Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3456/2025 27.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsi 26-cı Polis Bölməsinin polis sahə inspektoru, X2, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1999-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsi 26-cı Polis Bölməsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsi 26-cı Polis Bölməsinin polis sahə inspektoru X4 tərəfindən Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 27 may 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi 26-cı Polis Bölməsinin polis sahə inspektoru X4 protokolu müdafiə edərək izahatında bildirmişdir ki, 27 may 2025-ci il tarixdə saat 14:30 radələrində xidmətdə olarkən Fuad Adıyev adlı şəxs tərəfindən zəng edilmiş və həmin şəxs bildirmişdir ki, Bakı şəhəri, Nərimanov prospekti, 57/24 ünvanında yerləşən “Dark Diamond” adlı ictimai iaşə obyektinin qarşısında bir qadın onu nalayiq ifadələrlə söyərək, təhqir etmiş, fiziki zor tətbiq edəcəyi ilə hədələyərək aqressiv davranış nümayiş etdirmiş və baş verənləri öz mobil telefonu vasitəsilə videoçəkilişə almışdır. Hadisə barədə məlumat aldıqdan dərhal sonra o, qeyd olunan ünvana gəlmiş və ərazidəki müşahidələri nəticəsində Fuad Adıyevin müraciətində göstərilən halların həqiqətə uyğun olduğunu, qadın tərəfindən açıq şəkildə nalayiq ifadələrin işləndiyini və ictimai asayişi pozan davranışların sərgiləndiyini müşahidə etmişdir. Polis əməkdaşı kimi vəzifə borcuna uyğun olaraq hər iki şəxslə profilaktik söhbət aparmış, onlardan ictimai asayişi pozmamağı və davranışlarında nizam-intizam qaydalarına əməl etməyi tələb etmişdir. Fuad Adıyev həmin tələbi qəbul edərək sakitləşmiş, lakin qadın şəxs aqressiv davranışlarını davam etdirmiş, polis əməkdaşının ünvanına da nalayiq ifadələr işlətmişdir. Dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoymayan qadın hadisə yerindən uzaqlaşmağa – konkret olaraq qaçmağa cəhd göstərmiş, lakin onun tərəfindən qanuni səlahiyyətlər çərçivəsində güc tətbiq edilməklə həmin cəhdin qarşısı alınmışdır. Əlavə dəstək üçün PPXB-nünm əməkdaşlarını hadisə yerinə çağırmış və onların iştirakı ilə qadının patrul xidmətinin nəqliyyat vasitəsinə əyləşdirilməsi təmin olunmuşdur, lakin yenidən avtoptrul vasitəsində olan zaman analoji hərəkətlərinə davam etmişdir. Bundan əlavə Şəxs ayağı ilə avtopatrul avtomobilini vurub avtomobilin qapısını əzmişdir. Sonuncu barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Yekun olaraq Şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında bildirmişdir ki, 27 may 2025-ci il tarixdə, saat 14:30 radələrində, tanışı Fuad Adıyev ilə aralarında qarşılıqlı narazılıq zəminində mübahisə baş vermişdir. Mübahisə zamanı Fuad Adıyev onun ünvanına aşkar şəkildə təhqiredici ifadələr işlətmiş, nəticədə o da öz növbəsində emosional reaksiya göstərərək analoji üslubda cavab vermişdir. Mübahisə zamanı Fuad Adıyev polis əməkdaşı ilə əlaqə saxlayaraq hadisə yerinə hüquq-mühafizə orqanlarının cəlb edilməsinə nail olmuş, eyni zamanda onu “həbs etdirəcəyini” bildirməklə hədə-qorxu xarakterli ifadələr səsləndirmişdir. Baş verənlər fonunda, hadisə yerinə gələn polis əməkdaşının şəxsiyyətini təqdim etmədən və hər hansı hüquqi əsas göstərmədən onu saxlayaraq polis bölməsinə aparmağa cəhd etməsi qarşısında o, müdafiə mövqeyi sərgiləmiş, əsəb gərginliyi və təşviş şəraitində reflektiv hərəkətlər etmişdir. Bundan qısa müddət sonra əraziyə əlavə polis əməkdaşları cəlb olunmuş, hüquqi əsaslı xəbərdarlıq etmədən dərhal fiziki zor tətbiq etməklə onu patrul avtomobilinə əyləşdirməyə cəhd göstərdikləri bildirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi 26-cı Polis Bölməsinin polis sahə rəisi X6 izahatında bildirmişdir ki, 27 may 2025-ci il tarixdə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi 26-cı Polis Bölməsinin polis sahə inspektoru X4 xidməti rabitə vasitəsilə Bakı şəhəri, Nərimanov prospekti, 57/24 ünvanında yerləşən “Dark Diamond” adlı ictimai iaşə obyektinin qarşısına əlavə polis heyətini çağırmışdır. Hadisə yerinə yaxınlaşan zaman, qadın tərəfindən açıq şəkildə nalayiq ifadələrin işləndiyini və ictimai asayişi pozan davranışların sərgiləndiyini müşahidə etmişdir. Sonuncu öz hərəkətlərinə davam etdiyi üçün fizik güc tətbiqi ilə onu polis bölməsinə təmin etmişlər. Lakin şəxs onların qanuni tələblərinə qəsdən tabe olmayaraq polis əməkdaşlarına fiziki güc tətbiq edərək ucadan polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmişdir. Bundan sonra Şəxs polis bölməsinə təmin etmək məqsədi ilə avtopatrul avtomobili dəvət edilmiş, lakin Şəxs ayağı ilə avtopatrul avtomobilini vurub avtomobilin baqaj qapısını əzərək analoji hərəkətlərini davam etdirmişdir. Həmin şəxsin əməlinə hüquqi qiymət verilməsi üçün 26-cı PB-nə gətirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi PPXB-nün polis nəfəri X5 digər şahid X6 ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2025-ci il tarixli, AZA seriyalı 024928 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə, saat 14:40-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsi 26-cı Polis Bölməsinin polis sahə inspektoru, X4 tərəfindən 26-cı Polis Bölməsinin rəhbərliyinə ünvanlanmış 27 may 2025-ci il tarixli raportdan görünür ki, 7 may 2025-ci il tarixdə saat 14:30 radələrində xidmətdə olduğu zaman istifadəsində olan mobil telefona Fuad Adıyev adlı şəxs zəng vuraraq bildirmişdir ki, Bakı şəhəri, N,Nərimanov prospekti,57/24 ünvanında yerləşən “Dark Diamond” kafesinin qarşısında bir nəfər qadın onun ünvanına təhqiramiz ifadələr işlədərək, küçə söyüşləri ilə onu söyür və vurmaq hədə-qorxusu gəlir, eyni zamanda bunların hamısını öz telefonu ilə videoqeydiyyat aparmışdır. O, dərhal göstərilən ünvana yaxınlaşmış və həqiqətən də bir nəfər xanımın Fuad Adıyev adlı şəxsi küçə söyüşləri ilə söyüb təhqir etdiyinin şahidi olmuşdur. O onların hər ikisinə burada nə baş verdiyini soruşmuş və hər ikisindən nizam-intizam qaydalarına riayət etmələrini tələb etmişdir. Fuad Adıyev tələbini yerinə yetirsə də sözügedən qadın öz aqresiyyasını davam etdirərək, onun ünvanına təhqiramiz ifadələr işlətmişdir. O, tələbini daha bir neçə dəfə təkrarlamış, lakin heç bir müsbət nəticə verməmiş və qadın hadisə yerindən qaçmağa cəhd göstərmişdir. Güc tətbiqi nəticəsində onun bu cəhdinin qarşısını alaraq, bölmədən əlavə əməliyyat qrupunu hadisə yerinə çağırmışdır. Əməliyyat qrupunun yardımı ilə qadın avtopatrul maşınına əyləşməsini təmin etmişlər, lakin yenidən avtoptrul vasitəsində olan zaman analoji hərəkətlərinə davam etmişdir. İş materiallarına əlavə olunmuş videgorüntüyə məhkəmə iclasında baxış zamanı müəyyən olunmuşdur ki, Yasamal Rayon Polis İdarəsi 26-cı Polis Bölməsinin polis sahə inspektoru, X4 heç bir qanuni əsas bildirmədən və özünü təqdim etmədən Şəxs onunla birlikdə polis bölməsinə gəlməsini tələb etmişdir. Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, Şəxs barəsində əvvəllər Azərbaycan Respublikası İXM-nin 211 və 535.1-ci maddələri ilə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 510 maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. Belə ki, Şəxs ictimai yerdə xırda xuliqanlıq hərəkətləri etməsi inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin və şahidlərin izahatları, eləcə də məhkəmə iclasında araşdırılan digər sübutlarla təsdiqini tapmışdır. Belə ki, Şəxs xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması, yəni İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilməmişdir. Məhkəmə Şəxs əməlində inzibati xəta tərkibinin müəyyən edilməsi üçün sonuncu tərəfindən törədilməsi istinad edilən inzibati xətaları ayrı-ayrılıqda qiymətləndirmək qənaətinə gəlir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, İXM-nin 535.1-ci maddəsində polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət nəzərdə tutulmuşdur. Normanın dizposiyasından göründüyü kimi qeyd edilən norma ilə inzibati məsuliyyət yaranması üçün ilk növbədə şəxsə yönələn tələb qanuni olmalı və şəxs həmin qanuni tələbə tabe olmamalıdır. Hazırki iş üzrə isə qeyd edilməlidir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, N,Nərimanov prospekti,57/24 ünvanında yerləşən “Dark Diamond” kafesinin qarşısında yüksək səslə tanışı Fuad Adıyev ilə aralarında qarşılıqlı narazılıq zəminində şifahi mübahisə etmişdir və məlumat əsasında polis əməkdaşı hadisə yerinə yaxınlaşmış və sonuncuya yaxınlaşaraq heç bir qanuni əsas bildirmədən və özünü təqdim etmədən onu polis bölməsinə təmin etməyə cəhd göstərmişdir. Halbuki, şəxsin saxlanması və polis bölməsinə dəvət olunması yalnız həqiqi və davam edən ictimai təhlükə mövcud olduqda, həmçinin digər yüngül alternativ tədbirlərin (xəbərdarlıq, profilaktik söhbət və sakitləşdirmə) qeyri-mümkünlüyü hallarında tətbiq olunmalıdır. Belə ki, polis işçisinin tələbi şəffaf və aydın formada ifadə olunmalıdır. Şəxs həmin polis işçisinin tələbinin hüquqiliyindən əmin olmamışdır. Həmçinin polis işçisinin tələbi qanuni olmamışdır. Əvvəlcədən sonuncu barəsində xəbərdarlıq, sakitləşdirmə tədbirləri aparılmalı idi. Beləliklə məhkəmə tərəfindən Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmamışdır. Bu da məhkəmə tərəfindən belə nəticəyə gəlməyə əsas verir ki, sonuncunun əməlində İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcud deyildir. “Polis haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 3-cü bəndinə əsasən hər hansı şəxsə müraciət edərkən polis əməkdaşı adını, soyadını, rütbəsini bildirməli və xidməti vəsiqəsini göstərməklə özünü təqdim etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 5-ci maddəsinin 2-ci bəndinə əsasən tutulmuş hər bir kəsə ona aydın olan dildə onun tutulmasının səbəbləri və ona qarşı irəli sürülən istənilən ittiham barədə dərhal məlumat verilir. Məhkəmə İXM-in 510-cu maddəsi ilə məsuliyyət yaranmasının əsaslarına dair qeyd etməyi zəruri hesab edir ki, həmin maddə ilə nəzərdə tutulan inzibati xətanın tərkibi ictimai qaydanın pozulmasında ifadə olunur. İctimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. Hazırkı iş üzrə Şəxs ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər edərək, yəni əvvəl yüksək səslə tanışı Fuad Adıyev ilə aralarında qarşılıqlı narazılıq zəminində şifahi mübahisə etməsilə və daha sonra bu səbəbdən yaxınlaşan polis əməkdaşı ilə mübahisə edərək ünvanlı və ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, bununla da İXMnin 510-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs əməlində onun məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs əməlində onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Həmin Məcəllənin 535.1-ci maddəsi ilə Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata, sonuncunun hərəkətlərində inzibati xəta tərkibi olmadığından, xitam verilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxsnu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Şəxs həbsetməsinin əvvəlinin hansı vaxtdan hesablanmasına dair məhkəmə qeyd edir ki, Şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan yəni 27 may 2025-ci il tarixdən, saat 14:40-dan hesablanmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 04 (dörd) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Həbsetmənin əvvəli 27 may 2025-ci il tarixdən, saat 14:40-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsində mühafizə altında saxlanılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsi 26-cı Polis Bölməsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-3456/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3456/2025
27.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver