Məhkəmə qərarları › İş №3(004)-353/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-353/2021

22.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-353/2021 22.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, məhkəmə iclas katibi İsmayılzadə Turan Tahir qızının katibliyi Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin qanuni təmsilçisi X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 347-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Yasamal rayon Polis İdarəsi DYPŞ tərəfindən toplanmış inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal RPİ DYPŞ tərəfindən tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs MMC mülkiyyətində (istifadəsində) olan «X4» (minik) markalı ** AA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə inzibati xətanın törədilməsi zamanı həmin nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs haqqında məlumatları səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Bununla da, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin qanuni təmsilçisi X2 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Yasamal Rayon Polis İdarəsi DYPŞ tərəfindən göndərildiyi qeyd edilən müvafiq sorğu Şəxs MMC-nin ünvanına daxil olmamışdır. Şəxs MMC-nin Rüstəmov Samir adlı əməkdaşı yoxdur. Göründüyü kimi Şəxs MMC-yə istinad edilən inzibati xəta hadisəsi yoxdur. Ona görə də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər Yasamal rayon Polis İdarəsinə inzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin proses iştirakçıları məhkəməyə gəlməmiş, işə baxılmanın təxirə salınması haqqında vəsatət məhkəməyə verilməmişdir. Məhkəmə, İXM-in 112.1.4-cü maddəsinə əsasən proses iştirakçılarının iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Məhkəmədə tədqiq edilmiş iş materiallarından və işdə olan DİN-nin DYP portal çıxarışından görünür ki, Şəxs MMC-nin, onun mülkiyyətində olan «X4» (minik) markalı ** AA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2020-ci il tarixdə saat 17:16-da idarə edərək İXM-in 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş fiziki şəxs barədə məlumat verilməsinin xahiş olunmasına dair Bakı şəhər Yasamal RPİ tərəfindən sorğu verilmişdir. İş materiallarında olan poçt göndərişinin verilməsi haqqında “SS685123548AZ” saylı xəbərnamədən görünür ki, Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin yuxarıda qeyd olunan sorğusu xx.xx.2020-ci il tarixdə Şəxs MMC-nin Rüstəmov Samir adlı əməkdaşı tərəfindən imzalanmaqla qəbul edilmişdir. Göstərilənlərlə yanaşı məhkəmə tərəfindən “xxxx” MMC-yə ünvanlanmış sorğuya daxil olmuş xx xxxxxx 2021-ci il tarixli 103-2-11-1-632-21 nömrəli cavab məktubundan müəyyən edilir ki, məhkəmənin sorğusu əsasında aparılan araşdırma zamanı “SS685123548AZ” saylı ştrix kodlu sifarişli məktub xx.xx.2020-ci il tarixdə 122 saylı poçt şöbəsinə qəbul olunaraq ünvan üzrə göndərilmişdir. Həmin məktub xx.xx.2020-ci il tarixdə xidmət ərazisi üzrə 65 saylı PŞ-yə daxil olmuş və qeyd edilən ünvanda qapı bağlı olduğu üçün F.20 yarlıkında müvafiq qeyd aparılaraq xx.xx.2020-ci il tarixində geri qaytarılmışdır. Lakin buna baxmayaq Bakı şəhər Yasamal rayon Polis İdarəsi DYPŞ tərəfindən sorğuya əsasən mülkiyyətində olan nəqliyyat vasitəsi tərəfindən inzibati xəta törətmiş fiziki şəxs barəsində məlumat verilmədiyindən barəsində İXM-in 347-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İXM-in 347-ci maddəsinə əsasən, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Göründüyü kimi, qanunvericilik İXM-in 347-ci maddəsi ilə olan inzibati xətanı yalnız səlahiyyətli orqanın sorğusunun daxil olduğu vaxtdan 5 gün müddətində vəzifəli şəxs tərəfindən sorğu verənə göndərilməməsinə görə nəzərdə tutmuşdur. Beləliklə məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Bakı şəhər Yasamal rayon Polis İdarəsi tərəfindən sözügedən sorğu Şəxs MMC-nin hüquqi ünvanı olan ünvan 1 ünvanına göndərilmiş, lakin məktub geri qaytarılıb. Göstərilən halla bağlı məhkəmə qeyd edir ki, Bakı şəhər Yasamal rayon Polis İdarəsi DYPŞ tərəfindən göndərilən sorğunun Şəxs MMC-nin tərəfindən alınmasını təsdiqləyəcək heç bir sübut iş materiallarında öz əksini tapmamışdır. Belə ki, Bakı şəhər Yasamal rayon Polis İdarəsi tərəfindən göndərilmiş sorğunun Şəxs MMC-nin tərəfindən alınmasını təsdiqləyəcək xəbərnamə əsas götürülərək iş materiallarına əlavə edilsə də, müəyyən edilmişdir ki, sözügedən sorğu DYP-yə geri qaytarılmışdır. Digər tərəfdən məhkəmə, iş materiallarında olan poçt xəbərnaməsinə dair qeyd edir ki, İXM-in 57-ci maddəsinə əsasən hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. Lakin, iş materiallarında olan poçt xəbərnaməsində isə İXM-in göstərilən tələblərinə riayət edilməmişdir. Bununla yanaşı, iş materiallarında olan poçt xəbərnaməsinin Şəxs MMC-nin nümayəndəsi tərəfindən qəbul edilməsi təsdiq olunmur. Ona görə də, məhkəmə belə qənaətə gəlmişdir ki, hazırda baxılan iş üzrə Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi yoxdur və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Bakı şəhər Yasamal rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsi tərəfindən tərtib olunmuş xx xxxxxx 2021-ci il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs MMC-nin əməlində İXM-in 347-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Bakı şəhər Yasamal rayon Polis İdarəsi DYPŞ tərəfindən tərtib olunmuş xx xxxxxx 2021-ci il tarixli AP seriyalı ******* inzibati xəta haqqında protokola dair Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar