Məhkəmə qərarları › İş №3(004)-3486/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3486/2020

09.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3486/2020 09.12.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X1 iclas katibliyi, protokol tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, Şəxs QSC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs QSC-nin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş xx xxxxxxx 2020ci il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs QSC onun mülkiyyətində (istifadəsində) olan “Audi S5” (minik) markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatları səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Bununla da, Şəxs QSC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs QSC-yə məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildirişlər göndərilmişdir. Məhkəməyə daxil olmuş xəbərnamələrdən müəyyən edilmişdir ki, bildirişlər ünvan sahiblərinə çatdırılmışdır. Lakin, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və tərəfindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 64.3 və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində protokol tərtib edilən Şəxs QSC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Yasamal RPİ-nin DYPŞ-nin nümayəndəsi X3 protokolun dəlillərinə uyğun çıxış edərək hüquqi şəxs barəsində inzibati tənbeh tədbirinin təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs QSC-nin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirildiyindən həmin maddə üzrə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri təyin edilməlidir. Belə ki, iş materiallarında olan Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan müəyyən edilir ki, Şəxs QSC-nin hüquqi ünvanı Yasamal rayonu Haqverdiyev küçəsi ev 5B, 577-ci məhəllədir. İş materiallarında olan Bakı şəhəri Yasamal RPİ-nin Şəxs QSC-yə ünvanladığı sorğudan görünür ki, cəmiyyətə onun mülkiyyətində (istifadəsində) olan “Audi S5” (minik) markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən xx.xx.2020-ci il tarixdə saat 00:26-da Bakı şəhəri, Nobel prospekti, Zığ yolu, Nargilə kafesi istiqamətində Azərbaycan Respublikası İXM-nin 469.3-cü maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə məlumat verilməklə, qeyd edilən inzibati xətanı törətmiş sürücü barəsində qanunvericiliklə nəzərdə tutulmuş tədbir görülməsi məqsədilə 5 gün müddətində Yasamal RPİ-nə məlumat verilməsi ondan tələb edilmiş və göstərilən müddət ərzində məlumat verilmədiyi təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş inzibati məsuliyyət barədə xəbərdarlıq edilmişdir. Sorğudan həmçinin görünür ki, Şəxs QSC-nin rəsmi hüquqi ünvanı olan Yasamal rayonu Haqverdiyev küçəsi ev 5B, 577-ci məhəlləyə göndərilmişdir. İş materiallarında olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin Şəxs QSC-yə ünvanlanan yuxarıda qeyd olunan sorğusu xx xxxxxxxx 2020-ci il tarixdə Cəmiyyətin əməkdaşı V.Haqverdiyev tərəfindən imzalanmaqla qəbul edilmişdir. Eyni zamanda, məhkəmə tərəfindən “xxxx” MMC-yə ünvanlanmış sorğuya daxil olmuş xx xxxxxx 2020-ci tarixli cavab məktubundan müəyyən edilir ki, Yasamal RPİnin DYPŞ-si tərəfindən Şəxs QSC-yə ünvanlanan “SS681061661AZ” ştrix kodlu sifarişli xəbərnaməli məktub xx xxxxxxxx 2020-ci il tarixdə 122 saylı poçt şöbəsində qəbul olunaraq ünvanı üzrə göndərilmişdir. Həmin məktub xx xxxxxxxx 2020-ci il tarixdə xidmət ərazisi üzrə 141 saylı poçt şöbəsinə daxil olmuş və elə həmin gün müvafiq sənədə imza etdirilməklə Şəxs QSC-nin əməkdaşı Vaqif Haqverdiyevə təhvil verilmişdir. Məktubun xəbərnaməsi isə Yasamal RPİ-nin DYPŞ-nin Ümumi şöbəsinin əməkdaşı Emin Seyidova təhvil verilmişdir. Bundan başqa məhkəmə tərəfindən müəyyən edilmişdir ki, məhkəmənin bildirişləri də Şəxs QSC-nin hüquqi ünvanı olan Yasamal rayonu Haqverdiyev küçəsi ev 5B, 577-ci məhəlləyə göndərilmiş və ünvanı üzrə rəsmi qaydada təqdim edilmişdir. “xxxx” MMC-nin məktubundan və digər iş materiallarından görünür ki, Yasamal RPİ-nin DYPŞ-nin müvafiq sözügedən sorğusu barəsində protokol tərtib edilmiş Şəxs QSC-yə xx xxxxxxxx 2020-ci il tarixdə onun hüquqi ünvanına rəsmi qaydada çatdırılmışdır. Lakin barəsində protokol tərtib edilmiş hüquqi şəxs tərəfindən səlahiyyətli qurumun müvafiq sorğusuna qanunla müəyyən edilmiş müddət ərzində cavab verilməsinə dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Şəxs QSC mülkiyyətində (istifadəsində) olan nəqliyyat vasitəsinin sürücüsünün Azərbaycan Respublikasının İXM-nin 469.3cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti üzrə qərar qəbul edilməsi üçün həmin sürücü barədə məlumat əldə etmək məqsədi ilə Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-si tərəfindən Cəmiyyətə sorğu göndərilmiş və həmin sorğu xx xxxxxxxx 2020-ci il tarixdə Cəmiyyətin hüquqi ünvanına rəsmi qaydada çatdırılmışdır. Qeyd edilən sorğuda məlumatların 5 gün müddətində verilməməsinə görə hüquqi şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə tədbir görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Lakin qeyd edilən sorğuya qanunvericiliklə müəyyən edilmiş qaydada 5 gün müddətində cavablandırılması təmin edilməmişdir. Bununla da, Şəxs QSC tərəfindən Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 51-ci maddəsinə əsasən hüquqi şəxsin daimi fəaliyyət göstərən orqanının, siyasi partiyada rəhbər orqanlarının qərargahının yerləşdiyi yer hüquqi şəxsin olduğu yer sayılır. Azərbaycan Respublikası “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanununun 12.10-cu maddəsinə əsasən dövlət qeydiyyatının ərazi aidiyyəti hüquqi şəxsin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının hüquqi ünvanı əsasında müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən cavabdeh hüquqi şəxsə iddia ərizəsi hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 33.1-ci maddəsinə əsasən Vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə vergi ödəyicisi olan hüquqi şəxslər, olduqları (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan), vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə, fərdi sahibkarlar və bu Məcəllənin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları, xüsusi notariuslar isə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınır. Yuxarıda qeyd edilən qanunvericilik normalarının məzmunundan görünür ki, hüquqi şəxsin olduğu yer onun dövlət reyestrində qeydə alındığı hüquqi ünvanı hesab edilir. Məhkəmə qeyd edir ki, hüquqi şəxs öz hüquqi ünvanını dəyişdirdikdə müvafiq dəyişikliklərin edilməsi və qeydiyyata alınması ilə bağlı müvafiq aidiyyəti səlahiyyətli qurumlara vaxtında müraciət etməli, əks təqdirdə hüquqi nəticələrinə görə özü məsuliyyət daşımalıdır. Qeyd olunur ki, Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə tərəfindən inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs QSC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Şəxs QSC Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114- 117, 128-130 və 347-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs QSC (VÖEN **********) xx xxxxxxx 2020-ci il tarixli ******* nömrəli protokol üzrə Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar