Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-371/2024 19.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Yasamal Rayon Məhkəməsinin hakimi Əkbərli Günel Bəkir qızı, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası DİN BDYPİ-si tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və onlara əlavə olunmuş materiala məhkəmənin inzibati binasında işin baxılmağa hazırlanması zamanı baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN BDYPİ-si tərəfindən tərtib edilmiş 09 yanvar 2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 12 yanvar 2024-cü il tarixli 3-13-53/2- 2222/2024 saylı müşayiət məktubu ilə aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Protokoldan görünür ki, Şəxs barəsində EQ seriyalı 15780916 nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında ona tətbiq edilən cəriməni ödəmədiyindən, yəni qərarın qanuni qüvvəyə minməsindən sonra 3 ay müddət ərzində icra etmədiyindən onun tərəfindən İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iş materiallarını işin məhkəmədə baxılmağa hazırlanması zamanı nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Əvvəla məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd olunan maddənin məzmununa görə yalnız həmin Məcəllənin 29-cu fəslində (327-348-ci maddələr) əks olunmuş və 353.2-ci maddədə nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxslər tərəfindən qəbul edilmiş cərimə tənbeh tədbirinin tətbiq edilməsi haqqında qərar qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay ərzində icra edilmədikdə onların əməlində Məcəllənin 529.3-cü maddəsində nəzərdə tutulan xəta yarana bilər. Hazırkı protokoldan isə görünür ki, şəxs tərəfindən onun barəsində İXM-nin 469.3cü maddəsi ilə qəbul edilmiş inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi haqqında qərarı qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay ərzində icra edilməməsinə görə İXM-nin 529.3-cü maddəsilə xətanın törədilməsi ilə bağlı tərtib edilmişdir. Halbuki, İXMnin 469.3-cü maddəsi Məcəllənin 36-cı fəslində, yəni “Vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan” inzibati xətalar kateqoriyasında təsnifləşdirilmişdir. Dolayısı ilə qeyd olunan xəta ilə bağlı İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibinin yaranması mümkün deyildir. Bundan əlavə, iş materiallarına əlavə edilmiş “AsanPay” ödəniş sistemi üzrə çıxarışdan görünür ki, Şəxs barəsində qəbul edilmiş Azərbaycan Respublikası İXM-nin 469.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair qəbul edilmiş 18 iyul 2023-cü il tarixli EQ seriyalı 15780916 nömrəli qərarla təyin edilən cərimə tam şəkildə ödənilmişdir. Qeyd olunur ki, Azərbaycan Respublikası İXM-nin 106.0.4-cü maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin icraatını rədd edən halların mövcud olub-olmadığını həll etməlidir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən şəxsin əməlindəninzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə tərtib edilmiş protokol üzrə inzibati xəta haqqında iş üzrə icraatın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs əməlində İXM-nin 529.3-cü maddənin tərkib əlaməti olmadığından onun barəsində Azərbaycan Respublikası DİN BDYPİ-si tərəfindən tərtib edilmiş 09 yanvar 2024-cü il tarixli İXP seriyalı ******* nömrəli protokol əsasında başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 529.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN BDYPİ-si tərəfindən tərtib edilmiş 09 yanvar 2024-cü il tarixli İXP seriyalı ******* nömrəli protokol üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-371/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-371/2024
19.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver