Məhkəmə qərarları › İş №3(004)-3422/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3422/2025

10.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3422/2025 10.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X2” MMC-nin direktoru X1 iştirakı ilə “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1 və 347-ci maddələri ilə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Dövlət X5 daxil olmuş İXP ******* nömrəli, 17 fevral 2025ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, 99PC347 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi olan “X2” MMC tərəfindən Yol hərəkəti haqqında Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilmiş qaydada və müddətə dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına (yəni etibarnamə, yol vərəqəsi) dair müqavilə əsasında başqa şəxsə vermiş və onu təkrar dövlət qeydiyyatından keçirməməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1 və 347-ci maddələrinin tələblərini pozmuş, nəticədə “X2” MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1 və 347-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X2” MMC-nin direktoru X3 bildirmişdir ki, MMC-nin ünvanına mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın verilməsi ilə bağlı səlahiyyətli orqanın (vəzifəli şəxsin) sorğusu onlara daxil olmamışdır. Həmçinin protokolda qeyd edilən avtomobili idarə edən fiziki şəxsi onlar xx.xx.2025-ci il tarixdə qeydiyyatdan keçirmişlər. Odur ki, göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Portaldan çıxarışdan görünür ki, “X2” MMC-nin hüquqi ünvanı ünvan 1 fevral 2025-ci il tarixli, İXP ******* saylı protokoldan görünür ki, 99PC347 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi olan “X2” MMC tərəfindən Yol hərəkəti haqqında Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilmiş qaydada və müddətə dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına (yəni etibarnamə, yol vərəqəsi) dair müqavilə əsasında başqa şəxsə vermiş və onu təkrar dövlət qeydiyyatından keçirməməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1 və 347-ci maddələrinin tələblərini pozmuş, nəticədə “X2” MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1 və 347-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. DİN-in DYP Web portaldan çıxarışdan görünür ki, hüquqi şəxs tərəfindən verilən etibarnamə qeydiyyatı olan hissədə etibarnamələrə dair məlumat hissəsindən görünür ki, həmin hissədə istifadəsi həvalə olunan şəxsin soyadı, istifadəsi həvalə olunan şəxsin adı, istifadəsi həvalə olunan şəxsin ata adı, sürücülük vəsiqəsi, S.V üzrə kateqoriyası, mobil nömrəsi, sənədin nömrəsi, sənədin daxil olması (ESD-də Qeydiyyatı), qeyd, sənədin verilmə tarixi, sənədin bitmə tarixi hissələri boş buraxılmışdır. DİN-in DYP Web portaldan çıxarışdan görünür ki, “Hyundaı Accent minik” markalı, 99PC347 dövlət qeydiyyat nişanlı avtomobilin texniki vasitələrin köməyi ilə inzibati xəta törətməsi görüntüsü əlavə edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(004)-1539/2025 saylı qərardadına əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Yasamal rayon Polis İdarəsinin Dövlət X7 tərəfindən hüquqi şəxs “X2” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1 və 347-ci maddələri ilə tərtib edilmiş 17 fevral 2025-ci il tarixli, İXP ******* saylı protokol və ona əlavə edilmiş sənədlər natamam olduğu üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Yasamal rayon Polis İdarəsinə qaytarılmışdır. Portal.com.az saytından görünür ki, 99PC347 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2025-ci il tarixdə dövlət qeydiyyatına keçirilmiş, qeydiyyatın bitmə tarixi isə xx.xx.2026-cı il tarixi göstərilmişdir. Məhkəmə iş üzrə tərəfin izahatını, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, “X2” MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1 və 347-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Yasamal rayon Polis İdarəsinin Dövlət X7 tərəfindən “X2” MMC-nin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi müəyyən olunmadan və bunlarla bağlı araşdırma aparılmadan protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Həmçinin Yasamal rayon Polis İdarəsinin Dövlət X7 tərəfindən həmin avtomobilin “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən kimə icarəyə və digər əşya hüquqları ilə verilməsi və bunun nəticəsində hüquqi şəxs tərəfindən onu təkrar qeydiyyatdan keçirilməməsi müəyyən olunmadan və bunlarla bağlı araşdırma aparılmadan protokol tərtib edilib məhkəməyə göndərilmişdir. Belə ki, “X2” MMC-nin direktoru X3 tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, 99PC347 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X4 xx.xx.2025-ci il tarixdə dövlət qeydiyyatına keçirilmişdir. Bu da MMC-nin əməlində inzibati xəta tərkibinin olmadığını göstərir. AR İXM-nin 102.1-ci maddəsinə əsasən sağlamlıq əleyhinə, yaxud maliyyə, vergi, rüsum, gömrük işi, ətraf mühitin mühafizəsi, yanğın təhlükəsizliyi və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində, habelə yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, hərbi xidmət əleyhinə və bu Məcəllənin 227-ci, 232-1-ci, 351-1-ci, 371-1-ci, 398-ci, 602.1-ci, 602.2-ci və 602-3cü maddələrində nəzərdə tutulmuş inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılır. İş üzrə kifayət qədər sübut toplanılmamışdır. Həmçinin sübutlar İXM-nin tələblərinə uyğun toplanmamışdır. Həmçinin hüquqi şəxsin nümayəndəsinin sənədlər təqdim etməsi və izahatının alınması üçün dəvət edilməsi barədə məktub iş materiallarına əlavə olunsa da onlara çatmasını təsdiq edən poçt göndərişi əlavə edilməmişdir. Beləliklə bütün sübutetmə yükü, işin bütünlüklə araşdırılması, sübutların toplanılması yükü məhkəmənin üzərinə atılaraq, səlahiyyətli orqan sadəcə protokol tərtib edib, işi məhkəməyə göndərməklə kifayətlənmişdir. “X2” MMC tərəfindən inzibati xəta törədilib-törədilməməsini araşdırmamış, sübut toplanmamışdır. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 339.1-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirmədən idarə etməyə və ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə, yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl etməməyə və ya nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov qoyulması qaydalarını pozmağa görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Belə olan halda, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunvericiliyin imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, “X2” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1 və 347-ci maddələrində nəzərdə tutulmuş xəta tərkibi mövcud olmadığı üçün başlanmış inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: “X2” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1 və 347-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar