Məhkəmə qərarları › İş №3(004)-3481/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-3481/2022

22.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-3481/2022 22.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Bakı şəhəri Baş Polis İdarəsi X2 İdarəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2022-ci il tarixdə tərtib edilmiş İXP ******* saylı protokola və əlavə edilmiş materiala baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol və materialları araşdıraraq hesab edirəm ki, protokol düzgün tərtib edilməmiş, təqdim edilmiş materiallar natamam olmuşdur, işə baxılarkən tamamlanması mümkün deyildir. 1) Belə ki, protokolda qeyd edilən maddələrdən İXM-in 329.1-ci maddəsi üzrə inzibati xəta haqqında işə baxmaq səlahiyyəti İXM-in 43.1-ci maddəsinə əsasən məhkəmələrin səlahiyyətinə aid edilməmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kollegiyasının 12 may 2017-ci il tarixli Q25-001-17 nömrəli qərarı ilə təsdiq edilmiş “Yol-patrul xidməti haqqında” Təlimatın 8.8-ci bəndinə əsasən şəxsin eyni zamanda öz hərəkətləri ilə bir neçə inzibati xəta törətdiyi aşkar olunduqda tərtib edilmiş protokolda hər bir xəta göstərilir. Baxılma səlahiyyəti müxtəlif orqanlara aid olan bir neçə inzibati xəta aşkar olunduqda hər bir xəta üzrə ayrılıqda protokol tərtib edilir. İXM-in 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. İXM-in 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İXM-in 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İXM-in 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Həmçinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarının 1-ci bəndinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması ayrı-ayrı orqanların səlahiyyətinə aid olduqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən müvafiq səlahiyyətli orqanlar tərəfindən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi eyni və ya müxtəlif vaxtlarda törədilən və baxılması eyni orqanın səlahiyyətinə aid edilmiş inzibati xətaların məcmusunun yaranmasının ümumi qaydasını müəyyən edir və onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni orqan tərəfindən tərtib olunmuş inzibati xətaya dair protokollar əsasında eyni vaxtda baxılmasını nəzərdə tutur. Göründüyü kimi hazırkı iş üzrə şəxsin törətdiyi 2 müxtəlif inzibati xətaya görə barəsində 2 maddə ilə vahid bir inzibati xəta haqqında protokol tərtib edilsə də, həmin maddələrdən biri üzrə inzibati xəta haqqında işə baxmaq məhkəmələrin səlahiyyətinə aid edilmədiyindən, həmin işlərin ikisinə də eyni orqan kimi məhkəmədə, eyni vaxtda baxıla bilməz. Həmin xətaların hər ikisinə eyni vaxtda yalnız Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsində baxıla bilər. 2) Bundan əlavə protokolda qeyd edilən maddə üzrə inzibati xətaya baxmaq səlahiyyəti İXM-in 43.1-ci maddəsinə əsasən həm məhkəmələrə aid edilmişdir, həm də həmin inzibati xətaya baxmaq səlahiyyəti İXM-in 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətinə də aid edilmişdir. Çünki «Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2015-ci il tarixli Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli Fərmanının 5.1-ci bəndinə əsasən İXM-in 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. İXM-in 43.3-cü maddəsində müəyyən edilmişdir ki, həmin Məcəllənin 43.1-ci maddəsində göstərilən inzibati xətalar haqqında işlərə baxmaq hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmçinin səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) aid edildikdə, icraatında inzibati xətalar haqqında iş olan səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu nəzərə alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərir. Həmçinin həmin Fərmanın 6-cı bəndində də müəyyən edilmişdir ki, İXM-in 43.1-ci maddəsində göstərilən inzibati xətalar haqqında işlərə baxmaq hüququ həmin Fərmanla həmçinin səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) aid edildikdə, icraatında inzibati xətalar haqqında iş olan səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu nəzərə alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərir. Beləliklə əgər inzibati xəta haqqında işlərə baxmaq səlahiyyəti həm məhkəməyə, həm də müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətinə aiddirsə, onda həmin inzibati xəta haqqında iş o vaxt məhkəməyə göndərilir ki, İXM-in 43.3-cü maddəsində və Fərmanın 6-cı bəndində müəyyən edilmiş hallar mövcud olsun. Lakin nə məhkəməyə göndərilmiş protokoldan, nə də ki həmin protokola əlavə edilmiş iş materiallarından yuxarıda qeyd edilən Fərmanın 6-cı bəndində və İXM-in 43.3-cü maddəsində göstərilmiş halların mövcudluğu görünmür, bu barədə protokolda və ya iş materiallarında hər hansı əsaslandırma aparılmayıb. Yəni protokolu məhkəməyə göndərmiş şəxs daha ağır tənbeh tədbirinin tətbiqini mümkün hesab etməsini də əsaslandırmamışdır, Həmçinin nəzərə alınmalıdır ki, məsuliyyəti ağırlaşdıran hallar İXM-in 33-cü maddəsində müəyyən edilmişdir. İXM-in 33.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən həmin Məcəllənin 33.1.1 - 33.1.7-ci maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. İXM-in 33.3-cü maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində inzibati xəta tərkibinin əlaməti kimi nəzərdə tutulmuş məsuliyyətiağırlaşdıran hal, inzibati tənbeh tətbiq edilərkən təkrar nəzərə alına bilməz. Daha ağır tənbeh tədbirinin tətbiqini mümkün hesab edən, İXM-in 43.3-cü maddəsində göstərilmiş mütləq meyarlar – inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinin mövcudluğu faktiki olaraq hazırkı iş materialları ilə ümumiyyətlə əsaslandırılmayıb. İXMin 43.3-cü maddəsində müəyyən edilmiş hallar mövcud deyil. Buna görə də neçə ki, İXM-də göstərilmiş həmin hallar müvafiq icra hakimiyyəti orqanları tərəfindən əsaslandırılmamışdır və belə bir hallar mövcud deyildirsə, onda həmin inzibati xəta haqqında işi baxmaq üçün öz mülahizəsinə əsasən məhkəməyə göndərilməsi, həm İXM-nin, həm də qeyd edilən Fərmanın yuxarıda göstərilən tələblərinə ziddir. Buna görə də qeyd edilən hallar mövcud olmadıqda, həmin inzibati xəta haqqında işə baxılması məhkəmənin səlahiyyətinə aid olmur. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Buna görə də yuxarıda göstərilənlər nəzərə alınmaqla, hazırkı işə məhz protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən baxmalı və qərar qəbul edilməlidir. Qeyd edilənlər hazırlıq mərhələsində müəyyənləşdirilmədən işə baxmaq mümkün deyildir. Çünki İXM-in 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (mad 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilibedilmədiyini (mad. 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (mad 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (106.0.5) həll etməlidir. İXM-in 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şərh olunanlara əsasən və İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrinə əsasən, QƏRARA ALDİ: İnzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər Bakı şəhəri Baş Polis İdarəsi X2 İdarəsinə geri qaytarılsın. Protokol tərtib etmiş orqanın diqqəti İXM-in 43.3-cü maddəsinin tələblərinə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kollegiyasının 12 may 2017-ci il tarixli Q25-001-17 nömrəli qərarı ilə təsdiq edilmiş “Yol-patrul xidməti haqqında” Təlimatın və «Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2015-ci il tarixli Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli Fərmanının 6-cı bəndinin tələblərinə əməl etməyə cəlb edilsin. Hakim, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar