Məhkəmə qərarları › İş №3(004)-3524/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3524/2024

02.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3524/2024 02.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X11, Azərbaycan Respublikası Bakı Şəhəri Yasamal Rayob İcra Hakimiyyəti YYÇİHM üzrə komissiyanın aparıcı məsləhətçisi X15, X1 və onun nümayəndəsi X12, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Bakı Şəhər “Mərkəz” Vəkil Bürosunun vəkili X16 iştirakları ilə, xx xxxxxx 1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal rayon İcra şöbəsinin icra məmuru X20 02 iyul 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola əsasən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 16(004)-96/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən X8 övladları ilə ünsiyyətdə olmalarına icazə verilmiş və uşaqların özlərinə məxsus olan telefonları ilə mütəmadi əlaqə yaratmağına maneələr qadağan edilmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Yasamal rayon İcra şöbəsinin icra məmuru X20 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 16(004)-96/2024 nömrəli icra vərəqəsinə əsasən X5 övladları olan xx.xx.2016-cı il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X10 ilə hər həftənin şənbə günləri saat 11:30-dan 17:30-dək ünsiyyətdə olmalarına icazə verilmiş və uşaqların özlərinə məxsus olan telefonları ilə mütəmadi əlaqə yaratmağına edilən maneələr qadağan edilmişdir. Qeyd olunanları nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində qanuna uyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, Şəxs uşaqları X9 və X6 psixoloji təsir göstərməməsi barədə dəfələrlə xəbərdar etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, onun tərəfindən icra sənədi icra olunur və onun icra sənədinə dair heç bir etirazı yoxdur, lakin icra vərəqəsinin onun tərəfindən icra olunması faktiki mümkün deyildir. İcra sənədinin icra edilməməsinin səbəbkarı o deyildir. Savalan Talışxanov uşaqları Cəmil və Davud ilə bir neçə dəfə görüşməyə cəhd etmiş, lakin uşaqlar ataları ilə görüşmək istəməmişdir. O, uşaqları hər həftənin şənbə günü görüş üçün hazır edir, lakin ya Savalan Talışxanov uşağı görmək üçün gəlmir, ya da Savalan Talışxanov gəlsə də, uşaqları atası ilə görüşməkdən qəti şəkildə ağlayaraq imtina edirlər. O zorla atası ilə ünsiyyətdə olması üçün uşaqlarını məcbur edə bilmir, çünki uşaq bundan imtina edir. Belə olan halda qərarın icrası ondan asılı olmayan səbəbdən yəni azyaşlı uşaqlarının atası ilə görüşmək istəməməsi səbəbindən baş tutmamışdır. Bu səbəbdən onun əməlində inzibati xətanın tərkibi mövcud deyildir. Əlavə olaraq bildirdi ki, ayrı olduqları müddətdə uşaqların hər hansı zəruri ehtiyaclarını qarşılamamışdır. Uşaqları sonuncu dəfə mayın 4-ü görüşmək üçün götürdükdə ataları gələ bilməyəcəyini söyləmişdir. Ona qarşı dəfələrlə qeyri-etik ifadələr işlətmişdir. O, uşaqlara məxsus mobil telefonunun sim kartını çıxarıb sındırmamışdır, bunu uşaqlar özləri etmişdirlər. Göstərilənləri nəzərə alaraq barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili Bakı Şəhər “Mərkəz” Vəkil Bürosunun vəkili X24 inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən tələbkar X13 bildirmişdir ki, uşaqları X9 və X10 ilə ünsiyyətdə olmaq məqsədi ilə təyin olunan gündə lazımı yerə gəlmiş, lakin uşaqları onunla görüşmək istəmədiyini bildirmişdir. O hesab edir ki, uşaqlarının onunla görüşmək istəməməsinin səbəbi Şəxs uşaqlara etdiyi təsirlərdir. Şəxs uşaqları ilə onun ünsiyyətdə olmasına maneə törətdiyi və icazə vermədiyi üçün barəsində qanuna müvafiq tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, uşaqlarla daimi ünsiyyətdə olmaq üçün aldığı telefonun sim kartını uşaqların anası qərəzli şəkildə qıraraq onların əlaqə saxlamağına mane olmuşdur. Ona qarşı dəfələrlə qeyri-etik ifadələr işlətmişdir. Tək tələbi uşaqları ilə görüşə və ünsiyyətdə ola bilməsidir. Məhkəmə iclasında iştirak edən X1 nümayəndəsi və vəkili Bakı Şəhəri 2 saylı Vəkil bürosunun vəkili X2 Sevinc Arif qızı barəsində qanuna müvafiq tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, onun altı yaşı var. Sevinc onun anası, Savalan isə atasıdır. O, çoxdandır ki, atasını görmür və onu görmək istəmir. Atasını görmək istəməməsinin səbəbi odur ki, atası ona heç nə almır, onlar 10 ildir ki, kirayə yaşayırlar, halbuki atasının çox bahalı evi var, yalnız anası məcbur etdiyi halda atası ona oyuncaqlar alır, onlara bazarlıqdan başqa heçnə etmir, halbuki, onun atasının “Rolls Royce” markalı çox bahalı avtomobili var. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, o, telefonunun sim kartını çıxarıb sındırmamışdır, ümumiyyətlə, bunu etməyi bacarmır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, onun səkkiz yaşı var. Sevinc onun anası, Savalan isə atasıdır. O, çoxdandır ki, atasını görmür və onu görmək istəmir. Atasını görmək istəməməsinin səbəbi odur ki, atası onun anasına pislik edib, atası ona heç nə almır, onlar 10 ildir ki, kirayə yaşayırlar, halbuki atasının çox bahalı evi var, yalnız anası məcbur etdiyi halda atası ona oyuncaqlar alır, onlara bazarlıqdan başqa heçnə etmir, halbuki, onun atasının çox bahalı avtomobili var. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, o, telefonunun sim kartını çıxarıb sındırmamışdır, ümumiyyətlə, bunu etməyi bacarmır. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 16(004)-96/2024 saylı icra sənədinə əsasən ərizəçi X5 övladları – xx.xx.2016-cı il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X10 ilə hər həftənin şənbə günləri saat 11:30-dan 17:30-dək ünsiyyətdə olmalarına icazə verilmiş və uşaqların özlərinə məxsus olan telefonları ilə mütəmadi əlaqə yaratmağına edilən maneələr qadağan edilmişdir. İcraata başlama haqqında 29 fevral 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Yasamal rayon İcra şöbəsinin Şəxs ünvanladığı tələbin könüllü icrası haqqında 29 fevral 2024-cü il tarixli bildirişin surətindən görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 16(004)-96/2024 saylı icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün Şəxs xəbardarlıq edilmişdir. Həmçinin icra sənədinin qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmiş müvafiq məsuliyyətə cəlb oluna biləcəyi də onun nəzərinə çatdırılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 X17 Xəstəxanasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhər, Yasamal rayon İcra şöbəsində xx.xx.2016-cı il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X10 ilə kliniki müsahibə aparmışdır. Müsahibənin məqsədi uşaqların ataya qarşı neqativ münasibətinin obyektiv səbəblərini araşdırmaq idi. Uşaqların gətirdiyi səbəblər yetişkinlərin dilindən eşitdikləri fikirlərə uyğun idi. Bunun səbəbi ananın birbaşa manipulyativ təsiri ilə əlaqələndirilsə də bu yaş dönəmindəki uşaqların ətrafda baş verənləri ananın yəni qayğı verənin dilindən analiz etməsi normaldır və qaçınılmazdır. İcra zamanı valideynlərin hər ikisinin bir birinə qarşı neqativ emosional ünsiyyətinin uşaqları çox qorxutduğunun, psixoloji gərgin vəziyyətə saldığının şahidi olmuşdur. Uşaqların ata ilə ünsiyyətinin yaxşılaşdırılması ata ilə görüşlərin normallaşdırılması üçün psixoloji reablitasiya seanslarının keçirilməsi tövsiyyə edilmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-1816/2024 nömrəli mülki işi ilə əlaqədar Yasamal Rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasının rəyinə əsasən Yasamal Rayon Məhkəməsinin 2(004)-1816/2024 nömrəli mülki işi ilə əlaqədar Yasamal Rayon icra Hakimiyyəti nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasının iclasında iddiaçı X5 cavabdeh Şəxs qarşı “uşaqla ünsiyyət” tələbinə dair iddia ərizəsi araşdırılmışdır. Məhkəmədən daxil olmuş mülki işin içərisində olan sənədlər toplusundan göründüyü kimi iddiaçı ilə cavabdeh 2014-cü ildə rəsmi nikah bağlamadan ailə qurmuş, onların 2 övladları, 28 mart 2016-cı il təvəllüdlü X9 və 28 dekabr 2017-ci il təvəllüdlü X10 vardır. Tərəflər ər-arvad münasibətlərini kəsərək hazırda ayrı ünvanlarda yaşayırlar, uşaqlar analarının yanındadırlar. İddiaçının komissiyanın iclasına gələrək bildirdiklərinə görə 20 il bundan əvvəl rəsmi nikaha daxil olmaqla evlənmiş, həmin nikahdan 19 yaşlı qız və 17 yaşlı oğlan övladları vardır, arvadının psixi durumunda problemlər olduğundan nikah pozulmadan ondan ayrılaraq 2014-cü ildə cavabdehlə ailə qurmuş, qeyri-rəsmi ər-arvad münasibətlərindən 2 oğlan övladları dünyaya gəlmiş, onların bütün maddi ehtiyaclarını özü qarşılamış, birinci arvadı ilə nikahları pozulmadığından cavabdehlə ailə qurarkən münasibətlərini rəsmiləşdirə bilməmiş, ötən ilin oktyabr ayında aralarında narazılıqlar yarandığından cavabdehlə ayrılaraq birinci ailəsinə qayıtmış, beşotaqlı evdə yaşayır, həmin vaxt 7 və 5 yaşları olan övladlarını da özü ilə aparsa da, qarşı tərəfin şikayət etməsindən ehtiyatlanaraq 18 gündən sonra onları cavabdehə qaytarmış və Yasamal rayonunda kirayə ikiotaqlı mənzil tutaraq onların həmin mənzildə qalmasını təmin etmişdir. İddiaçının sözlərinə görə, cavabdeh də əvvəllər evli olmuş, nikah münasibətlərindən onun hazırda ali təhsil alan qız övladı vardır, sonradan boşanmışdır, hazırda qarşı tərəf ona müxtəlif maddi tələblər irəli sürərək uşaqlarla görüşməsinə mane olur, ondan özü üçün ev almasını tələb edir, övladlarının atası ilə görüşmək istəmədiyini bəhanə gətirərək müvəqqəti təminat tədbirinin icrasına şərait yaratmır, bu səbəbdən özü məhkəməyə müraciət etmək məcburiyyətində qalmış və müvafiq qətnamə əsasında uşaqları ilə mütəmadi və sistemli ünsiyyətə nail olmaq istəyir. Cavabdeh komissiyanın iclasında işsiz olmaqla hazırda övladları ilə birgə Yasamal rayonunda ikiotaqlı mənzildə kirayə qaldığını, uşaqlarının yaxınlıqda yerləşən 53 saylı tam orta məktəbdə təhsil aldıqlarını, iddiaçı ilə 2014-cü ildə rəsmi nikaha daxil olmadan ailə qurduğunu, ötən ilin oktyabr ayında ər-arvad münasibətlərinə son qoyaraq ayrıldıqlarını, iddiaçının hər uşağa görə 235 manat aliment ödədiyini, aliment borcunun olmadığını, müvəqqəti təminat tədbiri kimi ona hər həftənin şənbə günü saat 11:30-dan 17:30-dək övladları ilə ünsiyyətdə olmaq üçün vaxt ayrıldığını, lakin uşaqlar istəmədikləri üçün görüşlərin baş tutmadığını bildirdi. 28 mart 2016-cı il təvəllüdlü X3 fikri öyrənilərkən o, qardaşı ilə birgə 53 saylı tam orta məktəbdə təhsil aldıqlarını, ataları ilə görüşmək istəmədiklərini bildirmişdir. Yasamal Rayon icra Hakimiyyəti nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyası gələcəkdə uşaqların psixoloji durumu və mənafeləri naminə, eləcə də qanunvericiliyin tələblərini nəzərə alaraq X5 övladları 28 mart 2016-cı il təvəllüdlü X9 və 28 dekabr 2017-ci il təvəllüdlü X10 ilə ünsiyyət qaydasının hər həftənin şənbə günü saat 11:00-dan 18:00-dək müəyyən edilməsini məqsədəuyğun hesab edir. Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, xx.xx.2016-cı il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X4 anası Şəxsdır. Beləliklə, müəyyən edilmişdir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 16(004)-96/2024 saylı icra sənədinə əsasən ərizəçi X5 övladları – xx.xx.2016-cı il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X10 ilə hər həftənin şənbə günləri saat 11:30-dan 17:30-dək ünsiyyətdə olmalarına icazə verilmiş və uşaqların özlərinə məxsus olan telefonları ilə mütəmadi əlaqə yaratmağına edilən maneələr qadağan edilmişdir. İcra sənədi üzrə 29 fevral 2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Lakin məhkəmə müvafiq səlahiyyətli qurumun nümayəndəsinin iştirakı ilə X9 və X7 dindirərək və iş materiallarında olan rəyləri qiymətləndirərək hesab edir ki, X9 və X4 ataları X13 ilə görüşmək istəməməsi barəsində protokol tərtib edilmiş Şəxs uşaqlara etdiyi təsirlərin nəticəsində baş vermişdir. Bununla bağlı icra məmurunun Şəxs ilə söhbətlər aparmasına baxmayaraq sonuncu bu növ hərəkətləri etməkdən çəkinməmişdir. Beləlikə məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs himayəsində iki azyaşlı uşağının olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş cərimə növündə inzibati tətbiq edilməsi məqsədəmüvafiqdir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhər “Mərkəz” Vəkil Bürosunun vəkili X18 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.1.5-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işinə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək hüququ vardır. 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 202 saylı 03 may 2018-ci il tarixli qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat müəyyən edilmişdir. Odur ki, Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhər “Mərkəz” Vəkil Bürosunun vəkili X18 məhkəmədə iştirak etdiyi 5 (beş) saata görə 30 (otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhər “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhər “Mərkəz” Vəkil Bürosunun vəkili X18 məhkəmədə iştirak etdiyi 5 (beş) saata görə 30 (otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhər “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar