Məhkəmə qərarları › İş №3(004)-35/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-35/2025

03.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-35/2025 03.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X1 iclas katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi Nümayəndə2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi, vəkil Nümayəndə1 iştirakları ilə, Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, M.Mirzəyev küçəsi, ev 72, M5, mənzil 3 ünvanında olan Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şahid2 Şəxs MMC tərəfindən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, Şahid1 Şəxs MMC tərəfindən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, Şahid3 Şəxs MMC tərəfindən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən memarlıq vəzifələri üzrə işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Bununla da həmin hüquqi şəxs, Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi Nümayəndə2 bildirdi ki, Şəxs MMC barəsində xx.xx.2024-cü il tarixli, MN № ******* nömrəli protokol tərtib edilmişdir. Protokol işçilər Şahid1, Şahid2 və Şahid3 izahatları əsasında tərtib edilmişdir. Həmin şəxslər əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb olunmuşlar. Əməkdaşlar tərəfindən Dost Xidmətində də eyni izahatlar verilmişdir. Hüquqi şəxs tərəfindən xeyli pozuntulara yol verilmişdir. İşçilərə ödəniş olunmamışdır. Odur ki, barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi və vəkil Nümayəndə1 bildirdi ki, inzibati orqan bir vərəq protokolla məhkəməyə müraciət etmişdir. İfadələrin sübut sayılmasına etiraz edir. Sübutetmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Protokola əlavə edilmiş materialla heç nə təsdiq olunmur. Müəssisənin rəhbəri xanımlarla vatsap proqramı vasitəsi ilə işin incəlikləri barədə danışır. Yəni ki, öhdəsindən gələ bilsəniz, buyurun başlayaq. Yazışmalara diqqətlə baxsaq, orada hansısa işin tapşırılmasından yox, işin strukturundan söhbət gedir. Memarlıq işinin xüsusiyyəti proyektlərlə bağlıdır. Direktorla işçilər arasında tez-tez mübahisə olurmuş. İşə vaxtı-vaxtında çıxmırdılar. Bir günlük icazə alıb 3-5 günlük gəlmirlər. Müəssisə özü Şəhərsalma və Arxitektura Komitəsi qarşısında qəbul edilmiş tapşırıqlarla bağlı məsuliyyət daşıyır. Adı çəkilən işçilərin hazırladıqları işlər Komitə tərəfindən geri qaytarılmışdır. Tək izahatla inzibati icraat başlaya bilirsə, o zaman hər kəs əsasız bir ərizə yazsın göndərsin. Yekunda əməldə inzibati xəta tərkibi olmadığı üçün icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şahid1 izahatında bildirdi ki, Şəxs MMC-də aparıcı memar kimi çalışmışdır. Ərizə olmadan iyun ayının 3-də işə götürülmüşdür. İşə isə may ayından başlamışdır. Əmək müqaviləsi ümumiyyətlə bağlanmamışdır. Müqaviləni verməsini hər üçü tələb etmişdir. Lakin hər dəfə bir bəhanə ilə imtina edirdilər. Sonradan ərizəsiz çıxarılmışıq. İşlə bağlı ayın 23-dən danışmışlar. O, əvvəl onlayn qaydada plan işləyirdi. Şikayət etməyinin əsas səbəbi o olmuşdur ki, müqaviləsiz işdən çıxarılmışdır. Əmək haqqı yarı kart, yarı nağd verilmişdir. 23 maydan 03 iyun tarixinədək olan dövr üçün pul almamışdır. Həmçinin əlavə iş saatları üçün də pul vermirdi. Gecə saat 11-ə kimi ofisdə işlədirdilər onları. Şənbə-bazar da havayı işləmişlər. Könül baş planı işləyən memar idi. Danışıqda 6-cı gün işə gəlməyi bildirmişdir. Dedilər ki, şənbə günü gəlməyən işləməsin. Mayın ayının 29-dan 9-6 rejimində işləmişdir. Bəli, təzə komputerlər quraşdırılmışdı. Kimin hansı proqramla işləməsi təklif əsasında həll edilirdi. May ayında dəqiq hansı işləri görməyi yadımda deyil. Üzərindən bir az zaman keçmişdir. Ağdam rayonunda olmamış, layihə üzərində işləmişdir. Skrinşotlardan istifadə olunmuşdur. 13 nömrə A sənədlərin təqdimatı təklif edilmişdir. Mühasibatlıq demişdi ki, Asif müəllim özü danışıb həll edəcək. Sonradan “Sima” imza söhbəti ortaya çıxdı. Mayın 29-u işə qəbulu ilə bağlı danışan Asif bəy və Könül xanım olmuşdur. Elə sözügedən portal Ağdam rayonundakı 960 nömrəli məktəb üçün idi. Məsələnin bu həddə çatacağını gözləmirdi, əks halda müqaviləni görmədən işə başlamazdı. Davamiyyət yoxlanmırdı, amma saat 9-da işdə olurdu. Oradakı kameralarla işə nə vaxt gedib, nə vaxt çıxdığımızı müəyyən etmək olar. Məhkəmə iclasında iştirak edən Şahid2 izahatında bildirdi ki, şikayətin əsas səbəbi 6-cı gün işləməyi olmuşdur. Ən tez çıxdığı vaxt saat 8 olmuşdur. 24 iyundan gedib işə başlamışdır. Şirkətin ofisi Babək Plazada 6-cı mərtəbədə yerləşir. Onlara Elmira xanım rəhbərlik edirdi. Özü inşaatçıdır. Suma kəndində kompleks proyektləri bölüşərək işləmişlər. Məsələn bağça kəsiyinin eskizlərini hazırlayırdılar. Maaşları verilməmişdir. Əlavə pullar da verilməyib. Ağdamda tramvay layihəsi üzrə çalışmışdır. xx.xx.2024-cü ildən vatsap qruplarına əlavə edilmişlər. Qrupa işlərin layihəsini göndərmişlər. 3 illik təcrübəsi var. Birbaşa layihə üzrə gəlmişdir. Portalda qeyd olunub. Məhkəmə iclasında iştirak edən Şahid3 izahatında bildirdi ki, şirkətdə sadəcə aparıcı memar olmuşdur. Ancaq Aysel xanımla intervyu zamanı tanış olmuşdur. xx.xx.2024-cü il tarixdən işə başlamışdır. Elə həmin tarixdən vatsap qrupuna əlavə edilmişdir. Skrinşot təqdim edilmişdir. Onları işdən çıxartdıqdan sora pulunu istədi. Ancaq onu saymadılar. İşçilik hüququnu tapdaladılar. Çıxarıldıqdan sonra müraciət etmişdir. Yazışmalar var ki, niyə haqqımızı yeyirlər. Müqavilədə 345 manat qeyd olunmuşdu. Lakin 800 manata razılaşmışdılar. Mənə dedilər ki, ayrıca deməyə ehtiyac yoxdur. Əmək müqaviləsini görməmişdir. xx.xx.2024-cü il tarixdə işə başlamışdır. Məhkəmə aşağıdakılara görə hesab edir ki, inzibati xəta hadisəsi baş vermişdir. Belə ki, aşağıdakılara əsasən müəyyən edilir ki, iş materiallarında olan əmək müqaviləsi bildirişlərinə əsasən Şahid2 əmək müqaviləsi xx.xx.2024-cü il tarixdə sistemə daxil edilmişdir, Şahid1 əmək müqaviləsi xx.xx.2024-cü il tarixdə sistemə daxil edilmişdir, Şahid3 əmək müqaviləsi isə xx.xx.2024-cü il tarixdə sistemə daxil edilmişdir. Həmçinin iş materiallarında olan Şahid2, Şahid1 və Şahid3 ərizələrinin sürətindən də görünür ki, onlar işə başladıqları tarixdə ƏMAS sisteminə daxil edilməmişlər, həmçinin şirkət tərəfindən son haqq-hesabları ödənilməmişdir. Bundan əlavə iş materiallarında olan whatsapp yazışmaların ekran fotoşəkillərindən də görünür ki, onlar həqiqətən də ərizədə qeyd etdikləri tarixdə artıq MMC-də işləyiblər. Belə ki, məhkəməyə təqdim olunan yazışmalarıdan görünür ki, tərəflər arasında əmək müqaviləsi bağlanmayan dövrdə məhkəmədə şahid qismində dindirilmiş şəxslər üzərində işlədikləri müxtəlif layihələri rəhbərliyə təqdim etmişlər, həmçinin yazışmalar vasitəsi ilə işçilərə 6-cı gün iş günü olduğu bildirilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinə əsasən əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin məcəllənin 44.1-ci maddəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır. Həmin məcəllənin 44.2-ci maddəsinə əsasən tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. Həmin məcəllənin 44.3-ci maddəsinə əsasən müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Həmin məcəllənin 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs MMC-nin əməlində məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs MMC-nin əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi inzibati xəta kimi müəyyən edilmişdir. Ona görə də Şəxs MMC-nin həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, tərəflərin izahatı, şahidlərin ifadələri və iş materiallarında olan və hazırkı qərarda istinad edilən yuxarıdakı yazılı sənədlər ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək, 20.000 (iyirmi min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar