Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3708/2022 30.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X2 iclas katibliyi ilə, Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Ak.Ş.Mehdiyev küçəsi, 129 olan Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı Şəhəri Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı Şəhəri Reklam İdarəsi tərəfindən Şəxs MMC barəsində İXM-in 428.7.1-ci maddəsi ilə xx.xx.2022-ci il tarixdə № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, həmin MMC tərəfindən ünvan 2 ünvanında xx.xx.2022-ci il tarixində saat 11:25 radələrində “Macrobiosis” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı müəyyən edilmişdir. Protokolda bu faktın protokola əlavə edilmiş 3 ədəd fotoşəkillə təsdiq edildiyi göstərilmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi X4 bildirdi ki, ümumiyyətlə Şəxs MMC barəsində tərtib edilən protokol qanunsuzdur. Belə ki, MMC barəsində protokol tərtib edilsə də, inzibati iş üzrə icraat başlanılsa da, Bakı Reklam Agentliyi İXM-nin tələblərini pozaraq icraat aparmışdır. Ümumiyyətlə protokol tərtib edilməzdən əvvəl MMC-nin nümayəndəsini dəvət etməmiş, bu barədə MMC-yə ümumiyyətlə məlumat verməmiş, MMC-nin nümayəndəsinin izahat vermək, sübutlar təqdim etmək, işdə iştirak etmək hüquqlarını pozmuşdur. Bundan əlavə həmin MMC tərəfindən xx.xx.2021-ci il tarixdə Bakı Reklam Agentliyinə ərizə ilə müraciət edilərək 1 il müddətinə reklam yayımı üçün icazə istənilmişdir, ərizələri də xx.xx.2021-ci il tarixdə həmin idarədə qeydiyyata alınmış, ərizəyə bu barədə möhür vurulmuşdur. Həmin ərizə üzrə hesablanmış ödənişləri ödəmişlər. Belə olduğu təqdirdə xx.xx.2022-ci il tarixədək onlar barəsində bu məsələyə görə protokol tərtib edilə bilməz. Əgər yeni dövr üçün Bakı Reklam Agentliyi hesab edirsə ki icazə alımayıb, belə ki, protokolda da yazılıb ki guya müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı aşkar edilib və məhz bu fakta görə MMC təqsirli bilinirsə, bu zaman Bakı Reklam Agentliyi “Reklam haqqında” Azərbaycan Respublikasının 15 may 2015-ci il tarixli 1281-İVQ nömrəli Qanunu və “Açıq məkanda reklam fəaliyyəti ilə bağlı bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017- ci il 19 dekabr tarixli 1743 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi qaydası”nı pozaraq MMC-yə 5 gün əvvəl pozuntular barədə bildiriş göndərməmişdir. Göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi X1 bildirdi ki, Şəxs MMC-yə məxsus “Macrobiosis” adlı obyektin üzərində açıq məkanda yerləşdirilmiş reklamlara görə yayım haqqı ödənilmədiyi üçün protokol tərtib edilmişdir. Ona görə də MMC barəsində inzibati tənbeh qərarı çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Reklam İdarəsinin Şəxs MMC-yə ünvanladığı Rİ-1/xx-xx/2278 saylı, 11 avqust 2022-ci il tarixli məktubdan görünür ki, Bakı Şəhəri Reklam İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrü əhatə edən “Açıq məkanda reklam yerləşdirilməsinə dair” xx.xx.2021-ci il tarixli İ**********0004, İ**********0005 və **********0006 nömrəli icazələr üzrə 386,35 manat yayım haqqı və 264,66 manat ƏDV məbləği (cəmi 651,01 manat) bu günədək ödənilməmişdir. Həmçinin, qeyd olunan icazələrin müddətinin xx.xx.2022-ci il tarixdə bitməsinə baxmayaraq, tərəflərindən müvafiq icazə olmadan açıq məkanda reklam yayımlanması davam etdirilməkdədir. Bildirmişlər ki, müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətin yaranmasına səbəb olur və müvafiq xətanın törədilməsinə görə hüquqi şəxslər 5000 manatdan 10000 manatadək məbləğində cərimə edilir. Qeyd edilənləri nəzərə alaraq, təqdim edilmiş xx.xx.2021-ci il tarixli İ**********0004, İ**********0005 və **********0006 nömrəli icazələr üzrə ödənilməmiş 651,01 manat borcun 5 gün ərzində tam həcmdə ödənilməsi və xx.xx.2022-ci il tarixdən müvafiq icazə olmadan yayımlanması davam edən reklamlara görə icazə alınması təmin edilməlidir. Bundan əlavə iş materiallarında olan Bakı Şəhəri Reklam İdarəsinin Şəxs MMC-yə ünvanladığı Rİ-1/xx-xx/2181 saylı, 01 avqust 2022-ci il tarixli məktubdan görünür ki, həmin MMC barəsində İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə xx.xx.2022-ci il tarixli MN ******* saylı protokol göndərilmişdir. İş materiallarında olan Şəxs MMC-nin Bakı Şəhəri Reklam İdarəsinə ünvanladığı və həmin idarədə xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmış ərizədən görünür ki, 1 il müddətinə reklam yayımı üçün icazə istənilmişdir. Bununla da müəyyən edilir ki, ümumiyyətlə protokol tərtib edilməzdən əvvəl, inzibati iş üzrə icraat başlanılmazdan əvvəl MMC-yə hər hansı bir bildiriş göndərilməmiş, nümayəndəsi dəvət edilməmiş, izahatı alınmamış, sübutlar təqdim etməsi üçün şərait yaradılmamışdır. İnzibati iş üzrə icraat çərçivəsində MMC-nin bütün hüquqları pozulmuşdur. Bundan əlavə müəyyən edilir ki, xx.xx.2022-ci il tarixdə protokol tərtib edildikdən sonra xx.xx.2022-ci il tarixdə Bakı Şəhəri Reklam İdarəsi tərəfindən Şəxs MMC-yə ünvanlanmış məktubda yayımlanan reklam üzrə pozuntular barədə xəbərdar edilmişdir. Halbuki qanunvericiliyə əsasən icazəsiz və ya müvafiq haqqı vaxtında ödəmədən reklam yayımı halları müəyyən edildikdə 5 gün ərzində bu barədə yazılı göztəriş verilməliydi. Yəni hər bir halda reklam yayımı barədə pozuntu aşkar edildiyi təqdirdə 5 gün ərzində bu göstəriş verilməlidir. Hazırkı iş üzrə pozuntu aşkar edildikdən nəinki 5 gün ərzində, ümumiyyətlə protokol tərtib edildikdən 10 gün sonra bu barədə MMC-yə bildiriş göndərilmişdir. X6 Məcəlləsinin 428.7.1-ci maddəsinə əsasən açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, MMC-nin təqsirli bilindiyi maddi hüquq norması blanket dispozisiyaya malik olduğundan, məhkəmə İXM-nin 428.7.1-ci maddəsinin spesifik cəhətlərinin təhlil edilməsini zəruri hesab edir. Bununla əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, blanket dispozisiyaya malik inzibati qanununun müddəalarının əlamətlərinin və məzmununun aydınlaşdırılması üçün başqa qanunlara, yaxud da başqa hüquq sahəsinin normativ aktlarına istinad (göndəriş) edilməlidir. Eyni ilə, MMC-yə istinad edilən İXM-nin 428.7.1-ci maddəsində qeyd olunan “açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına”nın nədə ifadə olunduğunu müəyyən etmək üçün müvafiq normativ hüquqi aktların məzmunu, hazırkı halda isə “Reklam haqqında” Azərbaycan Respublikasının 15 may 2015-ci il tarixli 1281-İVQ nömrəli Qanunu və “Açıq məkanda reklam fəaliyyəti ilə bağlı bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017- ci il 19 dekabr tarixli 1743 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi qaydası” nəzərə alınmalıdır. Belə ki, “Açıq məkanda reklam fəaliyyəti ilə bağlı bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi qaydası”nın 3.5-ci bəndinə əsasən müvafiq qurum açıq məkanda icazəsiz, həmçinin müvafiq haqqı vaxtında ödəmədən reklam yayımı hallarını müəyyən etdikdə: 3.5.1. reklam yayıcısı məlum olduğu halda, pozuntu halı təsvir olunmaqla müvafiq akt tərtib edərək onu və bu Qaydanın 2-ci hissəsinə uyğun müvafiq hərəkətlərin 5 gün ərzində yerinə yetirilməsi üçün icrası məcburi olan yazılı göstərişi reklam yayıcısına təqdim etməsi (bu halda reklam yayıcısı reklamın yayımını dərhal dayandırmalıdır); 3.5.2. bu Qaydanın 3.5.1-ci yarımbəndinə uyğun olaraq, yazılı göstərişdə müəyyən edilmiş tələblər vaxtında yerinə yetirilmədikdə və ya reklamın yayımı dərhal dayandırılmadıqda, həmçinin reklam yayıcısını müəyyən etmək mümkün olmadıqda, reklamın yayılmasının dayandırılması üçün zəruri tədbirlər görməsi; 3.6. Açıq məkanda reklam fəaliyyətinə nəzarət çərçivəsində reklam yayıcısının yerləşdiyi ünvanda yoxlama aparılması zərurəti yarandıqda, həmin yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə uyğun həyata keçirilməsi; 3.7. Müvafiq qurum reklamvericilərin, reklam istehsalçılarının, reklam yaradıcılarının, reklam agentlərinin və reklam yayıcılarının hərəkətlərində açıq məkanda reklam üzrə inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görür, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat verməsi göstərilmişdir. Lakin hazırkı iş üzrə inzibati xəta üzrə protokol tərtib edilməmişdən öncə, inzibati xəta haqqında protokol tərtib edən səlahiyyətli orqan tərəfindən həyata keçirilməli olan və müvafiq olaraq barəsində protokol tərtib edilən şəxsə münasibətdə törədilməsi istinad edilən İXM-in 428.7.1-ci maddəsində göndərişlə istinad edilən və hüquqi şəxslər və səlahiyyətli orqan üçün açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi ilə bağlı hüquq və vəzifələrini müəyyən edən “Reklam haqqında” Azərbaycan Respublikasının 15 may 2015-ci il tarixli 1281-İVQ nömrəli Qanunu və “Açıq məkanda reklam fəaliyyəti ilə bağlı bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi qaydası”nın tələblərinə riayət edilməmişdir. Bu tələblərə əməl edilmədən protokol tərtib edilmişdir. Belə ki, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsi tərəfindən yuxarıda qeyd edilən fərmanın 3.5.1-ci maddəsinə əsasən reklam yayıcısı, yəni barəsində protokol tərtib edilmiş MMC məlum olduğu halda, pozuntu halı təsvir olunmaqla müvafiq akt tərtib edərək onu və bu Qaydanın 2-ci hissəsinə uyğun müvafiq hərəkətlərin 5 gün ərzində yerinə yetirilməsi üçün icrası məcburi olan yazılı göstərişi reklam yayıcısına, yəni MMC-yə təqdim etməsinə dair iş materiallarında heç bir sübut mövcud deyil. Bununla da protokol tərtib etmiş səlahiyyətli orqan qanunvericiliyin tələblərini pozmaqla MMC-nin İXM-nin 428.7.1-ci maddəsi ilə təqsirli bilinməsi barədə protokol tərtib etmişdir. Belə vəziyyətdə MMC-nin əməlində protokolda göstərilən inzibati xəta tərkibinin bütün tərkib əlamətləri mövcud olmur. Məhkəmənin bu qənaəti həmçinin İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi həmin Məcəllədən ibarətdir. İXM-nin 1.3-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. İXM-in İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmədə müəyyən edilmiş yuxarıda qeyd edilən işin halları və sadalanan normalara əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə və protokolda təqsirli bilindiyi İXM-in maddəsi üzrə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, protokolda göstərilən İXM-in maddəsi üzrə inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Bu barədə sübutlar kifayət etmir. Şübhələr və ziddiyyətli məqamlar şəxsin xeyrinə həll etməlidir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-3708/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3708/2022
30.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver