Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3653/2023 03.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 428.5-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsi Şəxs MMC barəsində İXM-in 428.5-ci maddəsi ilə 20 iyun 2023-cü il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, 20 iyun 2023-cü il tarixdə Şəxs MMC tərəfindən “Ford Transit” markalı **-JY-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan reklam yerləşdirilmişdir. Nəticədə Şəxs MMC tərəfindən İXM-in 428.5-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Protokolu tərtib etmiş orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmiş və gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Şəxs MMC tərəfindən verilmiş 25 yanvar 2023-cü il tarixli etibarnamədən görünür ki, “Ford Transit” markalı **-JY-*** dövlət qeydiyyat nişanlı avtomobil X3 etibar edilmişdir. Vüsal Namazlı tərəfindən yazılmış izahatdan görünür ki, 20 iyun 2023-cü il tarixdə idarə etdiyi “Ford Transit” markalı **-JY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə A.Salamzadə hərəkətdə olduğu zaman yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılmışdır. Sənədlərinə baxış keçirilərkən reklam icazəsinin müddətinin bitdiyi müəyyən edilmiş və avtomobil müvəqqəti duracağa təmin edilmişdir. “Nəqliyyat vasitələrində yerləşdirilən reklama dair” 22 iyun 2023-cü il tarixli AB seriyalı 1278 nömrəli texniki şərtlər pasportundan görünür ki, Şəxs MMC tərəfindən “Ford Transit” markalı **-JY-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində müvafiq reklamın yayınlanması üçün 22 iyun 2023-cü il tarixdən 22 iyun 2024-cü il tarixədək icazə verilmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xətanın törədildiyi vaxt yəni 20 iyun 2023-cü il tarixdə Şəxs MMC-yə məxsus “Ford Transit” markalı **-JY-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində reklam yayımı üçün icazə qüvvədə olmamışdır. Bununla da Şəxs MMC tərəfindən İXM-in 428.5-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi tam sübuta yetir və sonuncu, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İXM-in 428.5-ci maddəsinə əsasən Müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və ya nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi qaydaları pozulmaqla nəqliyyat vasitələrində reklamın yayılmasına görə-fiziki şəxslər otuz manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. “Reklam haqqında” Azərbaycan Respublikası Qanunun 25-ci maddəsinə əsasən: 25.1. Nəqliyyat vasitələrində reklam ona mülkiyyət və ya sərəncam hüququ olan şəxslə reklam yayıcısı yaxud reklam agenti arasında bağlanan müqavilə əsasında nəqliyyat vasitələrinin üzərində və ya salonunda yerləşdirilir. 25.2. Nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanının razılığı olmalıdır. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 3 noyabr tarixli 596 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Reklam yayımına icazə (razılıq) verilməsi Qaydaları”nın: 4.1. Nəqliyyat vasitələrində reklamın yayılması nəqliyyat vasitələrinin mülkiyyətçiləri ilə bağlanmış müqavilələr və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Dövlət Yol Polisi İdarəsi tərəfindən bu Qaydaların 2.6-cı və 2.7-ci bəndləri ilə müəyyən edilmiş qaydada verilən razılığa əsasən həyata keçirilir. 4.2. Azərbaycan Respublikasının ərazisində müvafiq qaydada dövlət qeydiyyatından keçmiş, texniki cəhətdən saz və müvafiq xarici görkəmi olan, bu Qaydalarda göstərilən şərtlərə cavab verən nəqliyyat vasitələri reklam daşıyıcısı kimi istifadə edilə bilər. 4.15. Nəqliyyat vasitələrində reklamın yayılma müddəti reklam yayıcısı ilə nəqliyyat vasitəsinin mülkiyyətçisi arasında bağlanmış müqavilədə nəzərdə tutulur. 4.16. Nəqliyyat vasitələrində reklam yayımına verilən razılıq sənədinin forması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polis İdarəsi tərəfindən təsdiq edilir. İXM-in: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin məsuliyyəti yüngülləşdirən hallar müəyyən olunmadı. İXM-in 33-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə, məhkəmə, Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, məsuliyyəti ağırlaşdıran halı, məsuliyyəti yüngülləşdirən halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC barəsində İXM-in 428.5-ci maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-3653/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3653/2023
03.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver