Məhkəmə qərarları › İş №3(004)-3601/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3601/2020

05.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3601/2020 05.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Tağıyev Müslüm Fariz oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Yasamal RPİ-nin 27-ci PB-nin sahə inspektoru X4, Zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X3 iştirakı ilə, xx xxxx 1980-ci ildə Xaçmaz rayonu, Nabran kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Xaçmaz rayonu, Nabran kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhərində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2020-ci il tarixdə Yasamal rayonu,N.Nərimanov prospekti, ev 205, mənzil 41 ünvanında yaşayan X2 binanın həyətində motosiklet idarə etdiyi üçün ona irad bildirdikdə Z.Ə.Əliyevanı nalayiq ifadələrlə təhqir etmişdir. Bununla da Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi tərəfindən xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol tərtib etmiş Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin sahə inspektoru X7inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Şəxs məhkəməyə verdiyi izahatında göstərdi ki, xx.xx.2020-ci il tarixdə Yasamal rayonu, N.Nərimanov prospekti, ev 205 nömrəli evin həyətində orada yaşayan sakinə məxsus motosikleti idarə etmişdir. Həmin motosiklet zavod istehsalı olaraq özünə məxsus səsli olmuşdur. Zərərçəkmiş şəxsin dediyi kimi idarə etdiyi motoskiletlə o binanın ətrafında bir neçe defə deyil, yəni bir dəfə binanın ətrafında dövriyə etmişdir. Bundan sonra zərərçəkmiş şəxs onun olduğu tərəfə bir kartof atmış və o Z.Ə.Əliyevaya sadəcə baxaraq onu təhqir etməmişdir. Yekun olaraq o istirahət günü yaşayış məntəqəsində motosiklet idarə edərək səs-küy saldığı üçün əməlindən peşman olduğunu və zərərçəkmiş şəxsdən bununla bağlı üzr istədiyini, bir daha bu tip hərəkətlərə yol verməyəcəyini bildirmişdir. Bir daha qeyd etmişdir ki, Z.Ə.Əliyevanı heç bir şəkildə təhqir etməmişdir. Barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X5 Şəxs əməlində İXM-nin 510-cu maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs X2 məhkəməyə verdiyi izahatında göstərdi ki, xx.xx.2020-ci il tarixdə yaşadığı Yasamal rayonu, N.Nərimanov prospekti, ev 205, mənzil 41 nömrəli mənzilində olarkən yüksək səsli nəqliyyat vasitəsi olan motoskiletin səsindən narahat olaraq eyvana çıxmış və iki nəfər şəxsin növbə ilə motosiklet idarə etdiyini görmüşdür. İlk öncə buna əhəmiyyət verməsə də həmin motosikletin uzun müddət idarə edilməsi və onun yüksək səsli olması, eləcədə ölkədə hərbi vəziyyət rejimi ilə əlaqədar olaraq həssas bir dövr olduğundan yenidən eyvana çıxaraq həmin şəxslərə bildirmişdir ki, istirahət günü yaşayış məntəqəsində motosiklet idarə etməsinlər. Lakin motosikletin yüksək səsindən onun iradları həmin şəxslər tərəfindən eşidilməmişdir. Bundan sonra bir ədəd kartofu binanın həyətindəki boş əraziyə ataraq onların diqqətini cəlb etməyə çalışmışdır. Bunu görən motosikletin sahibi və onun yanında olan digər şəxsi burada motosiklet idarə etməməyi bildirsə də, həmin şəxs buna məhəl qoymamış, onun etirazları davam etdikdə isə ona qarşı əl jesti ilə nalayiq hərəkət edərək onu təhqir etmiş və ona qarşı xırda xuliqanlıq əməlini törətmişdir. Hadisədən bir aya yaxın müddət keçməsinə baxmayaraq şəxsiyyəti ona sonradan məlum olan Şəxs həmin əməli törətməsini etiraf edərək ondan üzr istəmiş və peşmançılığını bildirməmişdir. Həmin şəxsin törətdiyi əmələ görə hələ də ondan üzr istəməməsi səbəbindən onunla barışmamışdır. Şəxs barəsində ən ağır Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ağır inzibati tənbeh növünün tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin sualına cavab olaraq o Şəxs əl jesti ilə ona qarşı etdiyi nalayiq hərəkəti göstərmək istəmədiyini bildirmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Yasamal RPİ-nin 27-ci PB-nin məsul növbətçisi Bəxtiyar Həsənov tərəfindən tərtib edilmiş raportdan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 13:34-də DİN-nin 102 zəng mərkəzinin məlumatına əsasən, N.Nərimanov prospekti, ev 205, mənzil 41-də yaşayan X2 bildirmişdir ki, binanın həyətində motosiklet idarə edən şəxsə irad bildirdikdə onu təhqir etmişdir. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, özünün və zərərçəkmiş şəxsin məhkəməyə verdikləri izahatı, yuxarıda qeyd edilən raportla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İş materiallarındakı xx.xx.2020-ci il tarixli tutma protokoluna əsasən Şəxs xx.xx.2020-ci il tarixdə saat 11:00 radələrində tutulmuşdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən R. Xanverdiyevin əməlindən səmimi peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, o, İXM-in 510-cu maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Ona görə də şəxs saxlanılarkən və tutularkən həbsdə qaldığı müddət nəzərə alınmaqla tənbeh yüngülləşdirilərək, tənbehin həddi müəyyən edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək onun barəsində 75 (yetmiş beş) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs həbsdən dərhal azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar