Məhkəmə qərarları › İş №3(004)-368/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-368/2023

15.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-368/2023 15.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi, Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxx 1996-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Sumqayıt şəhəri, X3 qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 9, mənzil 35 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 07 yanvar 2023-cü il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, 15 oktyabr 2022-ci il tarixdə saat təxminən 02 radələrində Bak şəhəri, Sabunçu deyilən yerdən, Uber proqramı vasitəsi ilə taksi sifariş vermiş, sifarişə gümüşü rəngli, “Toyota Prius” markalı, **-BG-*** d.q.n-h avtomobil gəlmişdir. O. Maşına əyləşmiş, Bakı şəhəri, Ziya Bünyadov prospekti ilə Qələbə dairəsi keçdikdən sonra X5 küçəsinə daxil olmuşlar. Zərdabi küçəsinin Akim Abbasov küçəsi ilə kəsişməsinə çalmaqlarına az qalmış sürücünün sürətinin 120 km/saat olmasını görmüş, sürücünün təcrübəli sürücü olmasını düşünüb ona heç nə deməmişdir. Kəsişmədə olan işıqforun yaşıl işığının yanıb sönməsinə baxmayaraq sürücü qırmızı işığın yanmasını məhəl qoymayıb kəsişməyə daxil olmuş, kəsişmədə “Mercedes” markalı avtomobilə çırpılmış, sonra yolun sağ tərəfində dayanan “Audi Q7” markalı avtomobilə çırpılmış, sonra yolun ortasında olan bardürü aşıb əks istiqamətdə gedib dayanmışdır. O hadisə zamanı xəsarət almışdır. Yekun olaraq bildirmişdir ki, Şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir. Ona qarşı şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Bakı şəhəri Yasamal RPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 18 noyabr 2022-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd olunmalı, lakin yol-nəqliyyat hadisəsini törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan 07 yanvar 2023-cü il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 15 oktyabr 2022-ci il tarixdə saat 01:40 radələrində “Toyota Prius” (minik) markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 18 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Məhkəmə-Tibbi Ekspertiza və X2 Publik Hüquqi şəxsin 18 noyabr 2022-ci il tarixli rəyinə əsasən Zərərçəkmiş şəxs alın-təpə nahiyyəsinin əzilmiş yarası xəsarəti almış, xəsarət xx.xx.2022-ci il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aiddir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 18 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası DİN-in NHİEX-dən daxil olmuş bir ədəd CD diskə baxış protokoluna əsasən Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi ilə Akim Abbasov küçəsinin kəsişməsində Şəxs işıqforun qadağan edici qırmızı işıq siqnalının yanmasına məhəl qoymaraq yol kəsişməsinə daxil olmuş X1 idarə etdiyi “Mercedes Benz” markalı atomobilin qabaq hissəsinə çırpılır, bundan sonra yolun sağ hissəsində dayanmış “Audi-Q7” markalı avtomobilə çırpılır, sonradan yolun ortasında olan bardürün üzərində aşmaqla əks istiqamətə keçir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs “Toyota Prius” markalı, **- BG-*** dövlət qeydiyyat nişanlı avtomaşınla 15 oktyabr 2022-ci il tarixdə saat 01:40 radələrində Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi ilə Akim Abbasov küçəsinin kəsişməsində ehtiyatsızlıq edərək qəza törətmiş və nəticədə avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs yüngül bədən xəsarətinin yetirilməsinə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən zərərçəmiş şəxsin Şəxs qarşı şikayət və tələbinin olmamasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs şəxsiyyətini xarakretizə edən halları, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, hadisədən sonra zərərçəmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 327.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar