Məhkəmə qərarları › İş №3(004)-3520/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3520/2025

29.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3520/2025 29.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Şükürov Rauf Azər oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ-nin X7 idarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti alayı yol patrul xidməti inspektoru X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi polis sahə rəisi X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.3, 334-1.1 və 535.1-ci maddələri ilə Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 26-cı Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə saat 14:00 radələrində Yasamal rayonu ərazisində **- BN-*** d.q.n. avtomobil ilə hərəkətdə olan zaman 25 min manat cəriməsi olduğu üçün və sürücülük hüququ olmadan avtomobili idarə etdiyi üçün yol polisi əməkdaşları tərəfindən saxlanılmışdır. Sürücüyə qayda pozuntusu izah edilərkən o özünü qeyri-adekvat aparmağa başlamışdır, daha sonra onun sürücülük hüququnun da olmadığı məlum olmuşdur və nəqliyyat vasitəsininin duracağa təmin edilməli olduğu bildirilmişdir, o bu zaman özünü qeyri-adekvat aparmışdır. Sürücü dəfələrlə nizam-intizama dəvət edilsə də, o buna məhəl qoymamış və öz hərəkətlərini davam etdirmişdir. Buna görə də polis əməkdaşları çevik naryadın köməkliyi ilə onu polis bölməsinə gətirmişlər, bölmədə onun özünü adekvat aparmasından şübhələndikləri üçün tibbi müayinəyə aparılmış, müayinə zamanı narkotik vasitə istifadə etdiyi müəyyən edilmişdir. Bununla da o, İXM-in 334-1.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2025-ci il tarixli, MN ******* saylı və xx.xx.2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Protokol tərtib etmiş Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 26-cı Polis Bölməsi polis sahə rəisi X4 məhkəməyə verdiyi izahatında bildirdi ki, protokol hadisə zamanı iştirak edən YPX əməkdaşları tərəfindən verilən raport əsasında tərtib edilmişdir. Belə ki, şəxsi müayinəyə apardıqdan sonra metamfetamin sərxoşluğu müayinə edilmiş və daha sonra polis bölməsinə gətirilmişdir. Nəqliyyat vasitəsinin saxlanılmasına səbəb isə, nəqliyyat vasitəsinin axtarışda olması, 25 min manat cərimə olması və sürücünün YPX əməkdaşlarına tabe olmaması olmuşdur. Protokol tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər BPİnin X7 idarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti alayı yol patrul xidməti inspektoru X3 məhkəməyə verdiyi izahatında bildirdi ki, təqsirləndirilən şəxs yolda nəqliyyat vasitəsini idarə edərkən YPX əməkdaşlarına tabesizlik göstərmişdir. Raportu özü şəxsən təqdim etmişdir. Məhkəməyə təqdim edilən video görüntülərdə hamısı dəqiq görünür. Şəxsi Yasamal rayon ərazisində, 6 paralel adlanan küçədə şəxsən özü saxlamışdır. Sonradan müəyyən edildi ki, şəxs narkotik vasitələrin qəbulu nəticəsində sərxoşdur. Ona görə də əlavə protokol tərtib edilmişdir. Həmçinin şəxsin 25 min manat cərimələri var və həmin cərimələri ödəməkdən yayınır. Şəxs məhkəməyə verdiyi izahatında inzibati xəta törətməsini etiraf edərək göstərdi ki, həqiqətən də o, avtomobili narkotik vasitələrin təsiri altında idarə etmişdir, polislərin qanuni tələblərinə tabe olmamışdır. Əməlindən peşmandır. Hadisə zamanı özü də bilmir niyə elə özünü aparmışdır. Mütamfetamini bie neçə gün əvvəl qəbul etmişdir. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-in 334-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi inzibati xəta kimi müəyyən edilmişdir. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair xx.xx.2025-ci il tarixli, 1/722 saylı aktından görünür ki, xx.xx.2025-ci il tarixdə saat 18:44-də edilən müayinə zamanı sidikdə metamfetamin aşkar edilmişdir. Metamfetamin sərxoşuğu müəyyən edilir. İş materiallarındakı xx.xx.2025-ci il tarixli tutma protokoluna əsasən Şəxs həmin tarixdə saat 14:00 radələrində tutulmuşdur. Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, iş materiallarında olan Bakı şəhəri BPİ-nin YPX inspektoru Orxan Kamil oğlunun imzaladığı xx.xx.2025-ci il tarixli raportu, xx.xx.2025-ci il tarixli, 1/722 saylı aktla və özünün məhkəməyə verdiyi etirafedici izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Bununla yanaşı, inzibati xəta haqqında protokolda göstərilən AR İXM-nin 332.1, 332.3 maddələri ilə məhkəmə qeyd edir ki, göstərilən maddələrdə nəzərdə tutulmuş inzibati xətaya hüquqi qiymət verilməsi məhkəmənin deyil, müvafiq səlahiyyətli orqanın səlahiyyətinə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon-şəhər məhkəmələri tərəfindən baxılan inzibati xətaların dairəsi dəqiq müəyyən edilmiş və həmin inzibati xətalar içərisində AR İXM-nin 332.1 və 332.3 maddələrində nəzərdə tutulmamışdır ki, bu da onu deməyə əsas verir ki, hazırki halda səlahiyyətli orqan müvafiq inzibati xətanın törədilməsi ilə bağlı inzibati xətaya dair protokolu məhkəməyə göndərməkdə haqlı olmamışdır. Belə olan məhkəmə hesab edir ki, Şəxs AR İXM-nin 332.1 və 332.3 maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə hüquqi qiymət verilməsi səlahiyyətli orqanın səlahiyyətinə aid olduğundan material şəxsin əməlinə qiymət verilməsi üçün Bakı şəhəri Baş Polis İdarəsi X8 İdarəsinə göndərilməlidir. Məhkəmə İXM-in 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinin inzibati xətanın törədildiyi yeri, vaxtı nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və yaşını nəzərə alaraq inzibati həbsin müddətini müəyyən edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 334-1.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 1 (bir) ay müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Həbsetmənin əvvəli 29 may 2025-ci il tarixdən saat 14:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 26-ci Polis Bölməsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən, Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar