Məhkəmə qərarları › İş №3(004)-3595/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3595/2022

27.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3595/2022 27.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X5 iclas katibliyi ilə Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 3166-cı məhəllə, 2-ci yaşayış binası 1-ci mərtəbə olan “X16” MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən “X16” MMC barəsində İXM-in 215.4-cü maddəsi ilə xx.xx.2022-ci il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 3166-cı məhəllə, 2-ci yaşayış binası 1-ci mərtəbədə yerləşən “X16” MMC-yə məxsus klinikada plandankənar yoxlama apararkən sertifikatsız tibb fəaliyyəti aşkar edilmişdir. Protokol və materiallar məhkəməyə xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. Protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi Nümayəndə bildirdi ki, MMCdə yoxlama aparılarkən müəyyən edilmşidir ki, həmin tibb müəssisəsində çalışan işçilərin, yəni N.N.Hacıyeva, L.M.Şükürova, N.E.Əliyeva, A.R.Əliyevanın sertifikasiyadan keçmədən tibbi fəaliyyətə cəlb edilmişşlər. Ona görə də həmin MMC barəsində protokol tərtib edilmişdir. Həmçinin həmin işçilərin sertifikasiyaya cəlb elətdirmək həmin MMC-nin vəzifəsi olmuşdur. Sertifikasiya vaxtı çatanda həmin işçiləri təqdim etməliydi ki sertifikasiyadan keçsinlər, əks halda həmin işçiləri fəaliyyətə buraxmamalı idi. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi X14 protokola etiraz təqdim edərək bildirmişdir ki, AR Səhiyyə Nazirliyinin X9 tərəfindən 22 iyul 2022-ci il tarixdə “X16” MMC-də aparılan plandankənar yoxlama bir sıra qanun pozuntuları ilə keçirilmişdir. Bu səbəbdən də Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 61ci maddəsinə uyğun olaraq etiraz vermək hüququndan istifadə edir. Belə ki, yoxlamaya gəlmiş şəxslər İlahə Rüstəmli adlı vətəndaşın klinikadan şikayət etdiyini bildirərək yoxlamanın keçiriləcəyini bildirmişlər. Lakin həmin vətəndaşın şikayətinin bir nüsxəsi onlara təqdim edilməmişdir və klinikada belə bir vətəndaşı tanımadıqlarını, əgər belə şikayət var idisə əvvəlcədən vətəndaşın klinikaya müraciət etməli olduğunu yoxlayıcılara bildirmişlər. X26 adlı şəxsin klinikaya müraciət etməsi faktı ümumiyyətlə aşkarlanmamışdır. Yoxlayıcılar isə iki sual üzrə yoxlama keçirəcəklərini elan etmişlər. Lakin klinika barəsindəki şikayətlə tanış olmadığından həmin sualların şikayətlə bağlılığının olubolmamasını müəyyən etmək mümkün olmamışdır. Məlum olduğu kimi yoxlamalar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Həmin Qanunun 20.6-cı maddəsinə əsasən yoxlama zamanı yoxlayıcılar əsaslı qərar qəbul etmək üçün bütün fakt və məsələləri, o cümlədən sahibkar üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Göründüyü kimi yoxlayıcılar tərəfindən qeyd olunan Qanunun 20.6-cı maddəsinə ümumiyyətlə riayət edilməmişdir. X26 adlı şəxsin klinikaya müraciət etməsi faktı ümumiyyətlə araşdırılmamışdır. Yoxlama zamanı sertifikasiya olmadığı əsas gətirilərək 22 iyul 2022-ci il tarixli, 348 nömrəli yoxlama aktı əsasında MN № ******* inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin həmin protokolda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinin tələblərinin pozulması halları aşkar edilmədiyi üçün həmin iş üzrə inzibati icraata xitam verilməlidir. Belə ki, aktda qeyd edilən dörd işçidən üçü yoxlama zamanı rəsmi şəkildə məzuniyyətdə olmuş, yəni fiziki cəhətdən ümumiyyətlə klinikada olmamışlar. Yoxlama aktında adları qeyd edilmiş X15, X19 və X20 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əmək məzuniyyətindədirlər və hazırda da məzuniyyətləri davam edir. Bununla bağlı xx.xx.2022-ci il tarixli, 004/222 nömrəli əmr də verilmişdir. Aktda adı keçən baş həkim t.ü.f.d. X7 əsas iş yeri Azərbaycan Tibb Universiteti olduğundan klinikamızda əvəzçilik qaydasında yalnız inzibati idarəetmə və elmi məsləhətçilik fəaliyyəti ilə məşğul olur. Yəni yoxlama zamanı tibbi fəaliyyətlə məşğul olunması faktı təsdiqini tapmamışdır. Əlavə olaraq bildirmişdir ki, klinika olaraq vətən uğrunda canından keçmiş şəhidlərin ailələrinə və qazilərin övladlarına pulsuz, təmənnasız tibbi yardımlar edirlər. Hətta bəzi şəhid olmuş qəhrəmanlarımızın övladlarını himayəyə götürərək hər zaman əlindən gələn dəstəyi göstərirlər. Məlum olduğu kimi, İnzibati Xətalar Məcəlləsinə görə inzibati xəta üzrə şübhəli hallar hər zaman şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Göründüyü kimi yoxlama zamanı klinikadan şikayət etmiş vətəndaşın şikayəti ilə tanış olmağa şərait yaradılmamış, yoxlama sualların şikayətlə əlaqəsinin olub-olmaması müəyyən edilməmiş, həmçinin, sertifikasiya olmadığı qeyd edilən tibb personalının rəsmi şəkildə məzuniyyətdə olması nəzərə alınmamışdır. Plandankənar yoxlama 22 iyul 2022-ci il tarixdə saat 11:00-dan 13:15-dək aparıldığından yoxlayıcılar ancaq həmin 02 saat 15 dəqiqə ərzində baş verən hallara qiymət verməli idilər. Lakin iş materiallarından göründüyü kimi bu hallara ya düzgün qiymət verilməmişdir, ya da ki, yoxlayıcılar ümumiyyətlə qiymət verə bilməmişlər. AR Səhiyyə Nazirliyi X9 tərəfindən tərtib edilmiş 22 iyul 2022-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokol ilə əlaqədar başlanılmış icraatda inzibati xəta hadisəsi olmadığından icraata xitam verilməsini xahiş etmişdir. Bundan sonra barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi X14 etiraza əlavə təqdim edərək sədrliyi ilə keçirilmiş 12 avqust 2022-ci il tarixli məhkəmə araşdırması zamanı yaranmış suallarla bağlı bildirmişdir ki, əvvəlki etirazında göstərilmiş əsaslara qarşı X6 nümayəndələri tərəfindən əsaslandırılmış əks dəlil verilməmişdir. Bunu nəzərə alaraq bir daha 22 iyul 2022-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokol ilə əlaqədar başlanılmış icraatda inzibati xəta hadisəsi olmadığından icraata xitam verilməsini xahiş etmişdir. Xahişinin əlavə qeydlərlə əsaslandırılması üçün icraata aidiyyəti olan faktlara diqqətinin cəlb edilməsini vacib hesab edir. Məlum olduğu kimi, İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunun 49-1 maddəsinin 6-cı hissəsinin tələblərinin pozulmasının qarşısını alınması məqsədilə qəbul edilmişdir. Həmin maddə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası qaydasını müəyyən edir. Maddənin 2-ci hissəsində qanunverici göstərir: “Əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsinin təmin edilməşi və Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin şəxslər (işçilər), bu maddənin 3-cü və 4-cü hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dövri olaraq beş ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikasiyaya cəlb edilirlər” (burada və sonrakı rəsmi mətndə qabarlatma mənim tərəfimdən verilib). Göründüyü kimi sertifikasiya prosesin təşkili vəzifəsini müvafiq icra hakimiyyəti orqanın üzərinə yönəltməklə maddənin 5-ci hissəsində sertifikasiyadan keçən şəxslərə sertifikasiya şəhadətnaməsi verilməsi qaydası müəyyən edilir, 6-cı hissəsində sertifikasiyadan keçməyən işçilərin praktik tibb fəaliyyətinə buraxılmasına yol verilmir, 7-ci hissədə isə bu kateqoriyadan olan işçilərə 6 ay müddətində iş yeri saxlanılmaqla, peşə hazırlığı və təkrar sertifikasiya olunma imkanı yaradılır. Qanunverici “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 49-1 maddəsinin 6-cı hissəsinin tələblərinin pozulması hadisəsini ayrılıqda deyil, davamlı və sistemli tibb mütəxəssislərinin peşə, bilik və bacarığının təkmilləşdirilməsi prosesinin tərkib hissəsi kimi qiymətləndirir. Həmin qanunun 48-ci maddəsinin 1-ci hissəsində göstərildiyi kimi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tibb mütəxəssislərinin peşə, bilik və bacarıqlarının təkmilləşdirilməsinin təşkili üçün məsuliyyət daşıyır. Qanunun 46-cı maddəsi müəyyən edir ki, Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslərin dövlət reyestri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır və həmin reyestrə çıxış təmin edilir. Bundan başqa Nazirlər Kabinetin 2010-cu il 8 iyun tarixli, 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası” 1.2. müddəasında müəyyən edir ki, Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmiş tibb mütəxəssislərinin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə onlar beş ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər. Qaydanın 2.1. müddəasinda deyilir: tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, tibb müəssisələrində çalışan və özəl praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan X3 Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi (bundan sonra — Nazirlik) tərəfindən həyata keçirilir. 2.2. müddəası isə X3 prosesinin təşkili məqsədi ilə Nazirlik tərəfindən Tibb X2 yaradılmasını nəzərdə tutur. Göründüyü kimi, “Əhalinin sağlamlığının qorunması haqqında” Qanuna uyğun olaraq hazırlanmış Qayda işçilərin sertifikasiyaya cəlb edilməsi üçün aşağıdakı şərtləri müəyyən edir: praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq, ali və orta ixtisas təhsilinə malik olmaq, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmək. Bu şərtlər daxilində işçi müvafiq qaydada sertifikasiya imtahanına cəlb edilir. Sertifikasiya imtahanını keçə bilməyən işçilər Qanunun 49-1 maddəsinin 6-cı hissəsinin tələblərinə əsasən işə buraxılmır; maddənin 7-ci hissəsinin tələbələrinə əsasən təkrarən imtahanı keçməyən işçinin əmək münasibətlərinə baxılır. Beləliklə, Azərbaycan Respublikasının qanunvericiliyində sertifikasiya şəhadətnaməsi olmayan işçi ilə əmək münasibətlərinin bağlanmasına birmənalı qadağa yoxdur, sertifikasiya prosesi isə “peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi” ilə şəxslərin dövlət reyestri əsasında Sertifikasiyası Şurası tərəfindən aparılır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2017-ci il tarixli 45 nömrəli əmri ilə "Həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsinə dair müvəqqəti Qaydalar" təsdiq edilmişdir. Bu Qaydalar əhaliyə keyfiyyətli tibbi xidmət göstərilməsini təmin etmək məqsədi ilə praktik tibbi fəaliyyətlə məşğul olan həkimlərin davamlı tibbi təhsil prosesini tənzimləyir. Davamlı tibbi təhsil - praktik tibb fəaliyyəti ilə məşğul olan həkimlərin bilik, bacarıq və peşəkar vərdişlərinin inkişaf etdirilməsinə yönəldilmiş təhsil prosesi olub, ali tibb təhsilini təsdiq edən sənədin verildiyi gündən başlayır və həkimin peşəkar fəaliyyəti dövrü davam edir. Davamlı tibbi təhsil təkmilləşdirmə kursları və toplanma sistemi metodlarından birgə yaxud ayrılıqda istifadə edilməklə həyata keçirilir və onun zəruri miqdarının hesablanması davamlı tibbi təhsilin kreditləri vasitəsilə həyata keçirilir. Toplanma sistemi həkimin elmi tədbirlərdə iştirakı, elmi, pedaqoji, həmçinin müstəqil fəaliyyəti vasitəsilə kredit vahidlərinin yığılması yolu ilə həyata keçirilir. Davamlı tibbi təhsilin tətbiqinin ilk 5 ili (2018-2022-ci illər) keçid dövrü hesab olunur. Keçid dövrü səhiyyə ictimaiyyətini davamlı tibbi təhsilin səmərəli tətbiqinə hazırlamaq məqsədi daşıyır. Göründüyü kimi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2022-ci ili keçid dövrün mütləq sertifikasiyaya hazırlıq və sınaq dövrü hesab edir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi, və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 4-cü maddəsi yoxlamaların məqsəd' və prinsiplərini müəyyən edir: Yoxlamaların məqsədi sahibkarlıq fəaliyyətinə dair məcburi tələblərə sahibkarlar tərəfindən riayət olunmasının təmin edilməsi, o cümlədən bu sahədə yoxlayıcı orqan tərəfindən sahibkarlara kömək göstərilməsindən ibarətdir. Yoxlamalar aşağıdakı prinsiplər əsasında aparılır: 4.2.9. qanun pozuntularının qarşısının alınmasının cəzalandırılmadan üstünlüyü; 4.2.14. yoxlamanın qabaqlayıcı və profilaktik xarakter daşıması və sahibkarlıq fəaliyyətinə dair məcburi tələblərə riayət olunmasında sahibkara köməklik göstərilməsinə xidmət etməsi. Qanunun 5.2-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinə dair məcburi tələblərin, yoxlamaların aparılması ilə bağlı normativ hüquqi aktların aydın olmayan və ya bir-birinə zidd müddəaları aşkar edildikdə sahibkara münasibətdə daha əlverişli olan müddəa tətbiq edilir. Qanunun 8.4-ci maddəsinə əsasən yoxlayıcı orqan məcburi tələblərin tətbiqi ilə bağlı səlahiyyətlərinə aid məsələlər üzrə sahibkara yazılı və şifahi şəkildə izahatlar verməyə, habelə qarşıya çıxan çətinliklərin aradan qaldırılmasına dair metodiki köməklik göstərməyə borcludur. , 8.6. ...verilən izahatlara və göstərilən metodiki köməkliyə əsaslanmaqla həyata keçirilən fəaliyyət zamanı yol verilən pozuntulara görə sahibkar məsuliyyətə cəlb edilə bilməz. Qanunun 20.6-cı maddəsinə əsasən yoxlama zamanı yoxlayıcılar əsaslı qərar qəbul etmək üçün bütün fakt və məsələləri, o cümlədən sahibkar üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Qanunun 32.1-ci maddəsinə əsasən yoxlayıcı orqanın vəzifəli şəxsləri yoxlama materiallarına baxarkən düzgün qərar çıxarılması üçün əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Bu zaman sahibkarın xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edilə bilməz. Göründüyü kimi yoxlayıcılar tərəfindən qeyd olunan Qanunun maddələrinə ümumiyyətlə riayət edilməmişdir. Belə ki, plandankənar yoxlama konkret məkan və zaman hədlərini (hadisə yeri) müəyyən edirsə, 22 iyul 2022-ci il tarixdə saat 11:00-dan 13:15-dək (2 saat 15 dəqiqə ərzində) müşayiət olan hallar əvvəlki etirazda göstərildiyi kimi İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinin tələblərinin pozulması halları aşkar edilməmişdir, yəni yoxlama zamanı tibbi fəaliyyətlə məşğul olunması faktı təsdiqini tapmamışdır. Yoxlama konkret deyil, ümumi xarakter daşıyırsa, yoxlayıcılar bütün halları hərtərəfli, tam və obyektiv araşdırmamış, sahibkarın xeyrinə jolan halların nəzərə alınmasından imtina etmişdilər. Bu mənada yoxlama aktında adları qeyd edilən baş həkim t.ü.f.d. X7 əsas iş yeri Azərbaycan Tibb Universiteti olduğundan klinikada əvəzçilik qaydasında yalnız inzibati idarəetmə və elmi məsləhətçilik fəaliyyəti ilə məşğul olur, X20 ali təhsilini təsdiq edən sənədini 3 il öncə almış (“Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 49- 1 maddəsinin 4-ci hissəsinin tələblərinə əsasən şəxslər təhsilini təsdiq edən sənədin verildiyi gündən beş il müddətində sertifikasiyadan keçmirlər), X10 verilmiş sertifikasiya şəhadətnaməsinin müddəti bu yaxınlarda bitmiş, yenidən kursa yazılmaq üçün müraciət etdikdə ona bildirilmişdir ki, yay tətili mövsümünü nəzərə alaraq kurslara yalnız sentyabrın əvvəli yazılmaq mümkün olacaq (bu qısa müddətdə həmin işçi yay məzuniyyətində olmuş və praktik tibb fəaliyyəti ilə məşğul olmamışdır), X19 xarici ölkədə hazırlıq keçmiş və Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılma barədə ona Səhiyyə Nazirliyi tərəfindən Şəhadətnamə (№ 1752) verilmişdir (bu işçi xarici dilli valideynlərlə ünsiyyətin qurulması və toplanmış anamnez məlumatlarının yönəlməsi ilə məşğul olmuşdur). Həmin Şəhadətnamənin müddəti 2022-ci il noyabrın 16-da tamam olması ilə əlaqədar bu işçi də bu müddətdə sertifikasiyaya cəlb edilmir (“Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 49-1 maddəsinin 4-cü hissəsi). Göründüyü kimi, yoxlama zamanı sertifikasiya olmadığı işçilərin yuxarıda qeyd edilən faktiki halları nəzərə alınmamışdır. Metodik yardım barədə təklif isə X9 tərəfindən yalnız yoxlamadan sonra 1 avqust 2022-ci il tarixli № MİHO/1.3.1-2-2022-12646 nömrəli məlumat xarakterli məktubda təklif edilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Kollegiyasının “15” may 2014-cü il tarixli, “24/3” nömrəli qərarı ilə təsdiq edilmiş “Tibb işçilərinin sertifikasiyadan keçməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə İnzibati Reqlamentin” tələblərinə əsasən mübahisələr “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən baxılır. Deməli, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səlahiyyətli yoxlayıcılar fəaliyyətlərini həmin Qanunun tələblərinə uyğun təşkil etməlidirlər. Bu isə, qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam (Qanunun 2.0.8. maddəsi); yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağası (Qanunun 15.1. maddəsi); işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunması. ...həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağası. (Qanunun 19.1. maddəsi). Göründüyü kimi, 12 avqust 2022-ci il tarixli məhkəmə iclası zamanı X6 nümayəndəsinin özəl tibb müəssisələrinin sayının çox olması və bununla əlaqədar sertifikasiya işin təşkilində obyektiv çətinliklərin olması barədə bildirməsi, bu vəzifələrin yalnız sahibkarın üzərinə yönəltməsi qanunvericinin iradəsi ilə üst-üstə gəlmir. Möhtərəm hakim, mikro sahibkarlıq subyekti olan klinikamızın avqustun 27-də 3 ili tamam olur. Bu qısa zamanda idarəetmə və təşkilatı işlər sahəsində metodik köməyə zərurətin yaranması təbii haldır. Bu köməyin göstərilməsi səlahiyyətli orqanların (qurumların) birbaşa vəzifəsidir. Məlum olduğu kimi, İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məcəllənin 10-cu maddəsinə əsasən dövlət orqanları (qurumları) və bələdiyyələr inzibati xətaların qarşısının alınması, inzibati xətaların törədilməsinə kömək edən səbəblərin və şəraitin aşkar edilməsi və aradan qaldırılması, vətəndaşların hüquq şüurunun və mədəniyyətinin yüksəldilməsi və Azərbaycan Respublikasının qanunlarına ciddi əməl etmək ruhunda tərbiyə olunması sahəsində tədbirlər hazırlayır və həyata keçirirlər. İş materiallarından göründüyü kimi yoxlayıcılar tərəfindən bu hallara ya düzgün qiymət verilməmiş, ya da ümumiyyətlə qiymət verilməmişdir. Möhtərəm hakim, X9 tərəfindən tərtib edilmiş 22 iyul 2022-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokol ilə əlaqədar başlanılmış icraatda inzibati xəta hadisəsi olmadığından icraata xitam verilməsini xahiş etmişdir. Bundan sonra barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi X14 etiraza əlavə təqdim edərək sədrliyi ilə keçirilmiş 12 və 26 avqust 2022-ci il tarixli məhkəmə araşdırmaları zamanı yaranmış suallarla bağlı bildirmişdir ki, əvvəlki iclaslarda tərəfindən göstərilmiş əsaslara qarşı X6 nümayəndələri əsaslandırılmış əks dəlil verməmişlər. Bunu nəzərə alaraq məhkəmədən bir daha 22 iyul 2022-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokol ilə əlaqədar başlanılmış icraatda inzibati xəta hadisəsi olmadığından icraata xitam verilməsini xahiş etmişdir. Xahişinin əsaslandırılması üçün icraata aidiyyəti olan əlavə faktlara diqqətin cəlb edilməsini vacib hesab edir. “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 46-cı maddəsi müəyyən edir ki, Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslərin dövlət reyestri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır və həmin reyestrə çıxış təmin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 17 oktyabr tarixli 235 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısında” tibbi kadrların vahid registrindən məlumatların verilməsi (14.38) vəzifəsi Səhiyyə Nazirliyinə aid edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 22 noyabr 2011-ci il tarixli əmrinə əsasən xx.xx.2012-ci il tarixindən Respublika üzrə bütün idarə və tibb müəssisələrinə “X4 Sistemi” tətbiq edilmişdir. Bu layihə çərçivəsində “Tibb kadrlarının vahid registri”, “Mərkəzləşdirilmiş işə qəbul”, “Elektron əmr”, “Tibb işçilərinin təkmilləşdirmə kursları”, “Tibb işçilərinin sertifikasiyası” sistemləri yaradılıb. Qeyd olunan sistemlər vahid bazada toplanılıb, bir- biri ilə əlaqəli şəkildə işləyir. “X22 Registri” - X23 vasitəsilə Səhiyyə Nazirliyinə birbaşa və bilavasitə tabe olan tibb müəssisələrinin tibb işçi heyəti (həkim və orta tibb işçiləri) vahid bazada toplanıb. Tibb Kadrlarının vahid registrinə daxil edilmiş hər bir işçiyə registr kodu verilir və bu kod unikallıq daşıyır. Registrdə tibb işçiləri - həkim və orta tibb işçilərinə görə ayrılıb. Daxil edilən məlumatlara müəssisədə mövcud olan ştat vahidləri, həmin ştat vahidlərindən rüblük çıxarış, tibb işçisinin şəxsi məlumatları, təhsili haqqında məlumatlar, iş təcrübəsi (həmçinin daxil edilən müəssisədə iş fəaliyyəti), bu vaxta qədər keçdiyi kursları və sertifikatları və digər məlumatları qeyd olunur. Həmçinin kadrların şəxsi uçot vərəqəsini də buradan çap etmək olar. Səhiyyə sahəsində informasiya texnologiyaların tətbiqinin təqdim edilməsi məqsədilə “Elektron Səhiyyə” internet portalı fəaliyyət göstərir. Hazırda “X1 PHŞ” tərəfindən yenilənmiş e-sehiyye.az saytı istifadəyə verilib. Portalda yeni layihələr, elektron xidmətlər və elektron səhiyyə standartları və təsnifatları barədə məlumatlar yerləşdirilib. Bu məqsədlə saytda şəxsi kabinet yaradılıb. Kabinetə vətəndaşların tibbi məlmuatları yaxın gələcəkdə bütün ölkə üzrə tibb müəssisələrindən daxil olan vahid rəqəmsal səhiyyə ekosistemindən cəmlənəcək. Həkimlər və orta tibb işçiləri kabinet vasitəsilə praktik tibb fəaliyyəti barədə məlumatları əldə edə, eləcə də kadr uçot vərəqəsini çap edə biləcəklər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2017-ci il tarixli 45 nömrəli əmri ilə “Həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsinə dair müvəqqəti Qaydalar”da müəyyən edilən davamlı tibbi təhsilin tətbiqinin ilk 5 ili (2018-2022-ci illər) keçid dövrü hesab olunur və 2022-ci ilin sonuna qədər ölkə üzrə tibbi təhsilin səmərəli tətbiqinə hazırlıq dövrü davam edir. Göründüyü kimi yoxlayıcılar bu hallara ümumiyyətlə qiymət verməmişlər. Məhkəmədən X9 tərəfindən tərtib edilmiş 22 iyul 2022-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokol ilə əlaqədar başlanılmış icraatda inzibati xəta hadisəsi olmadığından icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X6 605 saylı, 21 iyul 2022-ci il tarixli plandankənar (növbədənkənar) yoxlamanın keçirilməsi haqqında qərarına əsasən “X16” MMC, VÖEN **********, Bakı şəhəri, Yasamal rayonu, Zərdabi prospekti, 3166-cı məhəllə, 2-ci yaşayış binası, 1-ci mərtəbədə plandankənar (növbədənkənar) yoxlama aparılmışdır. Aparılan yoxlama nəticəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X9 tərəfindən 348 nömrəli, xx.xx.2022-ci il tarixli Aktı tərtib edilmiş və yoxlama zamanı aşağıdakı qanun pozuntularının aşkar edildiyi göstərilmişdir: 1)müəssisədə tibb sənədləşmələr və tibbi statistik hesabatlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və formalarda həyata keçirilmir. Müəsissədə çalışan işçilərin dövri olaraq tibbi müayinədən keçmələri haqqında sənəd yoxlamaya təqdim edilmədi; 2) özəl tibb fəaliyyəti subyekti tabeliyində çalışan tibb işçilərinin sertifikasiya sənədlərinin olmadığı müəyyən edildi: X8 – baş həkim, X15 – həkim-pediatr, X20 – pediatr. Nəticədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X9 tərəfindən “X16” MMC barəsində İXM-in 215.4-cü maddəsi ilə xx.xx.2022-ci il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli “İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə” Qərardadı ilə yuxarıda qeyd edilən protokol üzrə toplanmış materiallar İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsi rəhbər tutularaq məhkəməyə göndərilmişdir. İş materiallarında olan “X16” MMC üzrə “məzuniyyətə verilməsi barədə” 004/22 saylı, 20 iyul 2022-ci il tarixli əmrə əsasən klinikada “həkim, pediatr” vəzifəsində çalışan X10 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 114 və 116-cı maddələrinə əsasən, xx.xx.2021-xx.xx.2022-ci iş ili üçün, xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 30 (otuz) təqvim günü müddətinə əmək məzuniyyəti verilmiş; klinikada “pediatr” vəzifəsində çalışan X11 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 114 və 116-cı maddələrinə əsasən, xx.xx.2021-xx.xx.2022-ci iş ili üçün, xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 30 (otuz) təqvim günü müddətinə əmək məzuniyyəti verilmiş; klinikada “həkim, pediatr” vəzifəsində çalışan X12 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 114 və 116-cı maddələrinə əsasən, xx.xx.2021-xx.xx.2022-ci iş ili üçün, xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 30 (otuz) təqvim günü müddətinə əmək məzuniyyəti verilmiş; işçilərin xx.xx.2022-ci il tarixində işə başlanılması əmr edilmişdir. Beləliklə sadalananlara əsasən müəyyən edilir ki, həmin işçilər işə qəbul edilərkən müvafiq sertifikasiyadan keçmişlər. Lakin işlədikləri dövrdə müəyyən müddət, yəni 5 il keçdiyi üçün yenidən sertifikasiyaya cəlb edilməli olduğu halda, sertifikasiyadan keçməmiş tibbi fəaliyyətlə məşğul olmalarını davam etdirmişlər. Protokol tərtib etmiş səlahiyyətli orqan hesab edir ki, həmin işçilərin sertifikasiyaya cəlb elətdirmək həmin MMC-nin vəzifələri olmuşdur. MMC-nin nümayəndəsi isə hesab edir ki, qanunvericiliyə əsasən onların vəzifəsi işçinin işə götürülərkən sertifikasiyadan keçib, keçməməsini yoxlamaq olmuş, onlar da buna əməl etmişlər. Lakin sonradan müəyyən müddət keçdiyindən, yəni 5 il keçdikdən sonra həmin işçilərin sertifikasiyapya cəlb elətdirmək üçün müvafiq tədbirləri görmək artıq MMC-nin yox, sertifikasiyanı təşkil edən təşkilatın vəzifələri olmuşdur. Həmin orqan sertifikasiyadan keçməsi olan tibb işçilərinin reyestrini aparmalı və vaxtı çatanda həmin işçilərin sertifikasiyaya cəl edilməsi üçün tədbirlər görməli idi. Məhkəmə hamin məsələlərlə bağlı aşağıdakı qanunvericilik normalarının tələblərini qeyd edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli Qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”nın 1.1-ci bəndinə əsasən həmin Qayda “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) (bundan sonra — tibb mütəxəssisləri) sertifikasiyası prosesini tənzimləyir. Qaydalara əsasən: 1.2. Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmiş tibb mütəxəssislərinin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq onlar beş ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər. 2.1. Tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, tibb müəssisələrində çalışan və özəl praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan tibb mütəxəssislərinin sertifikasiyası Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi (bundan sonra — Nazirlik) tərəfindən həyata keçirilir. 2.2. Tibb mütəxəssislərinin sertifikasiyası prosesinin təşkili məqsədi ilə Nazirlik tərəfindən Tibb X2 (bundan sonra — Sertifikasiya Şurası) yaradılır və Əsasnaməsi təsdiq edilir. 2.9. Sertifikasiyaya cəlb ediləcək tibb mütəxəssislərinin müəyyən edilməsi məqsədi ilə Nazirlik Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslərin dövlət reyestrinin məlumatlarını öyrənir, sertifikasiyaya cəlb edilməli olan tibb mütəxəssislərinin siyahısını müəyyən edir. Göründüyü kimi tibb işçilərinin dövlət reyestri olmalı idi. Həmin reyestr məlumatlarına əsasən sentifikasiyadan keçməli olan şəxslərin siyahısı müəyyən edilməlidir. Lakin həmin reyestrin mövcudluğuna dir protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilmədi. Bu reyestri də təşkil etmək MMC-nin vəzifələrinə aid edilməmişdir. Ona görə də belə bir vəzifətdə həmin tibb işçilərinin sertifikasiyadan keçməsinin təşkilində həmin Qaydaların tələblərinə əməl etmək MMC-nin vəzifələri kimi müəyyən edilmədiyindən, göstərilən vəziyyətdə tibb işçilərinin sertifikasiyadan keçməməsində MMCnin təqsiri müəyyən edilmir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. X13 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi həmin Məcəllədən ibarətdir. İXM-nin 1.3-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. İXM-in İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmədə müəyyən edilmiş yuxarıda qeyd edilən işin halları və sadalanan normalara əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə və protokolda təqsirli bilindiyi İXM-in maddəsi üzrə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) üzrə inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Bu barədə sübutlar kifayət etmir. Şübhələr və ziddiyyətli məqamlar şəxsin xeyrinə həll etməlidir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXMin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmçinin İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: “X16” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar