Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3539/2024 05.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X1 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi, Bakı şəhəri Yasamal RPİ-nin 27-ci polis şöbəsinin polis sahə inspektoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1990-cı il tarixdə Qobustan rayonu, Çalov kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Qobustan rayonu, Cəyirli ərazi dairəsi, Çalov kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 510 və 535.1-ci maddələri ilə Bakı şəhəri Yasamal RPİ-nin 27-ci polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal RPİ-nin 27-ci polis şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 510 və 535.1-ci maddələri ilə 05 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında 05 iyul 2024-cü il tarixli, MN ******* saylı protokola əsasən Şəxs polisin qanuni tələblərinə tabesizlik göstərərək uca səslə küçədə nümayişkarcasına ünvansız nalayiq ifadələr işlətdiyi müəyyən edilmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin 27-ci polis şöbəsinin polis sahə inspektoru X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, onlar ərazidə xidmət apararkən nəqliyyat vasitəsinin önündə şübhəli hərəkət etdiyini görüb ona saxlaması üçün işarə etmiş, həmin nəqliyyat vasitəsi saxladıqdan sonra onlar onun yanına yaxınlaşmış və sürücüyə özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirmişlər və Şəxs özünü təqdim etməsini xahiş etmişlər. Lakin şəxs onlara kobudcasına qarşılıq verərək özünü təqdim etməkdən imtina etmiş və onlarla mübahisə etməyə başlamışdır. Şəxsin kimliyini müəyyənləşdirmək üçün maşına əyləşdirib polis bölməsinə aparmış, maşında olarkən, həmçinin polis bölməsində onlara qarşı nalayiq ifadələr, təhdidlər, “gəl gedək söhbətimizi edək, çıxandan sonra səni tapacam” və digər bu kimi ifadələr işlətmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, ona yaxınlaşan şəxslərin polis əməkdaşı olduğunu bilmədiyini, oraya mal verməyə gəldiyini, polis əməkdaşlarının özlərini sonradan təqdim etdiklərini, anidən maşından düşüb onu zorla maşına mindirib bölməyə gətirdiklərini, özünü qismən təqsirli bildiyini bildirmişdir. Həmçinin, Şəxs özünü polis əməkdaşlarına təqdim etmədiyinə görə peşman olduğunu, polis əməkdaşlarının özlərini təqdim etdiklərini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Yasamal RPİ-nin 27-ci polis şöbəsinin polis sahə inspektoru X3 öz izahatında Bakı şəhəri Yasamal RPİ-nin 27-ci polis şöbəsinin polis sahə inspektoru X4 tərəfindən göstərilən xüsusatları bir daha təsdiq edərək, Şəxs əsassız yerə onlarla mübahisə edib qanuni tələblərinə əməl etmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 göstərmişdir ki, polis əməkdaşları Şəxs yaxınlaşaraq ondan özünü təqdim etməyini tələb etmiş, Tural da “siz kimsiz” deyərək özünü təqdim etməmiş, daha sonra aralarında mübahisə yaranmışdır. Polis əməkdaşları Turalı polis maşınına mindirib aparmışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında 05 iyul 2024-cü il tarixli, MN ******* saylı protokola əsasən Şəxs polisin qanuni tələblərinə tabesizlik göstərərək uca səslə küçədə nümayişkarcasına ünvansız nalayiq ifadələr işlətdiyi müəyyən edilmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. “İnzibati qaydada tutma haqqında” AZA 003842 nömrəli, 04 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs 04 iyul 2024-cü il tarixdə, saat 19:30-da tutulmuşdur. Şəxs Polis Şöbəsində verdiyi izahatından görünür ki, o, polis əməkdaşları mülki formada ona yaxınlaşmış, ondan özünü təqdim etməyini tələb etsələr də o, şəxsiyyətini niyə istəyirsiniz deyə soruşanda onlar öz xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını və onun qanunsuz küçə ticarəti ilə məşğul olduğunu bildirmiş, bu zaman aralarında mübahisə yarandığını bildirmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, materialı araşdıraraq hesab edir ki, Şəxs AR İXM-nin 510-cu maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, o, AR İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinərək məsuliyyətə cəlb edilməlidir. Şəxs təqsirləndirildiyi AR İXM-nin 510-cu maddəsinə münasibətdə məhkəmə aşağıdakılar qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Avropa İnsan Hüquqları Məhkəməsi Karelin Rusiyaya qarşı işi üzrə (xx.xx.2016) qəbul etdiyi qərarında Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) qərəzsizlik tələbinə riayət olunmaması ilə əlaqədar pozuntu baş verdiyini qərara almışdır. Həmin maddəyə görə “hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ... işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnzibati xəta haqqında protokolda rəsmiləşdirən məmurun məhkəmədə işə baxılarkən inzibati xətaya görə təqsiri sübut etmək səlahiyyətinə malik olmadığını, ittihamedici orqanın və ya rəsminin olmaması şəraitində isə ona qarşı ittihamın sübut edilməsi yükünün bütünlükdə hakimin üzərinə düşdüyünü, bunun isə hakimə müdafiə tərəfinin ifadələrini rədd etmək üçün proprio motu arqumentlər axtarmaqdan başqa yol qoymadığını qeyd etmişdir. O, bunun öz növbəsində sübutların qiymətləndirilməsində balansı pozduğunu, nəticədə onun Avropa İnsan Hüquqları Konvensiyası ilə nəzərdə tutulan ədalətli məhkəmə araşdırması hüququnun pozulduğu göstərilmişdir. Məhkəmə iş materiallarını tam və hərtərəfli tədqiq edərək belə qənaətə gəlir ki, iş materiallarında olan sənədlərlə Şəxs tərəfindən ictimai qaydanı pozması öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş və inzibati xəta haqqında protokolun tərtib olunmasına əsas olmuş raportda ümumi ifadələrə istinad olunmuş, Şəxs ictimai qaydanı pozmasının nədə ifadə olunması göstərilməmiş və raportda göstərilən halları təsdiq edən heç bir sübut iş materiallarına əlavə edilməmişdir. Məhkəmə iclasında izahatı alınmış şahidlər isə həmin xüsusatla bağlı ziddiyyətli ifadələr verərək ictimai qaydanın pozulmasının nədə ifadə olunmasını izah edə bilməmişlər. Bununla yanaşı, məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxs özünü AR İXM-nin 510-cu maddəsi ilə təqsirli bilməmiş, inzibati xəta haqqında protokolu tərtib etmiş və məhkəmə iclasında iştirak edən X4 isə öz izahatında AR İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dəlalət edən heç bir hala istinad edə bilməmişdir. Bundan əlavə AR İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın olub-olmamasını, inzibati xəta törətmiş şəxsin təqsirini sübut edən mötəbər sübutlar iş materiallarına əlavə edilməmiş, işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları məhkəmə iclasında da müəyyən etmək mümkün olmamışdır. Belə ki, ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə,əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı pozan hərəkətlər dedikdə isə ictimai və ya şəxsi mənafelərə zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi, polis orqanı tərəfindən Şəxs AR İXM-nin 510-cu maddəsi ilə təqsirli olmasını təsdiq edən sənəd kimi yalnız inzibati xəta haqqında protokolun məhkəməyə təqdim edilməsi yetərli hesab olunmuşdur. Halbuki, Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Konstitusiya Məhkəməsinin mövqeyini rəhbər tutan məhkəmə qeyd edir ki, hazırda məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokol sübutedici qüvvəsi olmayan ittiham yönümlü sənəd olduğundan həmin protokolda göstərilən hallar şahid ifadələri, hadisənin videogörüntüləri və digər zəruri sübutlarla təsdiq olunmalıdır. Lakin hazırkı materialda Şəxs tərəfindən AR İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta hadisəsinin törədilməsini təsdiq edən heç bir sübuta istinad olunmamış və ümumi sözlərlə şəxsin müvafiq inzibati xətanı törətməsi göstərilmişdir. Şərh olunan hallara əsaslanaraq məhkəmə hesab edir ki, Şəxs AR İXM-nin 510-cu maddəsi ilə təqsirli olması AR İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş və onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış məhkəmə tərəfindən müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Belə olan halda, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunvericiliyin imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, Şəxs tərəfindən AR İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən sübutlar iş materiallarında olmamaqla yanaşı, məhkəmə baxışı zamanı da müəyyən edilmədiyindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata onun həmin maddə ilə təqsiri sübuta yetirilmədiyindən xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 13-cü maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin izahatı, məhkəmə iclasında iştirak edən polis əməkdaşlarının izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən hal kimi xx.xx.2013 (X5) və xx.xx.2012-ci il təvəllüdlü (X6) övladlarının olmasını və səmimi peşmançılığını, məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Beləliklə, yekun olaraq məhkəmə belə qənaətə gəlir ki, Şəxs tərəfindən AR İXM-nin 510cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən sübutlar iş materiallarında olmamaqla yanaşı, məhkəmə baxışı zamanı da müəyyən edilmədiyindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata onun həmin maddə ilə təqsiri sübuta yetirilmədiyindən xitam verilməli, onun AR İXM-nin 535.1-ci maddəsi ilə təqsirli olması yuxarıda sadalan sübutlarla öz təsdiqini tapdığından o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 53, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin həmin maddə ilə təqsirli olması sübuta yetirilmədiyindən AR İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək AR İXM-nin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla barəsində 100 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs dərhal məhkəmə iclas zalında azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №3(004)-3539/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3539/2024
05.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver