Məhkəmə qərarları › İş №3(004)-3636/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3636/2025

03.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3636/2025 03.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1983-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Samux rayonu, Salahlı ə/d, Salahlı kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon İcra Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə 03 iyun 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- 697/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclular Şəxs və Xəqani Həsənovdan 46000 ABŞ dollar və 30 manat dövlət rüsumu tutularaq Rüfət Məmmədova ödənilməlidir. Lakin cavabdeh tərəfindən məhkəmə qətnaməsi icra edilməmiş, icra məmurunun qanuni tələblərinə riayət edilməmiş və nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X2 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-697/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclular Şəxs və Xəqani Həsənovdan 46000 ABŞ dollar və 30 manat dövlət rüsumu tutularaq Rüfət Məmmədova ödənilməlidir. Lakin borclu icra sənədini icra etməklə bağlı onların qanuni tələblərini icra etməmişdir. Həmçinin tələbkar borcun tam şəkildə ödənilməsini tələb edir. Qeyd edilənləri nəzərə alaraq şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, maddi vəziyyəti ilə əlaqədar ödənişlər etməkdə çətinlik çəkir. Belə ki, icra sənədinin icrası ilə bağlı maaşından 100 manat tutulur, həmçinin barəsində olan başqa icra sənədinə əsasən də maaşından 100 manat tutulur. Ümumi 400 manat maaş alır, indiyə qədər 200 manat ödəniş etmişdir. O, ödənişin icrasından yayınmır, sadəcə olaraq maddi imkanı olmadığı üçün az miqdarda ödənişlər etmişdir, borcunu hissə-hissə ödəməyə hazırdır. Qeyd olunanları nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Gəncə Apellyasiya Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 2(104)-697/2023 saylı icra vərəqindən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonrabirinci instansiya məhkəməsi) 02 fevral 2021-ci il tarixli 2(044)-393/2021 nömrəli (hakim G.Şirinov) qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehlər Şəxs və X4 müştərək qaydada 46000 ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq iddiaçı X3 verilməsi; iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin qət etdi hissəsi (nəticə hissə): Cavabdehlər Şəxs və X8 tərəfind- vdrilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(044)-393/2021 nömrəli qətnaməsi iddianın qismən təmin edilmiş, cavabdehlər Şəxs və X4 müştərək qaydada 46000 ABŞ dolları ödəniş vaxtına manatı məzənnəsi üzrə və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq iddiaçı X3 verilməsi hissədə ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia tələbi həmin hissədə qismən təmin edilsin. Cavabdehlər X4 və Şəxs müştərək qaydada 25411,76 ABŞ dolları, Şəxs 20000 ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi ilə alınaraq iddiaçı X3 verilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər X4 və Şəxs müştərək qaydada alınaraq iddiaçı X3 verilməsi, iddia tələbinin 588,24 ABŞ dolları hissəsində təmin edilməməsi qət edilmişdir. “İcraata başlamaq haqqında” 2023-cü il tarixli qərarın surətindən görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-697/2023 saylı, 20 aprel 2023-cü il tarixli icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmış, qərar və tələbin könüllü icrası barədə bildiriş Şəxs tərəfindən 23 oktyabr 2024-cü il tarixdə rəsmi qaydada imza edilməklə qəbul edilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 8(044)-206/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardaddan görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(044)-1445/2020 saylı icra sənədi üzrə borclu Şəxs ölkədən getmək hüququ müvəqqəti, yəni icra sənədini tam icra edənədək məhdudlaşdırılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-6924/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şəxs hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 tərəfindən tərtib olunmuş 28 dekabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Şəxs icra şöbəsində verdiyi xx.xx.2025-ci il tarixli izahatından görünür ki, ona verilən pulun faizlə olduğunu, heç bir rəsmi sənəd olmadan və qarşılığında 20.000 manatadək ondan pul alındığını, həm əlavə olaraq Bankofbaku vasitəsi ilə pul göndərdiyini, bununla bağlı öz növbəsində məhkəməyə müraciət etdiyini, əlavə olaraq dükanında olan avadanlığı və malları mənimsədiyini, son iki ayda 200 manat ödədiyini, yanvar ayının 6-da əməliyyat olunduğunu, qərəzli olaraq icra sənədinin icrasından yayınmadığını, hər ay əmək haqqı aldıqca ödəyəcəyini, heç bir məsuliyyətdən yayınmadığını, adına rəsmiləşdirilmiş daşınar və ya daşınmaz əmlakının, həmçinin aidiyyəti təşkilatlarda qiymətli kağızlar və ya əmanəti olmadığını bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 528.1-ci maddəsinə əsasən İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(104)-697/2023 saylı icra sənədinin icrasını təmin etməmişdir. Məhkəmə iclasında Şəxs maddi imkanı zəif olduğu üçün borcunu ödəyə bilmədiyini bildirsə də, məhkəmə onun irəli sürdüyü arqumentin üzürlü səbəb kimi qiymətləndirilməsi üçün əsas olmaması qənaətindədir. Bununla da, Şəxs borc məbləğini məhkəmə qərarında göstərildiyi qaydada ödənilməsini təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Məhkəmə xüsusi olaraq vurğulayır ki, Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Məhkəmə hesab edir ki, Şəxs AR İXM-nin 528.1-ci maddəsi ilə təqsirli olması iş materialları ilə tam sübuta yetirildiyindən ona həmin maddənin sanksiyası daxilində ədalətli tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanı etiraf edərək səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanın pul borcu ilə əlaqədar olduğunu, pul məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsin yenidən cərimələnməsinin lüzumsuz olduğunu, yuxarıda göstərilən məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilməz. Beləliklə məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyəti, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsiri nəzərə alınaraq Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, həbsetmənin əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı andan, yəni 03 iyun 2025-ci il tarixdən, saat 13:00-dan hesablanmalıdır. Həmçinin, məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Qasımov X5 Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 08 gün müddətə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 03 iyun 2025-ci il tarixdən, saat 13:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan inzibati həbs olunanların müvəqqəti saxlama mərkəzinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar