Məhkəmə qərarları › İş №3(004)-3495/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3495/2025

04.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3495/2025 04.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi X6 iclas katibliyi X1 iştirakları ilə, X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin EQ 28065980 saylı xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin EQ 28065980 saylı xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayətdə və məhkəməyə verdiyi izahatında şikayətini onunla əsaslandırdı ki, o, xx.xx.2025 il tarixində saat təxminən 12:48 radələrində Bül Bül prospekti ilə Üzeyir Hacıbəyov prospektinin kəsişməsində ona heç bir əsası olmadan qanunsuz inzibatı xəta haqqında elektron EQ 27217555 qərar göndərilmişdir. Bununla əlaqədar o, DİN-nin 102 və 902 məlumat versə də, hələ ki, heç bir səlahiyyətli orqan tərəfindən bu hadisəni araşdırmaq istəyən olmamışdır. Bununla əlaqədar bildirir ki, o, Nəsimi rayon məhkəməsinə müraciət edib və Nəsimi Məhkəməsinin hakimi həmin EQ 27217555 saylı qərarı ləğv edib və yenidən araşdırılması üçün Baş DYPİ-nə göndərib, lakin buna baxmayaraq onun may ayının 20-nə qədər qanunvericiliyə uyğun idarə etdiyi **-FE-*** dövlət qeydiyyatlı avtomobilini Texniki baxışdan keçirə bilməmişdir Belə ki, məhkəmənin həmin elektron qərarını əlində BDYPİ-nin texniki keçid müayinə mərkəzinə həm Maştağa qəsəbəsinə həm də Lökbatan qəsəbəsində yerləşən müayinə məntəqəsində ona eyni məlumatı veriblər ki, “müəllim Siz cəriməni ödəməmiş texniki baxışdan keçə bilməzsiniz, çünkü sistemə başqa cür daxil olmaq olmur" . O, yenə də DİN-nin 102 və 902 xidmətinə zəng vurub, lakin bu günə qədər ona məlumat verən olmayıb. 21 may tarixində ona Yasamal rayonu ərazisində Moskva prospektində elektron qərar gəlib, barəsində çıxarılan xx.xx.2025 tarixli elektron EQ 28065980 saylı qərar qanunsuzdur və əsassızdır və ləğv olunmalıdır. Barəsində Azərbaycan Respublikası İXM-nin 339.1-1 maddəsi ilə elektron qaydada çıxarılan xx.xx.2025 il tarixli EQ28065980 saylı qərarın qanunsuz və əsassız olduğu üçün ləğv olunması və inzibatı icraata xitam verilməsi barəsində qərar qəbul edilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş barəsində şikayət verilən Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin EQ 28065980 saylı xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə elektron qərarına əsasən X7 xx.xx.2025-ci il tarixdə saat 00:38 radələrində Bakı şəhəri, Yasamal rayonu, Moskva prospektində **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobillə nəqliyyat vasitəsinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə inzibati xəta törətmişdir. Buna görə də İXM-nin 339.1-1-ci maddəsi ilə təqsirli bilinib 50 manat cərimə edilmişdir. Qərar elektron qaydada qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-nin 122.1-ci maddəsinə əsasən həmin Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. İXM-nin 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. İnzibati Xətalar Məcəİİəsinin 122.8-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərardan şikayət vermiş şəxsin tələbi ilə ona həmin inzibati xətanın qeydə alınmasının texnologiyası əyani şəkildə göstərilməlidir. Beləliklə hazırkı inzibati xəta foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmişdir. İş üzrə müəyyən edilir ki, X7 xx.xx.2025-ci il tarixdə saat 00:38 radələrində Bakı şəhəri, Yasamal rayonu, Moskva prospektində **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobili texniki baxışdan keçirmədən idarə etmişdir. Belə ki, İXM 339.1-1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etmə inzibati xəta kimi müəyyən edilmişdir. Belə olduğu halda məhkəmə hesab edir ki, şəxsin Azərbaycan Respublikası İXMnin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə iclasında öz təsdiqini tapır. Beləliklə İXM-in 76.1-ci maddəsinə əsasən xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. Həmin protokolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin EQ 28065980 saylı xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar