Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3668/2023 06.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov xx.xx.1967-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işi nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Şəxs barəsində İXM-in 529.3-cü maddəsi ilə xx.xx.2023-cü il tarixdə, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötrü ki, o əvvəllər barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EQ 13178556 saylı “elektron qərara” əsasən İXM-in 339.1-1-ci maddəsi ilə təqsirli bilinib inzibati cərimə edilib, lakin həmin cərimə qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Həmin iş üzrə aşağıdakılara əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. "Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar" İXM-nin 29-cü Fəslinin tənzimlədiyi İXM-nin 327-348-ci maddələrində olan inzibati xətalardır. “Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə baxılmanın xüsusiyyətləri” İXM-nin 16-cı Fəslində 120 - 127-2-ci maddələrdə tənzimlənmişdir. İXM-nin 122.1-ci maddəsinə əsasən həmin Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. “Elektron imza və elektron sənəd haqqında” Qanunun 1-ci maddəsində əsas həmin Qanunda aşağıdakı əsas anlayışlardan istifadə edilmişdir: 1.1.4. Elektron imza - digər verilənlərə əlavə edilən və ya onlarla məntiqi əlaqəli olan, imza sahibini identikləşdirməyə imkan verən verilənlər; 1.1.6. elektron imza sahibi (bundan sonra - imza sahibi) - öz adından və ya qanunvericilikdə nəzərdə tutulmuş qaydada ona səlahiyyət vermiş şəxs adından çıxış edən fiziki şəxs; 1.1.7. elektron imza vasitələri (bundan sonra - imza vasitələri) - elektron imza yaradılması və yoxlanılması, eləcə də imza yaratma və yoxlama məlumatları yaratmaq üçün istifadə edilən proqram və texniki vasitələr; 1.1.8. Elektron imza yaratma məlumatları - elektron imza yaratmaq üçün istifadə edilən və ancaq imza sahibinə bəlli olan kod və ya kriptoqrafik açardan ibarət təkrarolunmaz verilənlər; 1.1.15. Elektron sənəd - informasiya sistemində istifadə üçün elektron formada təqdim edilən və elektron imza ilə təsdiq olunmuş sənəd; 1.1.23. Elektron sənədin həqiqiliyi - elektron imzanın həqiqiliyinin yoxlanılması yolu ilə elektron sənədin tamlığının (zəruri rekvizitlərə malik olması) və bütövlüyünün (ötürülmə zamanı texniki xətaların və təhriflərin olmaması) təsdiq edilməsi; Həmin Qanunun 3.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə sənədin yazılı şəkildə təqdim olunması tələb olunduqda bu Qanunun 3.2-ci, 3.3-cü maddələrinə müvafiq qaydada imzalanmış elektron sənəd bu şərtlərə cavab verən hesab edilir. Qanunun 21.1-ci maddəsinə əsasən elektron sənəd aşağıdakı tələblərə cavab verməlidir: 21.1.1. texniki və proqram vasitələrinin köməyi ilə yaradılmalı, saxlanılmalı, emal edilməli, ötürülməli və qəbul edilməlidir; 21.1.2. bu Qanunun 22-ci maddəsində müəyyən edilmiş quruluşa malik olmalıdır; 21.1.3. identikləşdirməyə imkan verən rekvizitlərə malik olmalıdır; 21.1.4. texniki və proqram vasitələrinin köməyi ilə əyani qavranılan (vizual) şəkildə təqdim olunmalıdır. Beləliklə sadalananlara əsasən məhkəməyə daxil olmuş İXM-nin 529.3-cü maddəsi ilə protokolun tərtib edilməsinə əsas olmuş və 3 ay müddətində icra edilməmiş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar “elektron qərar” kimi çıxarılsa da, həmin qərar “Elektron imza və elektron sənəd haqqında” Qanunla müəyyən edilmiş tələblərə cavab verməmiş, müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənməmiş, “identikləşdirməyə imkan verən rekvizitlərə malik olmamış”, hüquqi qüvvəsi yoxdur, qüvvəyə minmiş hesab edilmir. Beləliklə, hüquqi qüvəsi olmayan cərimə qərarını icra etməmə əməlinin törədilməsi, İXM-nin 529.3-cü maddəsinin tərkibini yaratmır. Bununla da hazırkı İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş protokol üzrə şəxsin əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcud olmur. Əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-in İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən işin məhkəmədə icraatını rədd edən hallar vardır. Lakin iş artıq məhkəməyə göndəridiyi üçün, həmin işin icraatına hazırlıq mərhələsində xitam verilməlidir. İXM-in 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (mad 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilibedilmədiyini (mad. 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (mad 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (106.0.5) həll etməlidir. İXM-nin 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Qeyd olunanlara əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim , Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-3668/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3668/2023
06.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver