Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3661/2025 04.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X10, X1, Azərbaycan Respublikası Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyəti YYÇİHM üzrə komissiyanın məsul katibi X21, X2 və onun nümayəndəsi X13, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxxxx 1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsi tərəfindən Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş 03 iyun 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. 03 iyun 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1816/2024 saylı, xx.xx.2024-cü il tarixli tarixli icra vərəqəsi ilə bağlı borclu Şəxs tərəfindən görüş baş tutulmur. Bununla da Şəxs tərəfindən İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Yasamal Rayon İcra Şöbəsinin icra məmuru X16 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək izahatında bildirmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1816/2024 saylı, xx.xx.2024-cü il tarixli tarixli icra vərəqəsinə əsasən iddiaçı X7 xx.xx.2016-cı il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X9 ilə hər həftənin şənbə günü saat 11:00-dan 17:00-dək, 6 (altı) saat, sərbəst ünsiyyətdə olmaq hüququ verilmişdir. İddiaçı X7 xx.xx.2016-cı il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X9 ilə davam edən bayram günlərinin (Qurban, Ramazan, Novruz və Yeni il) ikinci günü saat 10:00-dan saat 17:00-dək, 7 (yeddi) saat, sərbəst ünsiyyətdə olmaq hüququ verilmişdir. İddiaçı X4 valideynlik və ünsiyyət hüquqlarının həyata keçirilməsi ilə əlaqədar olaraq övladı xx.xx.2016-cı il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X9 ilə ünsiyyətdə olması üçün hər həftənin bazar ertəsi, çərşənbə və cümə axşamı günləri 1 (bir) saat olmaqla videogörüntülü zəng vasitəsilə (whatsapp, skype, telegram və s. videogörüntülü zəng funksiyasını dəstəkləyən tətbiqetmələrlə) ünsiyyətdə olmaq hüququ müəyyən edilmişdir. Bu hissədə ünsiyyətdə olmaq qaydası Şəxs tərəfindən təşkil olunması qeyd olunmuşdur. İcra sənədi üzrə icraata 04 sentyabr 2024-cü il tarixli “İcraata başlamaq haqqında” qərarla başlanılmışdır. Lakin indiyədək icranı könüllü təmin etməmiş və icranı təmin edilməməsi barədə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməmişdir. Hazırda cavabdeh icra sənədinin icrasını təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırır və onun icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Bununla da cavabdeh Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1816/2024 saylı, xx.xx.2024-cü il tarixli tarixli icra vərəqəsindən xəbərdardır. Tələbin könüllü icrası haqqında bildiriş 14 sentyabr 2024-cü il tarixdə ona təqdim edilmişdir. Bununla belə, icra sənədində nəzərdə tutulan öhdəliyin yerinə yetirilməsi faktiki olaraq onun iradəsindən asılı olmayan obyektiv səbəblər ucbatından mümkün olmamışdır. Belə ki, uşaqların atası – Savalan Talışxanov – azyaşlı övladları Cəmil və Davud ilə sərbəst ünsiyyətdə olmaq hüququna malikdir. O bu hüququn həyata keçirilməsi üçün uşaqları görüşə hazırlamış, lakin ya Savalan Talışxanov görüş üçün gəlməmiş, ya da o gəldikdə uşaqlar ataları ilə görüşməkdən və ünsiyyət qurmaqdan qəti şəkildə imtina etmişlər. Uşaqların bu davranışları bir qayda olaraq ağlama, təşviş və emosional gərginliklə müşayiət olunmuşdur. Uşaqların bu cür münasibətinə səbəb olan şəxs özü deyil və onların belə reaksiya verməsi onun davranışı ilə bağlı olmamışdır. Həmin imtinalar uşaqların daxili münasibətləri və emosional vəziyyətləri ilə əlaqələndirilməlidir. O bu vəziyyətə müdaxilə edərək uşaqları ataları ilə ünsiyyətə məcbur etmə imkanına malik deyil. Uşaqlarını ataları ilə görüşməyə məcbur etməməsinin başlıca səbəbi yalnız hüquqi məsuliyyət deyil, həm də analıq duyğusu olmuşdur. O, bir ana kimi, övladlarını iradələrinə zidd davranmağa vadar etməyi, onların psixoloji tarazlığını pozacaq formada məcburiyyətə məruz qoymağı nə vicdani, nə də mənəvi baxımdan uyğun hesab etməmişdir. Həmçinin məhkəmə qərarının icrasının baş tutmamasında digər səbəblər də rol oynamışdır. Belə ki, may ayının 4-də uşaqlar ataları tərəfindən görüş üçün aparıldıqda, Savalan Talışxanov özü görüşün baş tutmayacağını bildirib onları geri qaytarmışdır. Həmçinin, sonuncu tərəfindən ona qarşı dəfələrlə qeyri-etik ifadələrlə kobud və hörmətsiz üslub nümayiş etdirmişdir. İcra məmurunun tələblərinin yerinə yetirilməməsində hər hansı qərəz yoxdur. Göstərilənlərin nəzərə alınaraq hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq məhkəmə iclası zamanı prosses iştirakçılarının müşahidəsi altında övladlarına ataları ilə birlikdə birgə vaxt keçirməyi təklif etmişdir. Lakin uşaqlar həmin təklifə qəti şəkildə etiraz etmiş, ataları ilə ünsiyyətdən və görüşdən açıq şəkildə imtina etmişdirlər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi Vəkil inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında X2 izahatında bildirmişdir ki, övladlarının onunla görüşmək istəməməsinin səbəbi kimi birbaşa məsul şəxs Şəxsdır. Uşaqların bu cür münasibəti ananın təsiri nəticəsində formalaşmışdır. Şəxs tərəfindən uşaqlara psixoloji təsir göstərildiyini və bununla da onunla ünsiyyətin qarşısının alındığını bildirmişdir. Sonuncu uşaqlarla onun arasında əlaqənin qurulmasına dolayı yolla maneə yaradır və bu, uşaqların davranışına birbaşa təsir edir. Uşaqlarla daimi ünsiyyətdə olmaq üçün aldığı telefonun sim kartını qərəzli şəkildə qıraraq onların əlaqə saxlamağına mane olmuşdur. Ona qarşı dəfələrlə qeyri-etik ifadələr işlətmişdir. Tək tələbi uşaqları ilə görüşə və ünsiyyətdə ola bilməsidir. Məhkəmə iclasında X2nun nümayəndəsi X3 Sevinc Arif qızı barəsində qanunamüvafiq tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, Şəxs onun anası, X11 isə atasıdır. O, çoxdandır ki, atasını görmür və onu görmək istəmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, Şəxs onun anası, X11 isə atasıdır. O, çoxdandır ki, atasını görmür və onu görmək istəmir. Sözügedən mövzuda danışmaq istəmir. Məhkəmə prosses iştirakçlarının izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, həmçinin icra işi materiallarını araşdıraraq, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1816/2024 saylı, xx.xx.2024-cü il tarixli tarixli icra vərəqəsindən görünür ki, iddiaçı X7 xx.xx.2016-cı il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X9 ilə hər həftənin şənbə günü saat 11:00-dan 17:00-dək, 6 (altı) saat, sərbəst ünsiyyətdə olmaq hüququ verilmişdir. İddiaçı X7 xx.xx.2016-cı il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X9 ilə davam edən bayram günlərinin (Qurban, Ramazan, Novruz və Yeni il) ikinci günü saat 10:00-dan saat 17:00-dək, 7 (yeddi) saat, sərbəst ünsiyyətdə olmaq hüququ verilmişdir. İddiaçı X4 valideynlik və ünsiyyət hüquqlarının həyata keçirilməsi ilə əlaqədar olaraq övladı - xx.xx.2016-cı il təvəllüdlü X8 və xx.xx.2017ci il təvəllüdlü X9 ilə ünsiyyətdə olması üçün hər həftənin bazar ertəsi, çərşənbə və cümə axşamı günləri 1 (bir) saat olmaqla videogörüntülü zəng vasitəsilə (whatsapp, skype, telegram və s. videogörüntülü zəng funksiyasını dəstəkləyən tətbiqetmələrlə) ünsiyyətdə olmaq hüququ müəyyən edilmişdir. Bu hissədə ünsiyyətdə olmaq qaydası Şəxs tərəfindən təşkil olunması qeyd olunmuşdur xx.xx.2024-cü il tarixli “İcraata başlamaq haqqında” qərardan görünür ki, icra sənədi üzrə icraata başlanılmışdır xx.xx.2024-cü il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, bildiriş 14 sentyabr 2024-cü il tarixdə borclu Şəxs təqdim edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1816/2024 saylı, xx.xx.2024-cü il tarixli tarixli icra vərəqəsində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün xəbardarlıq edilmişdir. Həmçinin icra sənədinin qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq məsuliyyətə cəlb oluna biləcəyi də onun nəzərinə çatdırılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-3524/2024 saylı, xx.xx.2024-cü il tarixli tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1457/2024 saylı, xx.xx.2024-cü il tarixli tarixli qərarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 3(004)-3524/2024 saylı qərarı ləğv edilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş və o, inzibati məsuliyyətdən azad edilmişdir. Həmin qərar onunla əsaslandırılmışdır ki, hazırki halda, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədindəki tələbi üzrsüz səbəbdən icra etməməsinin nədə ifadə olunması müəyyən olunmamışdır. Belə ki, iş materiallarında olan xx.xx.2024, xx.xx.2024, xx.xx.2024-cü il tarixli aktlardan görünür ki, Şəxs uşaqları ilə birlikdə Yasamal Rayon İcra Şöbəsinə gəlmiş, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə uşaqlar ataları ilə getməkdən imtina etmişlər. İş materiallarına əlavə olunmuş videogörüntülərə məhkəmə iclasında baxış zamanı müəyyən olunmuşdur ki, Savalan Talışxanov dəfələrlə uşaqları ilə görüşmək məqsədilə onların yaşadıqları mənzilə gəlmiş, lakin uşaqlar mənzilə giriş qapısının qarşısında dayanaraq atalarını görmək istəmədiklərini bildirmişdirlər. Məhkəmə iclasında Şəxs uşaqları X8 və X5 dəfələrlə ataları ilə birlikdə istədikəri yerə getmələrini təklif etmiş, lakin hər iki uşaq təkidlə bundan imtina etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hərəkətlərində İXM-nin 528.1-ci maddəsinin tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. BMT-nin Baş Assambleyası tərəfindən 20 noyabr 1989-cu il tarixdə qəbul olunmuş Uşaq Hüquqları Konvensiyasının (Convention on the Rights of the Child) 3-cü maddəsinin qeyri-rəsmi xülasəsinə əsasən uşaq barəsində bütün tədbirlərdə onun mənafeləri tam həcmdə nəzərə alınmalıdır. 12-ci maddəsinin qeyri-rəsmi xülasəsinə əsasən uşaq özünə təsir edəcək məsələlərlə bağlı öz baxışlarını azad ifadə etmək hüququna malikdir və bu baxışlar nəzərə alınmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar; 28.2 və 29.2-ci maddələrinə müvafiq olaraq icraatda tərəflər tələbkar və borcludur. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar; 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. İcra vərəqəsi üzrə valideynin (X11) uşaqları ilə (xx.xx.2016-cı il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X9) ünsiyyət hüququ təmin olunmalıdır. Lakin bu hüquq uşağın məcbur edilməsi yolu ilə deyil, onun maraqları nəzərə alınmaqla həyata keçirilməlidir. Uşaqların maraqları, rifah və psixoloji durumu birinci dərəcəli əhəmiyyət kəsb edən məsələdir. X4 uşaqları ilə ünsiyyət hüququnun təmin edilməsi üçün Şəxs tərəfindən məhkəmə iclasında bir daha cəhd göstərilsə də, uşaqların iradəsi ziddiyyət təşkil etmişdir. Şəxs tərəfindən icra vərəqəsinin icrası üçün obyektiv şərait yaradılsa da, uşaqlar tərəfindən etiraz olunmuşdur. Belə ki, icra sənədinin icra olunmaması sonuncunun hərəkətləri ilə deyil, uşaqların davranışı ilə birbaşa bağlıdır. Həmçinin, məhkəmə iclasında sonuncunun icra sənədi üzrə tələbi yerinə yetirməkdən qərəzli olaraq boyun qaçırması müəyyən olunmamışdır. Şəxs tərəfindən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi sübuta yetirilə bilməmişdir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən icra məmurunun qanuni tələblərini yerinə yetirilməməsinə yönəlmiş hər hansı bir qərəzli hərəkət edilməsi öz təsdiqini tapmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 2014-cü il 18 dekabr tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi təkrarlayaraq bir daha qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilibtörədilməməsini və digər mühüm halları araşdırmalıdır. İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə, hazırki halda borclu Şəxs hərəkətlərində icra sənədini üzrsüz səbəbdən icra etməmə və ya icra məmurunun qanuni tələblərini yerinə yetirməmə kimi halların mövcud olmadığı qənaətinə gəlir və buna görə də borclu barədə başlanmış iş üzrə icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, borclunun hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. İnzibati Xətalar Məcəlləsinin: 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1816/2024 saylı, xx.xx.2024-cü il tarixli tarixli icra vərəqəsinin icra edilməməsi ilə bağlı Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, hərəkətlərində inzibati xəta tərkibi olmadığından, xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 40.0.1, 43, 48-51, 53, 55, 84, 114.1.4, 115, 128- 130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində tərtib olunmuş 03 iyun 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-3661/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3661/2025
04.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver