Məhkəmə qərarları › İş №3(004)-3471/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3471/2023

02.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3471/2023 02.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə, Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, 3-cü Yasamal, ev 35, mənzil 4-də yerləşən Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə Azərbaycan Respublikası Mərkəzi Bankı Hüquq Departamentinin İnzibati İcraat və Məhkəmə İşləri Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Mərkəzi Bankı Hüquq Departamentinin İnzibati İcraat və Məhkəmə İşləri Şöbəsi tərəfindən Şəxs MMC barəsində İXM-in 430.4-cü maddəsi ilə xx.xx.2023-cü il tarixdə, EP № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, Şəxs MMC 2.200.000,00 Rusiya rublu məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən “Bank VTB (Azərbaycan)” ASC Bankda olan hesabından xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödənişin aparıldığı gündən 02 ildən artıq müddət keçməsinə baxmayaraq, 950000,00 Rusiya rublu məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən qeri qaytarılmamışdır. Şəxs MMC-nin nümayəndəsi Mirəli Talıbov məhkəmə iclasında bildirdi ki, məhkəmənin icraatında olan 3(004)-3471/2023 saylı inzibati iş üzrə materiallardan göründüyü kimi, Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında tənbehin tətbiq edilməsi ilə bağlı iş aparılır. İş materiallarında olan EP ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilir ki, Şəxs MMC tərəfindən xx.xx.2021-ci il tarixində 2.000.000,00 Rusiya rublu pul vəsaiti xaricə köçürülmüş, lakin vəsait hesabın alınan mallar ölkəyə idxal edilməmişdir. Qeyd etmişdir ki, həqiqətən xx.xx.2021-ci ildə Şəxs MMC ilə ФИЛИАЛ “НОВОСИБИРСКИЙ” АО şirkəti arasında ikitərəfli müqavilə bağlanmış və pul vəsaiti xaricə köçürülmüş, daha sonra 950000,00 Rusiya rublu məbləğində mallar ölkəyə daxil edilməmişdir. Bununla bağlı şirkətlə danışıqlar aparılmış və pulun qaytarılması tələb edilmişdir. Həmin şirkət malları niyə göndərməməsi barədə açıqlama verə bilməmiş, səbəbini göstərməmişdir və pulu geri qaytaracağını bildirmişdir. Daha sonra xx.xx.2023-cü il tarixdə həmin məbləğin bir qismini yəni 500000 rusiya rublunu da qaytarmışdır, qalanını da qısa müddətdə qaytaracaqlarını vəd ediblər. Bununla bağlı məhkəməyə sənədlər təqdim etmişdir. Həmçinin təqdim edilmiş sənədlərə əsasən qaytarılmamış yerdə qalan məbləğ 10.000 AB dollarından az məbləğ edir, bu məbləğə münasibətdə isə inzibati məsuliyyət istisna edilir. Qeyd olunanları nəzərə alaraq, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan hazırkı protokolda göstərilən Azərbaycan Respublikasından kənara qabaqcadan edilmiş ödəniş barədə xx.xx.2021-ci il tarixli (köçürmə sənədi) ödəniş tapşırığı məlumatlarına əsasən 2.200.000,00 Rusiya rublu məbləğində valyuta xx.xx.2021-ci il tarixli müqavilə əsasında ФИЛИАЛ “НОВОСИБИРСКИЙ” АО şirkətinə köçürülmüşdür. Həmin pul “Bank VTB (Azərbaycan)” ASC dən köçürülmüşdür. İş materiallarında olan “Bank VTB (Azərbaycan)” ASC-nin KB-162/2-76/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubuna əsasən xx.xx.2021-ci il tarixdə Şəxs MMC şirkətindən ФИЛИАЛ “НОВОСИБИРСКИЙ” АО şirkətinə 2200000,00 rubl köçürülmə olmuşdur. Protokoldan da görünür ki, həmin məbləğdən 1.250.000 rubl dəyərində mal idxal edilib, 950.000 rubl dəyərində mal idxal edilməmişdir. Bununla belə müəyyən edilir ki, Şəxs MMC şirkətindən ФИЛИАЛ “НОВОСИБИРСКИЙ” АО şirkətinə 2021-ci il ərzində bir dəfə olmaqla 2.200.000,00 rubl köçürülmüşdür. İş materiallarında olan protokola əsasən 950000,00 Rusiya rublu məbləğində vəsait hesabına alınan mallar ölkəyə idxal edilməmişdir. Lakin xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı və köçürmə sənədinin çıxarışına əsasən həmin şirkət 500000,00 Rusiya rublu məbləğində vəsaiti geri qaytarmışdır, Şəxs MMC-nin “Bank VTB (Azərbaycan)” ASC-dəki hesabına köçürmüşdür. Belə olan halda 950.000 rubldan 500.000 rubl da geri qaytarıldığından, yerdə qalan məbləğ, 450.000 rubl edir, məbləğ isə məzənnə ilə 4.500 ABŞ dolları edir. Həmin məbləğ isə 10.000 ABŞ dollarından az məbləğdir. Hər bir halda protokolda göstərilən 950.000 rusiya rublu məzənnə ilə 9500 ABŞ dolları təşkil edir. Belə ki, İXM-in 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2016-cı il tarixli 45/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə xx.xx.2020-ci il tarixdə edilmiş dəyişiklikdən sonra həmin bənddə nəzərdə tutulmuş müddət 02 il müəyyən edilmişdir. Həmçinin geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirləri həyata keçirilir. Belə olduğu təqdirdə protokoldakı xaricdən geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 ABŞ dolları ekvivalenti məbləğindən aşağı olduğu üçün, İXM-nin 430.4-cü maddəsinin tərkibi yaranmır. Bununla da şəxsin inzibati məsuliyyəti istisna edilir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXMin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar