Məhkəmə qərarları › İş №3(004)-3424/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3424/2023

21.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3424/2023 21.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Yasamal rayon Polis İdarəsinin 26cı polis bölməsinin polis sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxx 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsinin polis sahə rəisi X2 tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 21 iyun 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 26 may 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti ilə Mikayıl Müşviq küçələrinin kəsişməsində polisin qanuni tələbinə tabe olmamışdır. Nəticədə Şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2 protokolu müdafiə edərək bildirmişdir ki, 21 iyun 2023-cü il tarixdə saat 09:00 radələrində Bakı şəhər BPİ DYPİ-nin polis əməkdaşı Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti ilə Mikayıl Müşviq küçələrinin kəsişməsində hərəkəti nizamlayarkən Şəxs onun gözlə tələbinə tabe olmayaraq avtomobili hərəkətə gətirmişdir. Bu səbəbdən DYP əməkdaşı Şəxs saxla əmrini vermişdir. Bundan sonra Şəxs avtomobildən enərək polis əməkdaşlarını nalayiq sözlərlə təhqir etmiş və ona hədə-qorxu gəlmişdir. Şəxs polis əməkdaşları tərəfindən nizamintizama dəvət edilsədə o buna məhəl qoymayaraq daha da aqressivləşmiş və öz qanunazidd hərəkətlərinə davam etmişdir. Bu səbəbdən Şəxs 26-cı polis bölməsinə təmin edilmişdir. Polis bölməsində olarkən rəis müavini Tural Mahmudov barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə profilaktik söhbət aparmağa çalışarkən Şəxs Tural Mahmudovu yumruqla vurmuşdur. Yekun olaraq o Şəxs Azərbaycan Respublikasının İXM 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilərək izahatında göstərdi ki, o uzun müddət boksla məşğul olmuş, hazırda televiziya kanalında operator vəzifəsində işləyir. 21 iyun 2023-cü il tarixdə Yasamal rayonu, Mətbuat prospekti ilə Mikayıl Müşviq küçəsinin kəsişməsində hərəkətdə olarkən, DYP əməkdaşı yolu tənzimləyən zaman həmin yolda hərəkətdə olan avtomobillərə dayan işarəsini verilmiş və o idarə etdiyi avtomobili dayandırmışdır. Bundan sonra o tələsdiyi və artıq dayanmağa səbri çatmadığı üçün polis əməkdaşının tələbinə tabe olmayaraq avtomobilini hərəkətə gətirmişdir. Bu zaman DYP əməkdaşı ona əlində olan dəyənəklə saxla əmri vermək istəyərkən dəyənək onun avtomobilinə dəymişdir. DYP əməkdaşının bu hərəkətindən əsəbləşərək onun ünvanına nalayiq ifadələr işlətmişdir. Bundan sonra o 26-cı polis bölməsinə aparılmışdır. Orada olarkən polis bölməsinin rəis müavini onunla profilaktik söhbətlər apararkən əsəbləşərək onu yumruqla vurmuşdur. Əməllərindən peşmandır. Göstərilənləri nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirmişdir ki, 21 iyun 2023-cü il tarixdə saat 09:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti və Mikayıl Müşviq küçələrinin kəsişməsində yol hərəkətini nizamlayarkən “Hyundai” markalı **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə saxla əmrini vermişdir. Buna baxmayraq sürücü hərəkətini davam etdirməyə çalışmış, hətta avtomobili onun üzərinə sürmüşdür. Bu zaman o əlində olan dəyənəklə sürücüyə bir daha saxla əmrini vermiş, lakin sürücü avtomobili saxlamadığı üçün dəyənək onun avtomobilinə yüngül toxunmuşdur. Bundan sonra həmin sürücü onu nalayıq ifadələrlə təhqir etmiş və televiziyada çalışdığını bildirib ona hədəqorxu gəlmişdir. Bu zaman o sürücünü nizam-intizama dəvət etsədə sürücü buna məhəl qoymayaraq daha da aqressivləşərək öz qanunsuz əməllərinə davam edib onun qanuni tələblərinə tabe olmamışdır. Bu səbəbdəndən Həşimov X4 RPİ-nin 26-cı PB-nə dəvət etmişdir. Polis Bölməsinə olan zaman bölmənin rəis müavini Şəxs “polis əməkdaşını nalayiq ifadələrlə təhqir etmək olmaz” dedikdə, onun bu sözləri Şəxs xoşuna gəlmədiyi üçün o polis bölməsinin rəis müavinini yumruqla vurmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri DYPİ YPXA 10-cu tağımının polis əməkdaşı X3 tərəfindən 26-cı polis bölməsinin rəhbərliyinə ünvanlanmış xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 09:00 radələrində Mətbuat prospekti ilə Mikayıl Müşviq küçəsinin kəsişməsində yolu nizamlayarkən “Hyundai” markalı **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomaşına saxlama əmri vermişdir. Onun bu göstərişindən sonra həmin sürücü idarə etdiyi avtomobili onun üzərinə sürərək qeyri-etik davranışlarla və nalayiq söyüşlərlə onu təhqir etmişdir. O həmin sürücüyə nə üçün belə bir hərəkət etdiyini soruşduqda həmin sürücü bu hərəkəri bilərəkdən qəsdən etdiyini təkrar edərək özünün çoxlu sayda polis tanışlarının və qohumlarının olmasını bildirib heç kimdən qorxmadığını, “Space” telekanalında operator işlədiyini yeri gəlsə onu biabır edə biləcəyini qeyd edərək tabesizlik göstərərək yoluna davam etmişdir. O bu zaman idarə etdiyi **-YP-*** dövlət qeydiyyat nişanlı avtopatrul maşınını onun hərəkət etməməsnin qarşısını alaraq 26-cı PB-nin inzibati ərazisi olduğu üçün oraya dəvət etmişdir. Yasamal RPİ-nin 26-cı PB-nin polis əməkdaşları Fariz Əliyev, Azər Əsgərov və Elvin Məmmədli tərəfindən tərtib edilmiş 21 iyun 2023-cü il tarixli aktdan görünür ki, xx.xx.2023cü il tarixdə saat 09:14-də YPX-nin əməkdaşı tərəfindən 26 PB-ə gətirilmiş Yasamal r-nu V.Əliyev küçəsi, ev 206-da qeydiyyatda olan xx.xx.1989-cu il tev. Şəxs xidməti otaqda onunla profilaktiki söhbətlər apararkən PB-nın rəis müavini, polis mayoru Tural Məmmədovun üz nahiyyəsinə vurmağa cəhd göstərmiş, cəhdin qarşısı PB-nın əməkdaşları tərəfindən alınmışdır. Bundan sonra PB-da polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq 15 dəqiqə müddətində PB-nin iş rejimini pozmuşdur. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. Belə ki, Şəxs xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması özünün etirafedici izahatından başqa, məhkəmə iclasında araşdırılan digər sübutlarla təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinə tabe olmama kimi halların, yəni İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə, İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Şəxs həbsetməsinin əvvəlinin hansı vaxtdan hesablanmasına dair məhkəmə qeyd edir ki, Şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan yəni 21 iyun 2023-cü il tarixdən saat 09:00-dan hesablanmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Həbsetmənin əvvəli 21 iyun 2023-cü il saat 09:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar