Məhkəmə qərarları › İş №3(004)-3653/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3653/2020

06.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3653/2020 06.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X8 iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhər Yasamal RPİ-nin 29-cu PBnin polis sahə inspektoru X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxx 1979-cu ildə Yardımlı rayonunun Ostair kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta-ixtisas təhsilli, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 535.1-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal RPİ-nin 29-cu PŞ-si tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal RPİ-nin 29-cu PŞ-si tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 06 noyabr 2020-ci il tarixdə saat 11:00 radələrində Bakı şəhəri Yasamal rayonu Salamzadə küçəsində Azərbaycan Respublikası DİN-nin Yasamal RPİ-nin DYPŞ-nin əməkdaşlarının qanuni tələblərinə tabe olmayıb avtomobilin cərimə meydançasına aparılmasına etiraz əlaməti olaraq səs-küy salmış və polis işçisinin ünvanına nalayiq ifadələr söyləmişdir. Bununla da, onun barəsində xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhər Yasamal RPİ-nin 29-cu PB-nin polis sahə inspektoru X9 izahatında göstərmişdir ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 11:00 radələrində Yasamal RPİ-nin DYPŞ-nin əməkdaşları tərəfindən saxlanılmış və idarə etdiyi nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması ilə bağlı cərimə meydançasına aparılması barədə qanunun tələbi izah edilmişdir. Lakin Şəxs nəqliyyat vasitəsinin cərimə meydançasına aparılmasına etiraz əlaməti olaraq səs-küy salmağa başlamış və qanuni tələblərə tabe olmaqdan imtina etmişdir. Bundan sonra oraya kömək üçün ƏÇPA-nın PBnin polis nəfərləri dəvət edilmiş və Şəxs ərazi aidiyyəti üzrə 29-cu PŞ-nə gətirilmişdir. Araşdırma zamanı Şəxs əməlində İXM-nin 535.1-ci maddənin tərkib əlamətləri müəyyən edildiyindən barəsində protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 11:00 radələrində özünə məxsus “Nissan Pathfinder” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə 2011-ci il təvəllüdlü uşağını “OMD” xəstəxanasına həkim müayinəsinə apararkən Yasamal rayonu Tbilisi prospektində hərəkətdə olarkən DYPŞ-nin əməkdaşları ona saxla əmrini vermiş və əli ilə sağ istiqamətə gedən yolda maşını saxlamasını işarə etmişdir. O, DYPŞnin əmrinə tabe olaraq avtomobili sağa döndərərək Yasamal rayonu Salamzadə küçəsində saxlamışdır. Həmin vaxt DYPŞ-nin əməkdaşı ona yaxınlaşaraq idarə etdiyi avtomobilin 2 aydan artıq müddətdir ödənilməmiş cəriməsi olduğundan avtomobilin üzərində həbs qoyulduğunu demişdir. O, isə öz növbəsində polis əməkdaşına avtomobilinin cəriməsi olmadığını və bu səbəbdən də avtomobilin üzərinə həbs qoyulmasının qanunsuz olduğunu bildirmişdir. Belə ki, hadisədən 3 gün qabaq o, avtomobilinə görə cərimələrinin olubolmamasını sistemdən yoxlatdırmış və hər-hansı bir cəriməsinin olmadığını aşkar etmişdir. Həmin vaxt polis əməkdaşının tələbi ilə razılaşmadığı üçün ona onlarla birlikdə polis idarəsinə getməli olduğunu demişlər, o isə məsələnin özünün həll edəcəyini demişdir. Şəxs qeyd etmişdir ki, polis əməkdaşının tələbini qanunsuz hesab etdiyindən tabe olmaqdan imtina etmişdir. Göstərilənləri nəzərə alınaraq Şəxs onun əməlində hər hansı bir xəta tərkibi olmadığından barəsində tərtib edilmiş protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil hüquqlarını müdafiə etdiyi Şəxs tərəfindən heç bir inzibati xətaya yol verilmədiyini, onun barəsində tərtib edilmiş protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində iştirak edən Yasamal RPİ-nin DYPŞ-nin YPX-nin inspektoru X4 izahatında göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə saat 11:00 radələrində Bakı şəhəri Yasamal rayonu Tbilisi prospektində xidmət apardıqları zaman “E patrul” vasitəsi ilə aşkarlanan “Nissan Pathfinder” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərində 2 aydan artıq ödənilməyən cərimə borcları ilə əlaqədar həmin nəqliyyat vasitəsi işarə verməklə saxlanılmışdır. Sürücüyə yaxınlaşıb özlərini təqdim etdikdən sonra qayda pozuntusunun olduğu izah edilmişdir. Həmin vaxt sürücü onlara tabe olmayaraq Yasamal rayonu A.Salamzadə küçəsinə doğru sürətlə hərəkət edərkən onlar radiostansiya vasitəsi ilə digər YPX əməkdaşlarına məlumat vermişlər. Sürücü avtomobilini saxlayaraq onlara yüksək səslə ünvanlı söyüşlər söyərək yenə qanuni tələblərə tabe olmaqdan imtina etmişdi. Bu barədə Yasamal RPİ-nə məlumat verildikdən sonra X17 Alayının Patrul Bölüyünün əməkdaşları köməyə gəlmişlər. Bundan sonra Şəxs aidiyyəti üzrə Yasamal RPİ-nin 29-cu PŞ-nə aparılmış və barəsində protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yasamal RPİ-nin DYPŞ-nin YPX-nin inspektoru X10 analoji izahat verərək X1 göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən Azərbaycan Respublikası DİN-nə bilavasitə tabe olan X17 Alayının Patrul Bölüyünün polis nəfəri X5 izahatında göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə inzibati ərazidə xidmət apararkən saat təxminən 11:05 radələrində Yasamal RPİ-nin NH-nin verdiyi məlumata əsasən ona məlum olmuşdur ki, Salamzadə küçəsində bir nəfər sürücü Yasamal RPİ-nin DYPŞ-nin 281 nömrəli YPX-nin maşınında xidmət aparan polis əməkdaşlarına tabesizlik göstərir və həmin əraziyə köməklik etmək zərurəti yaranıb. Çağırış əsasında qedy edilən ünvana ünvana yaxınlaşmışlar. Onlar hadisə yerinə çatanda həmin şəxslə polis əməkdaşları arasında narazılıq olduğunun şahidi olmuş, lakin barəsində protokol tərtib edilmiş şəxsin səs-küy salmasını görməmişdir. Müvafiq araşdırma aparılaraq tədbir görülməsi üçün həmin şəxs 29-cu PŞ-nə gətirilərək növbətçi hissəsinə təhvil verilmişdir. O, digər xidmətdə olduğu həmkarları ilə birlikdə raport tərtib etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nə bilavasitə tabe olan X17 Alayının Patrul Bölüyünün polis nəfərləri X13 və X6 analoji izahatlar verərək X2 göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə tərəflərin və şahidlərin izahatlarını, inzibati xəta haqqında materialları araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Bakı şəhər Yasamal RPİ-nin 29-cu PB-nin polis sahə inspektoru X9 tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tədqiq edilərkən müəyyən edilmişdir ki, Şəxs protokolla razılaşmadığını qeyd edərək protokolu imzalamaqdan imtina etmişdir. İş materiallarında olan Yasamal RPİ-nin DYPŞ-nin YPX-nin inspektorları X4 və X7 tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli raportdan müəyyən edilir ki, həmin tarixdə saat 11:00 radələrində Bakı şəhəri Yasamal rayonu Tbilisi prospektində xidmət apardıqları zaman “E patrul” vasitəsi ilə aşkarlanan “Nissan Pathfinder” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərində 2 aydan artıq ödənilməyən cərimə borcları ilə əlaqədar həmin nəqliyyat vasitəsi işarə verilməklə saxlanılmışdır. Sürücüyə yaxınlaşıb özlərini təqdim etdikdən sonra qayda pozuntusunun olduğu izah edilmişdir. Həmin vaxt sürücü onlara tabe olmayaraq Yasamal rayonu A.Salamzadə küçəsinə doğru sürətlə hərəkət edərkən onlar radiostansiya vasitəsi ilə digər YPX əməkdaşlarına məlumat vermişlər. Sürücü avtomobilini saxlayaraq onlara yüksək səslə ünvanlı söyüşlər söyərək yenə qanuni tələblərə riayət etmədən ictimaiyyətin diqqətini cəlb etmişdir. Bu barədə Yasamal RPİ-nə məlumat verildikdən sonra X17 Alayının əməkdaşları köməyə gəlmişlər və həmin sürücü Yasamal RPİ-nin 29-cu PŞ-nə dəvət edilmişdir. Polis şöbəsində həmin şəxsin 1979-cu il təvəllüdlü Şəxs olması müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nə bilavasitə tabe olan X17 Alayının polis nəfərləri Ruslan Abdullayev, Elçin Həbibzadə və Vüsal Əliyev tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli raportdan müəyyən edilir ki, xx xxxxxx 2020-ci il tarixdə inzibati ərazidə xidmət apararkən saat təxminən 11:05 radələrində Yasamal RPİnin NH-nin verdiyi məlumata əsasən YPX-nin 28-ci maşının əməkdaşlarına Yasamal rayonu Salamzadə küçəsində bir nəfər sürücünün tabesizlik göstərdiyini və onlara köməklik etmələrini bildirmişdir. Onlar deyilən ünvana yaxınlaşaraq YPX-nin əməkdaşlarına tabesizlik göstərən şəxsi xidməti maşın vasitəsilə 29-cu PŞ-nin növbətçi hissəsinə gətirib təhvil vermişlər. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan müəyyən edilir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən həmin tarixdə saat 12:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş 01 ədəd CD disk məhkəmə baxışı zamanı nümayiş etdirilərkən müəyyən edilmişdir ki, Şəxs aqressiv hərəkətlərlə polis işçilərinin qanuni tələblərinə tabe olmamışdır. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 11:00 radələrində Şəxs Bakı şəhəri Yasamal rayonu Salamzadə küçəsində polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə həmçinin qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında qeyd edilən inzibati xətanın törədilməməsinə dair göstərilən xüsusatlar özünü müdafiə xarakterli məlumat kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclası zamanı Şəxs əməlində onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmçinin İXM-nin 31.4-1-ci maddəyə görə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Barəsində inzibati icraat aparılan şəxs Şəxs şəxsiyyətini və iş üzrə tədqiq olunmuş digər halları araşdırıb belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Cərimə məbləği müəyyən edilərkən İXM-nin 31.4-1-ci maddəsinin tələbləri, yəni Şəxs inzibati qaydada tutulması nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 109, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar