Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3513/2023 24.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi, inzibati xəta haqqında tərtib etmiş Yasamal RPİ-nin 27-ci PB-nin sahə inspektoru X3 və Yasamal rayon X10 Şöbəsi YNH baş inspektoru polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxxx 2001-ci ildə Şamaxı rayonu, Qızmeydan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Şamaxı rayonu, Qızmeydan ərazi dairəsi, Qızmeydan kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsindən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4 və 511.1.2-ci maddələri ilə Yasamal rayon Polis İdarəsinin Dövlət X6 daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinin polis sahə inspektoru X5 tərəfindən Şəxs barəsində İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 23 iyun 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli, 23 iyun 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 23 iyun 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospektində səs-küy salmış nəlayiq ifadələr işlədərək xırda xuliqanlıq törətmişdir. Nəticədə Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 24 iyun 2023-cü il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Yasamal RPİ-nin DYPŞ tərəfindən məhkəməyə daxil olmuşdur. MN seriyalı ******* nömrəli, 24 iyun 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 23 iyun 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospektində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə etmiş və zərər çəkmiş şəxsə maddi zərər vurmuşdur. Nəticədə Şəxs İXM-in 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 23 iyun 2023-cü il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Yasamal RPİ-nin DYPŞ tərəfindən məhkəməyə daxil olmuşdur. MN seriyalı ******* nömrəli, 23 iyun 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 23 iyun 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospektində mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edərək avtoxuliqanlıq etmişdir. Nəticədə Şəxs İXM-in 511.1.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Protokolu tərtib etmiş Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsinin sahə inspektoru X5 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, Şəxs 23 iyun 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti səs-küy salmış nəlayiq ifadələr işlədərək xırda xuliqanlıq törətmişdir. Yekun olaraq o Şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Yasamal rayon X10 Şöbəsi YNH baş inspektoru X4 tərtib etdiyi protokolu müdafiə edərək izahatında göstərmişdir ki, 23 iyun 2023-cü il tarixdə saat 20:00-da Yasamal rayonu, Tbilisi prospektində “FY FYM” markalı 99-D-126 dövlət qeydiyyat nişanlı motosikl ilə “Hyundai İX35” markalı **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşmuşdur. Araşdırma zamanı müəyyən edilmişdir ki, “FY FYM” markalı 99-D-126 dövlət qeydiyyat nişanlı motosikileti sürücülük huququ olmayan Şəxs idarə etmişdir. Bundan sonra hadisə yerinə və nəqliyyat vasitəsinə baxış keçirilmiş, hadisə yerinin sxemi tərtib edilmiş və foto şəkillər çəkilərək materiala əlavə edilmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bundan başqa Şəxs motosiklın bir təkərinin yolun səthindən qaldırmaqla idarə edərək ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan hərəkətlər etmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Göstərilənlərə əsasən Şəxs barəsində qanuni tədbirlər görülməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 511.1.2-ci maddələri ilə təqsirli bilməyərək 332.4-cü maddəsi ilə təqsirli bilərək göstərdi ki, 23 iyun 2023-cü il tarixdə Yasamal rayonu, Tbilisi prospekti ilə hərəkətdə olarkən idarə etdiyi motosiklda yaranmış nasazlıq nəticəsində motsiklın qabaq təkəri qalxaraq “Hyundai İX35” markalı **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Bundan sonra avtomobilin sürücüsü onun üzərinə qışqırmağa başlamış və onun mobil telefonunu əlindən almışdır. O həmin sürücüyə dəymiş ziyanı aradan qaldıracağını və qəzanın ehtiyatsızlıq nəticəsində baş verdiyini bildirsədə sürücü bununla razılaşmamışdır. Bundan sonra əraziyə gələn polis əməkdaşları onu 27-ci polis bölməsinə dəvət etmişlər. O da həmin polis əməkdaşları ilə bölməyə getmişdir. Onun tərəfindən hər hansı xırda xuliqanlıq və avtoxuliqanlıq hərəkətlərinə yol verilməmişdir. Əməlindən peşmandır. Göstərilənləri nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Yasamal RPİ-nin 27-ci PB-nin polis əməkdaşları Kənan Məmmədov, Elvin Həsənov və Zamiq Kərimov tərəfindən həmin bölmənin rəhbərliyinə ünvanlanmış xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 20:05-radələrində 27-ci PB-nə daxil olmuş məlumatla əlaqədar əməliyyat qrupunun üzvüləri ilə birlikdə 20 yanvar metrostansiyasının yaxınlığına getdik hadisə yerində məlum oldu ki, 99D126 nömrə nişanlı motosikiletin sürücüsü “Hyundai” markalı **-SU-*** nömrə nişanlı avtomaşınını arxadan vurmuş və tərəflər arasında bu səbdən mübahisə yaranmışdır. Hadisəni törətmiş 99-D-126 nömrə nişanlı motosikiletin sürücüsü barədə tədbir görülməsi üçün 27-ci PB-nə dəvət etdikdə həmin şəxsin yanında olan şəxs polisin işinə müdaxilə edərək polisin qanuni tələbinə məhəl qoymamış və bu səbəbdən 99-D-126 nömrə nişanli motosikiletin sürücüsü və onun yanında olan şəxs barəsində qanuni tədbir görülməsi üçün 27-ci PB-nə dəvət edilmişlər. Bölmədə müəyyən edilmişdir ki, həmin şəxslər Şəxs və X2r. Yol-nəqliyyat hadisəsinin 14 iyun 2023-cü il tarixli sxemindən görünür ki, sürücülük hüququ olmadan “FY FYM” markalı 99-D-126 dövlət qeydiyyat nişanlı motosikli idarə edən şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq “Hyundai İX35” markalı **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin X10 Şöbəsi tərəfindən təqdim edilmiş arayışdan görünür ki, Şəxs sürücülük hüququ olmamışdır. İş materiallarında olan CD diskdən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospektində “FY FYM” markalı 99-D-126 dövlət qeydiyyat nişanlı motosiklin sürücüsü Şəxs həmin motosiklin bir təkərini yolun səthindən qaldırmaqla avtoxuliqanlıq etmişdir. İnzibati qaydada tutma haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 21:00-da inzibati qaydada tutulmuşdur. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. İXM-nin 332.2-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə - yüz manat məbləğində cərimə edilir. İXM-nin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-nin 511.1.2-ci maddəsinə əsasən Avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə: 511.1.1. aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə; 511.1.2. mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsinə; 511.1.3. mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə - nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 510, 332.4 və 511.1.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. Belə ki, Şəxs ictimai yerdə xırda xuliqanlıq və avtoxuliqanlıq hərəkətləri etməsini özü etiraf etməsə də, məhkəmə iclasında araşdırılan sübutlarla təsdiqini tapmışdır. Məhkəmə Şəxs verdiyi izahata tənqidi yanaşaraq həmin ifadəni özünümüdafiə xarakterli hesab edir. Beləliklə sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, zərərçəkmiş şəxsin iş materiallarında olan izahatı, yuxarıda qeyd edilən raportla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Elektron Məhkəmə sistemindən çıxarışdan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixdək həqiqi hərbi xidmətdə olmaqla vətən müharibəsi iştirakçısı olmuşdur. Şəxs tərəfindən təqdim edilmiş vəsiqələrdən görünür ki, Şəxs “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs törətdiyi əməli qismən etiraf edərək, əməlindən peşman olmasını və vətən müharibəsi iştirakçısı olmasını məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirilir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə, işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, o, İXM-in 332.4, 510 və 511.1.2-ci maddələri ilə təqsirli bilinməli və və İXM-nin 34.3-cü maddəsinə əsasən həmin Məcəllənin 31.4-1-ci maddəsi nəzərə alınmaqla, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4, 510 və 511.1.2ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək barəsində nəqliyyat vasitəsini idarə etmək hüququnu 01 (bir) il müddətinə məhdudlaşdırılmaqla 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-3513/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3513/2023
24.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver