Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3437/2025 10.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, "xxxx" ASC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin DYPŞ-nin səlahiyyətli nümayəndəsi tərəfindən xx.xx.2025-ci il tarixdə “Azərbaycan Sənaye Korporasiyası» ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsi ilə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X4 inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, "xxxx" ASC ilə “Azərbaycan Ağırlıqqaldırma Federasiyası” İB arasında imzalanmış 20 dekabr 2024-cü il tarixli Razılaşma Protokoluna əsasən "xxxx" ASC-yə məxsus olan 2010-cu il buraxılışlı, “Toyota Previa” minik markalı, **-PV-*** dövlət qeydiyyat nömrə nişanlı, ağ mirvari rəngli nəqliyyat vasitəsi “Azərbaycan Ağırlıqqaldırma Federasiyası” İB-nin müvəqqəti istifadəsinə verilmişdir. Bununla əlaqədar Federasiyaya xx.xx.2024-cü il tarixli 13-5/2-422/2024 nömrəli etibarnamə təqdim edilmişdir. Razılaşma Protokolunun 10-cu bəndinə əsasən istifadəçi (hazırkı halda “Azərbaycan Ağırlıqqaldırma Federasiyası” İB) avtomobili Azərbaycan Respublikası DİN BDYPİ-də qeydiyyatdan keçirməyi öz öhdəsinə götürmüşdür. Bundan başqa protokol tərtib edilərkən “barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs” bölməsində X1 adı qeyd edilməklə “Protokolla bağlı narazıçılıq və etirazım yoxdur” məzmunlu izahat əlavə edilmişdir. Belə ki, "xxxx" ASC-nin qeyd olunan adda əməkdaşı olmamışdır və "xxxx" ASCnin ümumiyyətlə inzibati xəta haqqında protokol tərtib edilərkən iştirakı təmin edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq barələrində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə protokol tərtib etmiş orqana lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndələrini göndərməmişdir. Beləliklə, məhkəmə işə inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsinin izahatını dinləyib hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş "xxxx" ASC ilə “Azərbaycan Ağırlıqqaldırma Federasiyası” İB arasında bağlanmış 20 dekabr 2024-cü il tarixli Razılaşma Protokolundan görünür ki, "xxxx" ASC mülkiyyətində olan 2010-cu il buraxılışlı, “Toyota Previa” minik markalı, **-PV-*** dövlət qeydiyyat nömrə nişanlı, ağ mirvari rəngli nəqliyyat vasitəsini 01 (bir) il müddətinə etibarnamə əsasında müvəqqəti istifadə edilməsi üçün “Azərbaycan Ağırlıqqaldırma Federasiyası” İB-yə təhvil vermişdir. Razılaşma Protokolunun 10-cu bəndinə əsasən istifadəçi (hazırkı halda “Azərbaycan Ağırlıqqaldırma Federasiyası” İB) avtomobili Azərbaycan Respublikası DİN BDYPİ-də qeydiyyatdan keçirməyi öz öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddələsinə əsasən nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirmədən idarə etməyə və ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə, yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl etməməyə və ya nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov qoyulması qaydalarını pozmağa görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Halbuki məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ tərəfindən sorğu edilən “Toyota Previa” minik markalı, **-PV-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi etibarnamə əsasında “Azərbaycan Ağırlıqqaldırma Federasiyası” İB-yə verilmiş və sonuncu həmin avtomobili Azərbaycan Respublikası DİN BDYPİ-də qeydiyyatdan keçirməyi öz öhdəsinə götürmüşdür. Beləliklə məhkəmə hesab edir ki, hazırki halda "xxxx" ASC-nin əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respunblikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inizbati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmçinin İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan hər hansı biri mövcud olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" ASC-nin əməlində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" ASC barəsində xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində birbaşa və ya qərarı qəbul etmiş məhkəmə vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-3437/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3437/2025
10.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver