Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3489/2020 01.12.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Feyzi Günay Rasim qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs direktoru X3 iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər idarəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş xx xxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş material aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci bəndinin tələbləri pozularaq vət. X7 Şəxs MMC-də əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb edilmişdir. Bununla da, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X5 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında göstərmişdir ki, xx xxxxxxxx 2020-ci il tarixdə saat 11:37-də X7 142 Çağrı Mərkəzinə müraciət edərək bildirmişdir ki, Şəxs MMC-nin balansında olan və faktiki olaraq Yasamal rayonu C.Cabbarlı küçəsi 44 ünvanındakı “Caspian Plaza” Biznes Mərkəzinin 10-cu mərtəbəsindəki ofisdə fəaliyyət göstərən “Azərbaycan Diplomatiya Mərkəzi”ndə xx xxxxxx 2020-ci il tarixdən həmin ayın sonunadək işə cəlb edilmişdir. İşlədiyi müddətdə o, adi gündəlik 8 saatlıq iş rejimi qaydasında işləyib işə götürən tərəfindən üzərinə qoyulan vəzifələri tam şəkildə icra etmişdir. Daxil olmuş müraciət əsasında aidiyyəti üzrə Xidmətin Bakı şəhər idarəsində müvafiq araşdırma aparılmış və araşdırma zamanı şikayətçi göstərilən xüsusatları bir daha təsdiq edərək əlavə olaraq qeyd etmişdir ki, işə götürən Cəmiyyətin rəhbəri X6 ona iki aylıq əmək haqqı olaraq 5000 (beş min) manat təklif etmiş, o da həmin təkliflə razılaşmışdır. Lakin sonradan şirkətdə yaranmış narazılıqlara görə əmək müqaviləsi bağlanmadan o, xx xxxxxx 2020-ci il tarixdə işdən azad edilmiş və işlədiyi müddət üçün ona vəd edilmiş son haqq hesabın ödənilməsi gecikdirildiyindən şikayətlə müraciət etmişdir. Bundan başqa inzibati xəta haqqında iş üzrə icraat zamanı işəgötürən Şəxs MMC-nin direktoru, o cümlədən qanuni təmsilçisi X3 iştirakı təmin edilmiş və sonuncu Xidmətə ünvanlanmış məktubunda X4 Cəmiyyətin nəzdində fəaliyyət göstərən “Azərbaycan Diplomatiya Mərkəzi”nin həyata keçirdiyi “Sosial Tələbə” layihəsində əmək müqaviləsi olmadan işə cəlb edildiyini dolayısı ilə etiraf etmişdir. Aparılmış araşdırma nəticəsində hüquqi şəxsin, onun təşkilati-sərəncamverici funksiyanı həyata keçirən vəzifəli şəxsinin əməlində İXM-nin 192.1-ci maddəsinin tərkib əlamətləri aşkar edildiyindən onun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. X5 göstərilənlərə əsasən Şəxs MMC-nin təqsirli bilinərək barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs direktoru və eyni zamanda qanuni təmsilçisi X6 izahatında bildirmişdir ki, hüquqlarını təmsil etdiyi Cəmiyyətin barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, X7 Şəxs MMC-nin nəzdində fəaliyyət göstərən “Azərbaycan Diplomatiya Mərkəzi”nin həyata keçirdiyi “Sosial Tələbə” adlı layihədə müsahibə mərhələsindən sonra xx xxxxxx 2020-ci il tarixdə təcrübəçi kimi fəaliyyətə başlamışdır. xx xxxxxx 2020-ci il tarixdə müəssisənin bağlanması kimi müəyyən problemlər səbəbindən bütün işçilər problemlər aradan qaldırılanadək müvəqqəti olaraq bir günlük müddətə işdən azad edilmişdir. 10 günlük iş fəaliyyətindən sonra X7 əmək müqaviləsi ilə başqa bir müəssisədə fəaliyyət göstərdiyi üçün onunla xidməti müqavilə bağlanması haqqında müvafiq danışıqlar aparılmış və ona VÖEN açması, eyni zamanda iki aylıq iş fəaliyyətinə görə 800 (səkkiz yüz) manat əmək haqqı barədə təklif verilmişdir. Həmçinin verilmiş təklifə görə xidməti müqavilənin xx xxxxxx 2020-ci il tarixdə imzalanması nəzərdə tutulmuşdur. Lakin xx xxxxxx 2020-ci il tarixdə Arzu Məmmədova digər müəssisədə fəaliyyət göstərəcəyini və “Azərbaycan Diplomatiya Mərkəzin”də fəaliyyətini dayandırmaq istədiyini bildirmişdir. Bundan başqa X7 həmin vaxt rəsmi olaraq ona müraciət edərək işlədiyi günlərə görə əmək haqqı ödənilməsini tələb etmiş, o, isə əmək haqqı məbləğini xx xxxxxx 2020-ci il tarixdə mühasibatlıq şöbəsindən götürə biləcəyini demişdir. Lakin sonradan şirkətdə yaranmış maliyyə problemlərinə görə deyilən tarixdə əmək haqqının ödənilməsi mümkün olmamışdır. X7 isə digər işçilərlə aralarında yaranmış mübahisəyə görə onu düzgün anlamayaraq barəsində Dövlət Əmək Müfəttişliyinə şikayət etmişdir. Bundan sonra həm onun barəsində, həm də hüquqi şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokol tərtib edildikdən sonra Cəmiyyət tərəfindən köçürmə üsulu ilə X4 bank hesabına müxtəlif vaxtlarda iki dəfəyə 300 manat və 136 manat, ümumilikdə 436 manat əmək haqqı məbləği ödənilmiş və hazırda Cəmiyyətin ona hər hansı məbləğdə borcu qalmamışdır. Məhkəmə tərəfindən verilmiş suallar əsasında X6 işəgötürən Cəmiyyətlə işçi X7 arasında əmək və xidməti müqavilə bağlanmadığını etiraf etmişdir. Cəmiyyətin qanuni təmsilçisi özünün müdafiəsi üçün işçi ilə müqavilə bağlanmamasının səbəbini onunla izah etmişdir ki, X1 olaraq Cəmiyyətdə gün ərzində 1-2 saatlıq müddətdə işləmiş, şifahi razılaşmalara əsasən onun layihə rəhbəri təyin edilməsi və onunla xidməti müqavilə bağlanması nəzərdə tutulsa da, lakin sonradan işçilərin öz aralarında yaranmış narazılıqlara görə o, işə qəbul edilməkdən imtina etmiş və onunla müqavilənin bağlanması üçün rəsmiləşdirmə işlərinin aparılması mümkün olmamışdır. Odur ki, F.M.Məmmədov göstərilənləri və Cəmiyyətin hazırki maliyyə çətinlikləri nəzərə alınaraq barəsində inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında göstərmişdir ki, o, xx xxxxxx 2020-ci ildə faktiki olaraq “Caspian Plaza”da yerləşən ofisdə fəaliyyət göstərən Şəxs MMC-nin nəzdində olan “Azərbaycan Diplomatiya Mərkəzi”nin həyata keçirdiyi “Sosial Tələbə” adlı layihənin baş koordinatoru vəzifəsinə və tam iş rejimində işə götürülmüşdür. İşlədiyi təxminən bir aya yaxın müddət ərzində o, səhər saat 09:00-dan axşam saat 18:00-dək iş yerində olmuş, hətta bəzən saat 18:00-dan sonrakı vaxtda da öz vəzifələrinin tam şəkildə yerinə yetirilməsinə cəlb edilmişdir. İşəgötürən olaraq onunla danışıqları Cəmiyyətin rəhbəri X6 aparmış, sonuncu həmçinin ona ilk əvvəl 1250 manat, sonrakı vaxtlarda isə 5000 manat əmək haqqı ödəniləcəyi barədə vəd vermişdir. Lakin orada işlədiyi müddət ərzində onunla digər işçilər arasında narazılıqlar yarandığından o, işdən azad edilmişdir. Buna görə o, rəhbərlikdən işlədiyi tam iş günlərinə görə əmək haqqının ödənilməsini tələb etmiş, direktor Fərid Məmmədov isə ona xx xxxxxx 2020-ci il tarixdə mühasibatlıqdan ödəniləcəyini deməsinə baxmayaraq ödənilməmişdir. O, rəhbərliyin əlaqə telefonlarına zəng etmiş, lakin cavab verən olmamışdır. Ona görə də Dövlət Əmək Müfəttişliyi Xidmətinin 142 Çağrı Mərkəzinə zəng edərək şikayət etmiş və müvafiq araşdırma aparılmışdır. Araşdırma aparıldığı müddət ərzində müxtəlif vaxtlarda hissə-hissə olmaqla ona cəmi 430 manat əmək haqqı ödənilmişdir. X7 həmçinin izahatında Şəxs direktoru və eyni zamanda qanuni təmsilçisi X3 göstərdiyi xüsusatları təkzib edib qeyd etmişdir ki, o, stajçı kimi deyil, yüksək məvaciblə layihənin baş koordinatoru vəzifəsinə işə götürülmüş, işlədiyi müddətdə tam iş saatı vaxtı ilə vəzifələrini yerinə yetirməsinə baxmayaraq onunla əmək müqaviləsi bağlanmamışdır. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını və ona əlavə edilmiş sənədləri araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMCnin Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 142 nömrəli Çağrı Mərkəzinə xx xxxxxxxx 2020-ci il tarixdə saat 11:37-də edilmiş müraciət vərəqəsindən müəyyən edilir ki, X7 müraciətində xx xxxxxx 2020-ci il tarixdən “Azərbaycan Diplomatiya Mərkəzi”ndə işəgötürən X6 tərəfindən işə qəbul edildiyini, lakin onunla əmək müqaviləsi bağlanmadığını və həmin tarixədək əmək haqqının ödənilmədiyini bildirmişdir. İş materiallarında olan X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinə ünvanladığı xx xxxxxxxx 2020-ci il tarixli və xx xxxxxxx 2020-ci il tarixli yazılı məlumatlardan görünür ki, o, məhkəmə iclasında verdiyi izahatındakı xüsusatları orada da təsdiq etmişdir. İş materiallarında olan əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı bildirişindən müəyyən edilir ki, X6 xx xxxxx 2019-cu il tarixli müddətsiz əmək müqaviləsi əsasında Şəxs MMC-nin direktoru vəzifəsində işləyir. Lakin əmək müqaviləsi haqqında məlumatlar Cəmiyyət barəsində Dövlət Əmək Müfəttişliyi Xidmətinə şikayət ərizəsi verildiyi tarixdən sonrakı vaxt, yəni xx xxxxxxxx 2020-ci il tarixdə sistemə daxil edilərək hüquqi qüvvəyə minmişdir. İş materiallarında olan Şəxs MMC-nin direktoru X6 tərəfindən imzalanaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinə ünvanlanmış məktubdan müəyyən edilir ki, X4 Şəxs MMC-nin nəzdində fəaliyyət göstərən “Azərbaycan Diplomatiya Mərkəzi”nin həyata keçirdiyi “Sosial Tələbə” adlı layihədə müsahibə mərhələsindən sonra xx xxxxxx 2020-ci il tarixdə təcrübəçi kimi fəaliyyətə başlaması, lakin onunla müqavilə bağlanmaması təsdiqlənmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Şəxs MMC tərəfindən X7 Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüququ qüvvəyə minmədən işə cəlb edilmişdir. Bununla da, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsi tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci bəndinə görə həmin Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndinə əsasən həmin maddənin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslərə min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslərə üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə növündə tənbeh tədbiri təyin edilməklə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə inzibati məsuliyyətə cəlbetmə müddəti ilə bağlı qeyd edir ki, İXM-nin 192.1-ci maddəsi davam edən inzibati xətalar kateqoriyasına aid edildiyindən həmin Məcəllənin 38.2-ci maddəsinə görə xətanın aşkar edildiyi vaxtdan cəlbetmə müddəti hesablanmalıdır. Hazırki işin hallarından isə müəyyən edilir ki, X7 ilk dəfə olaraq xx xxxxxxxx 2020-ci il tarixdə saat 11:37-də Dövlət Əmək Müfəttişliyi Xidmətinin 142 nömrəli Çağrı Mərkəzinə zəng edərək faktla bağlı məlumat vermişdir. Ona görə də, hazırki xətanın aşkar edildiyi vaxt xx xxxxxxxx 2020-ci il hesab edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə Şəxs MMC-yə münasibətdə 3 aylıq məsuliyyətə cəlbetmə müddəti keçməmişdir. Qeyd olunur ki, İXM-nin 38.1-ci maddəsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. 38.2-ci maddəyə görə Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər davam edən inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Həmçinin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə tərəfindən inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinməli və onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 38, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 20.000 (iyirmi min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-3489/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3489/2020
01.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver