Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-365/2021 05.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxxxx 2021-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ünvanına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 123.3-cü maddəsinə əsasən həmin Məcəllənin 123.1-ci maddəsində nəzərdə tutulmuş sorğuya cavab verməyən hüquqi şəxs, yaxud dövlət qurumunun vəzifəli şəxsi bu Məcəllənin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyətə cəlb olunur. Hüquqi şəxsin, yaxud dövlət qurumunun vəzifəli şəxsinin məsuliyyətə cəlb olunması onu müvafiq məlumatı təqdim etmək vəzifəsindən, fiziki şəxsi isə törətdiyi əmələ görə məsuliyyətdən azad etmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Beləliklə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin sadalanan normalarına əsasən 347-ci maddədə nəzərdə tutulmuş inzibati xətanın subyekti müəyyən edilərkən, dövlət qurumuna münasibətdə, dövlət qurumu hüquqi şəxslərdən fərqləndirilmişdir. Yəni dövlət qurumu ilə hüquqi şəxs eyniləşdirilməmişdir. Hüquqi şəxs ayrı qeyd edilmiş, dövlət qurumu isə ayrı qeyd edilmişdir. Hüquqi şəxs tərəfindən həmin inzibati xəta törədildikdə hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilir, dövlət qurumu tərəfindən həmin inzibati xəta törədildikdə dövlət qurumunun vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanı törədən şəxs, yəni inzibati xətanın subyektləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 16, 17, 18-ci maddələrində göstərilmiş subyektlərdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 16.1-ci maddəsinə əsasən inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinin qeydində hansı fiziki şəxslərin vəzifəli şəxs hesab edilməsi müəyyən edilmişdir. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 2.0.1-ci maddəsinə əsasən hüquqi şəxs – Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə bu cür müəyyən edilmiş qurumdur. Azərbaycan Respublikasının Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Hazırki iş üzrə isə inzibati xətanın subyekti kimi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi hüquqi şəxs hesab edilərək, onun barəsində hazırkı protokol tərtib edilmişdir. Lakin həmin təşkilat dövlət büdcəsi hesabına maliyyələşən dövlət təşkilatıdır. Beləliklə barəsində protokol tərtib edilmiş hazırkı şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müəyyən etdiyi subyekt kimi hüquqi şəxs deyildir. Belə olduğu təqdirdə şəxsin əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcud olmur. Yəni barəsində protokol tərtib edilmiş hazırkı şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsindəki inzibati xətanı törədən subyekt deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114-117, 128-130 və 347-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Murad Məmmədov
Məhkəmə qərarları › İş №3(004)-365/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-365/2021
05.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver