Məhkəmə qərarları › İş №3(004)-3567/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3567/2020

04.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3567/2020 04.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X3 iclas katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib edən Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin polis sahə inspektoru X1, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1981-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay (boşanmış), orta təhsilli, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal RPİ-nin 28-ci PB-si tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal RPİ-nin 28-ci PB-si tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB-si tərəfindən tərtib edilmişxx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki,Şəxs xx xxxxxx 2020-ci il tarixdə “Dağüstü 2” qəbirstanlığında olan qəbir daşlarının üzərinə qoyulmuş qızıl gülləri gizli yolla talayaraq oğurluq etmişdir. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin227-ci (xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törətməsinə dair protokol tərtib edilmişdir. Şəxs tərtib edilmiş protokolla tanış olaraq imzalamışdır. Məhkəmə iclasında iştirak edən Bakı şəhər Yasamal RPİ-nin 28-ci PB-nin polis sahə inspektoru X1 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərdi ki, “Dağüstü 2” qəbirstanlığında işləyir, əsas vəzifəsində qəbirlərin ətrafının təmizliyinin təmin edilməsindən ibarətdir. xx xxxxxx 2020-ci il tarixdə Yasamal rayonu M.Müşviq küçəsində yerləşən “Dağüstü 2” qəbirstanlığında olarkən bir-neçə qəbir üzərində təzə qızıl gülləri görüb bəyənmiş və 10-15 dənəsini gizli yolla götürmüşdür. Daha sonra həmin gülləri işıqforlarda sürücülərə satıb əldə etdiyi 40-45 manat pulu şəxsi istifadəsinə xərcləmişdir. Şəxs əlavə olaraq qeyd etmişdir ki, törətdiyi əməlindən səmimi peşmandır və bu hal nəzərə alınaraq məhkəmədən barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Verilmiş suallar əsasında Şəxs bildirmişdir ki, zərər çəkmiş şəxslə barışıq əldə edə bilməmişdir. Bundan əlavə o, verilmiş suala cavab olaraq bildirdi ki, barəsində tərtib edilmiş protokol və iş materialları ilə tanış olmuş, saxlanılarkən heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə zərər çəkmiş şəxs X2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə icalsına gəlməmiş və onun tərəfindən məhkəmə iclasının təxirə salınmasına dair vəsatət daxil olmamışdır. Məhkəmə İXM-nin 62.4 və 112.1.4-cü maddələrinə müvafiq olaraq işə zərər çəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirib, proses iştirakçılarını dinləyərək və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan müəyyən edilir ki, zərər çəkmiş şəxs X4 izahatında bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə işlədyi “Dağüstü 2” qəbirstanlığından 150-200 manat dəyərində qızılgüllərin oğlunmasını aşkar etmişdir. RPİ-nin 28-ci PŞ-də aparılan araşdırma nəticəsində cinayət tərkibinin əlamətləri müəyyən edilmədiyindən toplanmış material üzrə eyni tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Hənçinin iş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli AZA seriyalı 003901 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə 20:45-də inzibati qaydada tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, protokol tərtib edən şəxsin, iş materiallarını, iş materiallarına əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsi iş materialları əsasında və özünün səmimi etirafı ilə sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin dispozisiyasına və qeyd hissəsinə görə xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin qeyd hissəsinə görə həmin Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə, 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəb və şərait. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, inzibati həbs etmənin əvvəli inzibati qaydada tutulduğu vaxtdan, yəni xx xxxxxx 2020-ci il tarixdən saat 20:45-dən hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 01 (bir) ay müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbs müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən saat 20:45-dən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsində mühafizə altında saxlanılsın. Qərarın icrası Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB-nə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar