bölməsinin əməkdaşları gələrək onu polis bölməsinə dəvət etmiş o da onlarla birlikdə getmişdir. Polisin hər hansı qanuni tələbinə tabesizlik göstərməmişdir. Göstərilənləri nəzərə alaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirmişdir ki, 14 dekabr 2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospektində xidmət apararkən **-PF-*** dövlət qeydiyyat nişanlı “Kia Optima” markalı avtomobilə ön şüşəsində tündləşdirici örtük olduğu üçün tərəfindən saxlanılmışdır. Sürücüyə törətdiyi qayda pozuntusu izah edilmiş və bu qayda pozuntusunun yerində aradan qaldırılmalı olduğu bildirilmişdir. Sürücü bununla razılaşmayaraq avtomobilin ön şüşəsində tündləşdirici örtüyün olmadığını sadəcə şirə olduğunu bildirmişdir. Həmin tündləşdirici örtüyün bir hissəsi çıxardılaraq sürücüyə əyani şəkildə göstərilməsinə baxmayaraq sürücü yenədə öz etirazını bildirərək ekspert dəvət olunmalı olduğunu bildirmişdir. Buna görədə sürücüyə cərimə meydançasına getmək təklif edilmiş sürücü bununla razılaşaraq onalarla birlikdə cərimə meydançasına getmiş lakin cərimə meydançasının qarşısında avtomobilini saxlayaraq içəri daxil olmaqdan imtina etmişdir. Dəfələrlə sürücüyə cərimə meydançasına daxil olması bildirilsədə o bundan imtina edərək polisin ünvanına nalayiq ifadələr işlətmişdir. Sürücüyə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi barədə məlumat verilməsinə baxmayaraq, o yenədə öz qanunsuz hərəkətlərinə davam edərək polisin qanuni tələbinə tabe olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhər BPİ DYPİ-yə bilavasitə tabe olan YPX Alayının MEB İ tağımının inspektoru X2 tərəfindən 28-ci Polis Bölməsinin rəhbərliyinə ünvanlanmış raportdan görünür ki, 14.12.2021-ci il tarixdə N.Nərimanov küçəsində xidmət apararkən **-PF-*** dövlət qeydiyyat nişanlı “Kia Optima” markalı avtomaşının alın şüşəsi plyonkalı olduğu üçün sürücüyə yaxınlaşıb özünü təqdim edib törətdiyi qayda pozuntusu izah edilmişdir. Sürücüyə plyonkanın sökülməsi izah olunsada sürücü bundan imtina etmişdir. Buna görədə sürücü nasazlığı yerində aradan qaldırmadığı üçün müvafiq qaydada müəyyən edilmiş duracağa təmin olunarkən sürücü duracağın qarşısında avtomaşını saxlayaraq polisin qanuni tələbinə tabe olmamışdır. Sürücü polisə qarşı kobud ifadələr işlədərək onların şərəf və ləyaqətini alçaldıcı ifadələr işlədərək “bunu hər bir yerdə deyə bilərəm heç kəsdən qorxmuram” demişdir. Tərəfindən növbətçi hissəyə məlumat verilib çevik polis əməkdaşlarının müşayiəti ilə 28-ci polis bölməsinə gətirilmişdir. Məhkəmə iclası zamanı Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin polis sahə inspektoru X3 tərəfindən təqdim edilmiş videogörüntüyə baxış keçirilmiş və məlum olmuşdur ki, Şəxs tərəfindən dəfələrlə polsin qanuni tələbinə tabe olunmamışdır. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs 14 dekabr 2021-ci il tarixdə polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinə tabe olmama kimi halların, yəni İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs əməlini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Şəxs həbsetməsinin əvvəlinin hansı vaxtdan hesablanmasına dair məhkəmə qeyd edir ki, Şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan yəni 15 dekabr 2021-ci il tarixdən, saat 11:07-dən hesablanmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun barəsində 8 (səkkiz) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal həbs edilsin və inzibati həbs haqqında qərar dərhal icra edilsin. Həbsetmənin əvvəli 15 dekabr 2021-ci il saat 11:07-dən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar