Məhkəmə qərarları › İş №3(004)-3610/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3610/2025

11.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3610/2025 11.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Şükürov Rauf Azər oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi X7, X1 iştirakları ilə, X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsinin 21 may 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər idarəsinin 21 may 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi yanında Dövlət Əmək müfəttəişliyi Xidməti Bakı şəhər İdarəsi tərəfindən İnzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli MN №1870732 nömrəli qərarına görə ona əsassız olaraq AR İXM-nin 469.2-ci maddəsi ilə 1500 manat cərimə yazılmışdır. Onun barəsində 30 aprel 2025-ci il tarixli ******* nömrəli protokol tərtib edilmişdir, lakin protokolun surəti ona verilməmişdir. Qeyd olunan maddəyə əsasən, onun barəsində inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli MN №1870732 nömrəli qərarın verilməsi və 1500 manat cərimə tədbiq olunması əsassızdır. Ona görə ki, onun işçilərin işə qəbul edilməsi və azad edilməsi barədə məlumatı olmayıb, o, həmin işçiləri işə qəbul və azad etməmişdir. Həmin işə götürülən işçilərlə bağlı ümumiyyətlə məlumatı yoxdur, bunu öz izahatlarında təsdiq edirlər. Onların onun işi ilə bağlı hər hansı fəaliyyəti olmayıb və bu hadisələr ondan xəbərsiz baş verib. Onun bu protokoldan və qərardan xəbəri olmayıb. Ona heç bir SMS və ya bildiriş göndərilməmişdir. Bildirir ki, o, protokolla və qərarla razı deyil, inzibati xətanı o törətməmişdir. Hesab edir ki, onun barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi yanında Dövlət Əmək müfəttəişliyi Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş İnzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli MN №1870732 nömrəli qərar qanunsuz və əsassızdır. Belə olan halda onun 1500 manat məbləğində cərimələnməyi nəyə əsaslanmışdır. Qeyd edir ki, protokol və qərarın surəti ona təqdim edilməmiş, onun izahatı alınmamış və protokolla tanış edilməmişdir. Bu barədə ona hər hansı bir bildiriş və sms gəlməmişdir. Ona görə də hesab edir ki, o, qanunsuz olaraq inzibati məsuliyyətə cəlb edildiyindən barəsində qəbul olunmuş qərar əsassız olduğundan ləğv edilməlidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi yanında Dövlət Əmək müfəttəişliyi Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli MN № ******* qərarı ilə AR İXM-nin 469.2-ci maddəsi ilə 1500 manat cərimə olunmağı barədə qəbul edilmiş qərarın ləğv edilməsi barədə Qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi şikayəti müdafiə edərək göstərmişdir ki, qərar ləğv edilməlidir və onun üzərindən cərimə ödəmək öhdəliyi götürülməlidir. Belə ki, həmin işçiləri o, ümumiyyətlə tanımamışdır və bu mühasibin texniki səhvi nəticəsində baş vermişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi X10 şikayət ərizəsində göstərilənlərlə razılaşmayaraq qərarın tam qanuni və əsaslı olduğunu bildirərək, şikayətin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq nümayəndə bildirdi ki, cəriməyə əsas sığorta müqavilələrinin işçilərlə bağlanmaması olmuşdur. Həmin işçilər rəsmi olaraq işləyiblər, əks təqdirdə başqa maddə ilə cərimə olacaqdır. Rəsmi işləyən hər bir əməkdaşla sığorta müqaviləsi bağlanılmalıdır. Məhkəmə proses iştirakçısını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsinin 21 may 2025-ci il tarixli, MN seriyalı ******* saylı İnzibati tənbeh vermə haqqında qərarından görünür ki, X5 AR ƏM-nin 225-ci maddəsinin tələblərini pozaraq işçilərin istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından işçilərin sığortalanması təmin olunmamışdır. X3 AR İXM-nin 469.2-ci maddəsində nəzərdə tutulan əməli törətmiş və 1500 manat məbləğində cərimə olunmuşdur. Hazırkı iş üzrə şikayətdən məlum olur ki, işçilər istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığortalanmamışdırlar. Həmin işçilərin X4 işçiləri olmaması barədə məhkəməyə hər hansı bir sübut da təqdim edilməmişdir. Şikayət verən şəxs vermiş olduğu şikayətdə həmin işçilərin onun işi ilə bağlı hər hansı fəaliyyətinin olmadığını və bu hadisələrin ondan xəbərsiz baş verdiyini göstərir. Lakin məhkəmə iclasında həmin işçilərin əmək müqavilələrinin mövcud olması müəyyən edilir. Şikayətçinin əmək müqavilələrindən xəbərdar olmaması, həmin işçilərin onun işə qəbul etməməsi və azad etməməsi həqiqətə uyğun deyil. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinə əsasən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə - fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmçinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər idarəsinin 21 may 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X4 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsinin 21 may 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar