Məhkəmə qərarları › İş №3(004)-3578/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3578/2023

10.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3578/2023 10.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi ilə, Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2021-ci il tarixli, EQ ******* saylı inzibati xəta haqqında iş üzrə qərardan X1 şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN BDYPİnin xx.xx.2021-ci il tarixli, EQ ******* saylı inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, barəsində tərtib edilmiş EQ ******* nömrəli protokol əsasında İnzibati tənbeh verilməsi haqqında DİN BDYPİ tərəfindən qərar verilmişdir. Həmin inzibati xəta tərəfimdən törədilməmişdir. O, Şirvan Apellyasiya Məhkəməsində hakim vəzifəsində çalışır. Tərtib olunan protokolda göstərilən tarix və saat onun iş saatları ilə üst-üstə düşür. Həmin protokol və onun əsasında çıxarılmış qərar barədə ona məlumat verilməmiş və tərəfindən alınmamışdır. Mülkiyyətində olan **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobil onun faktiki sahibi olan X4 tərəfindən idarə edilib. Qeyd olunan inzibati xəta onun deyil, X4 tərəfindən törədilmişdir. Bununla bağlı X2 notariat qaydada təsdiq olunmuş ərizəsi də mövcuddur. Göründüyü kimi inzibati xətanın tərəfindən törədilməsi qeyri-mümkündür. Bu baxımdan Baş X7 İdarəsi tərəfindən tərtib olunan protokol və qəbul olunan qərar əsassız və qanunsuzdur. Bununla əlaqədar olaraq Daxili İşlər Nazirliyinin rəsmi internet səhifəsi vasitəsilə barəsində tərtib olunan protokol və qərarın ləğv olunması ilə bağlı Baş X7 İdarəsinə elektron müraciət ünvanlanmışdır. Lakin BDYPİ müddəti ötürdüyünü əsas gətirərək müraciətinə rədd cavabı vermişdir. Bununla əlaqədar olaraq Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsinə barəsində qəbul olunan inzibati xəta haqqında protokolun və onun əsasında çıxarılmış qərarın ona təqdim edilməsi üçün 11 may 2023-cü il tarixdə yazılı şəkildə müraciət etmişdir. 24 iyun 2023-cü il tarixdə qərar ona təqdim olunmuşdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2021-ci il tarixli, EQ ******* saylı elektron protokol əsasında çıxarılmış inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq şikayətçi və Azərbaycan Respublikası DİN BDYPİ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti, habelə iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, hazırda şikayətçi tərəfindən mübahisələndirilən inzibati xəta haqqında iş üzrə qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2021-ci il tarixli, EQ ******* saylı inzibati xəta haqqında qərarın surətindən görünür ki, S.F.Həsənov «VAZ 21214 minik» markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etdiyinə görə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, S.F.Həsənovun barəsində Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2021-ci il tarixli, EQ ******* saylı inzibati xəta haqqında protokoldan yuxarı səlahiyyətli orqana şikayət verilmiş və onun şikayəti araşdırılmadan qərar qəbul edilmişdir. Göründüyü kimi, inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş qərar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmədən tərtib edilərək qəbul edilmiş, həmçinin sözügedən qərarda şikayətçinin Yol hərəkəti haqqında Qanunla hansı maddəsinin tələblərini pozması və pozuntunun baş verdiyi yer göstərilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilir. Həmin Məcəllənin 122.3.1-ci maddəsinə əsasən inzibati xəta haqqında elektron protokolda bu Məcəllənin 100.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə) göstərilir. Belə olan halda məhkəmə hesab edir ki, S.F.Həsənovun barəsində Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş Azərbaycan Respublikası DİN BDYPİnin xx.xx.2021-ci il tarixli, EQ ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərar heç bir sübuta istinad edilmədən qəbul edilmiş, həmçinin S.F.Həsənov həmin qərarla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsinə nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, S.F.Həsənovun şikayəti təmin edilməli, Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2021-ci il tarixli, EQ ******* saylı qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin olunsun. Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2021-ci il tarixli, EQ ******* saylı inzibati xəta haqqında qərar ləğv edilsin və başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar