Məhkəmə qərarları › İş №3(004)-365/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-365/2022

14.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-365/2022 14.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X2 iclas katibliyi ilə xx.xx.1986-cı ildə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Ağcabədi rayonu, Hindarx qəsəbəsində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Bakı şəhəri Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 17.11.2021-ci il tarixdə saat 22:00 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “20” Yanvar metrostansiyasının qarşısında saxlanılmış və üstündən şəxsi istehlak miqdarından az miqdarda 0,303 qram narkotik maddə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da o, İXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində 14.01.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs məhkəməyə verdiyi izahatında inzibati xəta törətməsini etiraf edərək izahatında göstərdi ki, həqiqətən də onun üstündən protokolda qeyd edilən miqdarda və növdə narkotik vasitə olmuşdur, həmin narkotik vasitə ondan aşkar edilmişdir, narkotik vasitəni özünün istifadəsi üçün tanımadığı şəxsdən əldə etmişdir. Əməlindən peşmandır. Protokol tərtib etmiş Bakı şəhəri Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis Şöbəsinin rəisi X4 məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs 17.11.2021-ci il tarixdə saat 22:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, “20 Yanvar” stansiyasında axtarışda olduğu üçün saxlanılmış və üstündən narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İXM-in 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. İş materiallarındakı Bakı şəhəri Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis Şöbəsinin TQ-nun təhqiqatçısı Şahin Əliyevin 16.12.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarında istinad edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18.11.2021-ci il tarixli, 7/1185 saylı rəyinə əsasən Şəxs üzərində aşkar edilmiş maddə 0,303 qram olan maddə narkotik vasitə qurudulmuş marixuanadır. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 şəxsi Amblator X1 20.11.2021-ci il tarixli, 4584 saylı rəyindən görünür ki, Şəxs opioidlərin, kannabioidlərin və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Lakin halhazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, 20.11.2021-ci il tarixli tibbi rəy, özünün məhkəməyə verdiyi etirafedici izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İş materiallarında olan Bakı şəhəri Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis Şöbəsinin TQ-nun təhqiqatçısı Şahin Əliyevin 16.12.2022-ci il tarixli qərarına əsasən toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərara əsasən məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən protokoldakı əməlin törədilməsi müəyyən edilmişdir. Həmçinin iş üzrə müəyyən edilir ki, şəx 17.11.2021-ci il tarixdə tutulmuş, 18.11.2021-ci il tarixdə buraxılmışdır, bununla da 2 gün həbsdə olmuşdur. İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə İXM-in 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinin inzibati xətanın törədildiyi yeri, vaxtı nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və yaşını nəzərə alaraq inzibati həbsin müddətini müəyyən edir. Bundan əlavə İXM-nin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Hazırkı iş üzrə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmadığı üçün, bu cün müalicə təyin edilməməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək, 30 gün (otuz gün) müddətinə inzibati həbs edilsin. Tutularkən həbsdə saxlanıldığı 2 gün müddət nəzərə alınmaqla, üzərində qəti olaraq, 28 gün (iyirmi səkkiz gün) müddətinə inzibati həbs tənbehi saxlanılsın. Həbsetmənin əvvəli qərar çıxarıldığı vaxtdan, yəni 14.01.2022-ci il tarixdən, saat 11:30 dəqiqədən hesablansın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı şəhəri Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübutun qalığı olan, qalıq çəkisi 0,283 qram narkotik vasitə olanqurudulmuş marixuana qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar