Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3659/2025 12.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X2 Seyidovun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, şikayətçi X1 iştirakı ilə X1 DİN Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən xx.xx.2025-ci il tarixli, EQ 27926735 nömrəli protokol əsasında qəbul edilmiş 14 may 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək DİN Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən xx.xx.2025-ci il tarixli, EQ 27926735 nömrəli protokol əsasında qəbul edilmiş 14 may 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X3 şikayəti müdafiə edərək göstərmişdir ki, **-BR-*** dövlət nömrə nişanlı X7 markalı avtomobili etibamə əsasında idarə edərkən, sürücü olaraq barəsində xüsusi texniki vasitənin müşayəti əsasında xx.xx.2025-ci il tarixində saat 18:57də Zivərbəy Əhmədbəyov və Salatın Əsgərova küçələrinin kəsişməsində yol hərəkəti qaydasının pozulmasına dair inzibati xətanın tətbiq edilməsi ilə bağlı müvafiq EQ27926735 protokol tərtib edilmiş və həmin protokol əsasında xx.xx.2025-ci il tarixdə AR İXM-nin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 100 AZN məbləğində cərimə növündə tənbeh tətbiq edilməsi qərara alınmışdır. Belə ki, hadisənin baş verdiyi qeyd olunan yerdə “avtobus zolağı” olduğu bildirilsə də, hadisə baş verən tarixdə həmin yolun nişanlanması yetərincə aydın olmamış, zolaq qırıq-qırıq xətlərlə qeyd edilmiş, “BUS” yazısı isə ya ümumiyyətlə görünməyib, ya da çox zəif oxunacaq vəziyyətdə olmuşdur. Bu səbəbdən o, həmin zolağın yalnız avtobuslar üçün nəzərdə tutulduğunu dərhal müəyyən etmək imkanında olmamışdır. Həmçinin sağa dönmə manevrini icra edərkən qanun tələbinə uyğun olaraq sağ kənar zolaqla hərəkət etmiş və kəsişən hərəkət zolağında da sağ hissəsinə keçmişdir, yəni ümumi istifadədə olan nəqliyyat vasitələri üçün ayrılmış zolaqda nəqliyyat sıxlığı səbəbindən çox qısa bir müddət həmin zolaqda hərəkətə davam etməyə məcbur olmuşdur. Əlavə olaraq, həmin ərazinin sonrakı tarixdə yenidən xətlənərək yeni və daha aydın formada işarələndiyi ona məlum olmuşdur. Həmin ərazidə avtobus zolağına dair nişanın yerləşdirildiyi dirəyin qarşısında mövcud olan maneə lövhənin aydın görünməsinə əngəl törədir. Bu səbəbdən nişanı görmək və onun tələbinə əməl etmək obyektiv olaraq çətinlik yaradır. Bu da onun həmin hərəkət zolağını səhvən seçməyinə səbəb olmuşdur. Təqdim etdiyi fotolarda da göründüyü kimi, sözügedən yol hissəsində avtobus zolağını bildirən nişanın önündəki sütun onun görünməsini faktiki olaraq məhdudlaşdırmışdır. Eyni zamanda, yolun üzərindəki “BUS” yazısı ya ümumiyyətlə görünmür, çox zəif şəkildə seçilir. Əvvəl yolun xətlənməsi 1.5 xətləmə nişanı (qırıq-qırıq xətt) ilə xətlənmişdir. Bu vəziyyət onun həmin zolağı digər zolaqlardan fərqləndirə bilməməyinə səbəb olmuşdur. Hadisə baş verəndən sonra eyni ərazi yenidən aydın şəkildə nişanlanmışdır ki, bu da əvvəlki vəziyyətin texniki baxımdan qüsurlu olduğunu sübut edir. “Yol hərəkəti haqqında” Qanunun 61-ci maddəsinin Vİ-İ hissəsinə əsasən, daimi yol nişanları ilə nişanlanma xətləri arasında hər hansı ziddiyyət və ya uyğunsuzluq yolverilməzdir. Qanunun 69-cu maddəsinin İV hissəsində qeyd olunur ki, nişanlanma xətləri yalnız yol nişanlarının məzmununu tamamlamalı və dəqiqləşdirməlidir, ziddiyyət yaratmamalıdır. Beynəlxalq hüquq aktları, o cümlədən Vyana Konvensiyası, yalnız müvəqqəti tətbiq edilən nişanlarla daimi nişanlar arasında ziddiyyətə icazə verir. Bu hal da qısamüddətli olmalıdır və xüsusi texniki üsullarla nişanların görünməsi tənzimlənməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Yuxarıda qeyd edilən faktlara və “Yol hərəkəti haqqında” Qanunun 61, 69-cu maddələrinə əsasən xx.xx.2025-ci il tarixli, EQ27926735 saylı inzibati protokol və onun əsasında çıxarılmış xx.xx.2025-ci il tarixli inzibati tənbeh tətbiq edilməsinə dair qərarın ləğv edilməsi və inzibati icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, DİN Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən xx.xx.2025-ci il tarixli, EQ 27926735 nömrəli protokol əsasında qəbul edilmiş 14 may 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, inzibati material yenidən baxılması üçün DİN Baş Dövlət Yol Polisi İdarəsinə qaytarılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: DİN Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən xx.xx.2025-ci il tarixli, EQ 27926735 nömrəli protokol əsasında qəbul edilmiş 14 may 2025-ci il tarixli qərardan görünür ki, X3 xx.xx.2025-ci il tarixdə, saat 19:57-də Zivərbəy Əhmədbəyov və Salatın Əsgərova küçələrinin kəsişməsində idarə etdiyi “X7 hibrid minik” markalı, 77BR848 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 327.1-1, 5.9, 5.10.1-5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. Şikayətçi tərəfindən məhkəməyə təqdim edilmiş fotoşəkillərdən görünür ki, hadisənin törədildiyi yerdə xəttin qırıq-qırıq xətt yoxsa düz xətt olması, həmçinin asfalt örtüyündə BUS yazısının qeyd edilib-edilmədiyi dəqiq görünmür. Şikayətçi şikayətində qeyd edir ki, İXM-nin 327.1-1-ci maddəsində göstərilən heç bir tələbi pozmamış, hadisə baş verən tarixdə həmin yolun nişanlanmasının yetərincə aydın olmadığını, zolağın qırıq-qırıq xətlərlə qeyd edildiyini, “BUS” yazısının isə ya ümumiyyətlə görünmədiyini, ya da çox zəif oxunacaq vəziyyətdə olduğunu, bu səbəbdən onun həmin zolağın yalnız avtobuslar üçün nəzərdə tutulduğunu dərhal müəyyən etmək imkanında olmadığını, həmçinin sağa dönmə manevrini icra edərkən qanunun tələbinə uyğun olaraq sağ kənar zolaqla hərəkət etdiyini və kəsişən hərəkət zolağında da sağ hissəsinə keçdiyini, yəni ümumi istifadədə olan nəqliyyat vasitələri üçün ayrılmış zolaqda nəqliyyat sıxlığı səbəbindən çox qısa bir müddət həmin zolaqda hərəkətə davam etməyə məcbur olduğunu, əlavə olaraq, həmin ərazinin sonrakı tarixdə yenidən xətlənərək yeni və daha aydın formada işarələndiyinin ona məlum olduğunu, həmin ərazidə avtobus zolağına dair nişanın yerləşdirildiyi dirəyin qarşısında mövcud olan maneə lövhənin aydın görünməsinə əngəl törətdiyini, bu səbəbdən nişanı görmək və onun tələbinə əməl etməyin obyektiv olaraq çətinlik yaratdığını, bu da onun həmin hərəkət zolağını səhvən seçməyinə səbəb olduğunu, təqdim etdiyi fotolarda da göründüyü kimi, sözügedən yol hissəsində avtobus zolağını bildirən nişanın önündəki sütunun onun görünməsini faktiki olaraq məhdudlaşdırdığını, eyni zamanda, yolun üzərindəki “BUS” yazısının ya ümumiyyətlə görünmədiyini, ya da çox zəif şəkildə seçildiyini, əvvəl yolun xətlənməsinin 1.5 xətləmə nişanı (qırıq-qırıq xətt) ilə xətləndiyini, bu vəziyyətin onun həmin zolağı digər zolaqlardan fərqləndirə bilməməyinə səbəb olduğunu, hadisə baş verəndən sonra eyni ərazinin yenidən aydın şəkildə nişanlandığını, bu halın da əvvəlki vəziyyətin texniki baxımdan qüsurlu olduğunu sübut etdiyini bildirmişdir. Şəxsin inzibati xəta törətməsini sübut etmək qərar qəbul etmiş səlahiyyətli orqanın (vəzifəli şəxsin) üzərinə düşdüyündən, Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(004)-3659/2025 saylı məktubu ilə DİN Baş Dövlət Yol Polisi İdarəsinə sorğu verilərək, qərarın qəbul edilməsinə əsas olan inzibati protokolu, inzibati qərarı, inzibati xətanın törədilməsi zamanı hadisəni özündə əks etdirən CD diski (video görüntüsü və ya foto görüntü), inzibati xətanın mövcudluğunu təsdiq edən digər hər hansı bir sübutu, qərarın qəbul edilməsinə əsas olan digər materialları təyin olunmuş məhkəmə iclasının tarixinədək və ya məhkəmə iclasında məhkəməyə təqdim edilməsi xahiş olunsa da, həmin sübutlar məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi şəxs inzibati xəta törədilməsi ilə razılaşmamış, belə bir vəziyyətdə tərtib edilmiş protokol əsasında hər hansı bir digər sübut olmadan şəxs barədə inzibati tənbeh qərarı çıxarılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 120-ci maddəsinə əsasən həmin məcəllənin 327 - 356-cı maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 124.4-cü maddəsinə əsasən həmin Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Belə olduğu təqdirdə artıq yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-nin müəyyən etdiyi qaydada şəxsin inzibati xəta törətməsini təsdiq edən sübutları araşdırmaqla, əgər sübutlarla onun təqsiri təsdiq edilərsə, onda inzibati tənbeh vermə haqqında qərar çıxarmalıdır. Mübahisə yarandığı üçün şəxsin təqsirinin sübut olunması üçün “İnzibati xəta haqqında iş üzrə sübutlar və onların qiymətləndirilməsi”nə dair İXM-nin 12-ci Fəsli ilə müəyyən edilmiş qaydada şəxsin təqsiri sübuta yetirilməlidir. Çünki şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, əlavə araşdırma aparmağa ehtiyac qalmır. Lakin razılaşmadıqda, onun inzibati xəta törətməsi sübutlarla təsdiqini tapmalıdır. Sübut toplamaq isə inzibati tənbeh vermiş səlahiyyətli orqanın üzərinə düşür. Bununla da həmin qərarda İXM-nin 76.1-ci maddəsində sadalanmış konkret hər hansı bir sübuta, həmçinin İXM-nin 77 – 83-cü maddələrində müəyyən edilmiş hər hansı bir sübut növünə istinad edilməmişdir. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Zivərbəy Əhmədbəyov və Salatın Əsgərova küçələrinin kəsişməsində yolun 5.9, 5.10.1-5.10.3 nişanları ilə işarələndiyi, həmin yolun qırıq-qırıq yoxsa düz xətt ilə işarələndiyi iş materialları ilə müəyyən edilmir, bunu səlahiyyətli orqan sübut etməlidir. X4 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin qismən təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 327.1-1-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə - yüz manat məbləğində cərimə edilir. Məhkəmə səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Qərarda konkret sübut göstərilmədiyi üçün, məhkəmə belə bir qərarın qanuniliyini yoxlaya bilməz. Səlahiyyətli orqanın qərar qəbul edərkən, şəxsin qərarda mövcud olmayan və istinad edilməmiş hər hansı bir qeyri-müəyyən sübutla inzibati xətaya səbəb olan əməli törədib-törətməməsini məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. O da vurğulanmalıdır ki, qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən hallar araşdırılmadan məhkəmə tərəfindən şikayət edilən qərarın ləğv edilərək icraata xitam verilməsi və ya şikayətin təmin edilməyərək şəxsin barəsində qəbul edilmiş qərarın dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətli qərar olmamaqla, şəxsin törətmədiyi inzibati xətaya görə məsuliyyətə cəlb olunmasına və ya törətdiyi inzibati xətaya görə məsuliyyətdən kənarda qalmasına gətirib çıxarar ki, bu da İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinin pozulması ilə nəticələnə bilər. Qeyd edilən həmin prosessual pozuntular işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə olduğundan, son nəticədə qanuni və əsaslı olmayan qərarın qəbul edilməsinə gətirib çıxartmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. 134.1.4-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati tənbeh vermə haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati tənbeh vermə haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayəti qismən təmin edilməli, DİN Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən xx.xx.2025-ci il tarixli, EQ 27926735 nömrəli protokol əsasında qəbul edilmiş 14 may 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş yenidən baxılması və məhkəmənin qərarında göstərilən halların araşdırılması üçün DİN Baş Dövlət Yol Polisi İdarəsinə qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: X1 şikayəti qismən təmin edilsin. X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair DİN Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən xx.xx.2025-ci il tarixli, EQ 27926735 nömrəli protokol əsasında qəbul edilmiş 14 may 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün DİN Baş Dövlət Yol Polisi İdarəsinə qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №3(004)-3659/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3659/2025
12.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver